Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-19/2024 18.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdeh3 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat pul vəsaitinin və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 37.304 manat pul vəsaiti, ödənilmiş 210 manat dövlət rüsumu və vəkil xidmətinə görə ödənilmiş 500 manat olmaqla, cəmi 38.014 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Ağ Şəhər "xxxx" MTK tərəfindən inşa edilən Mərkəzi Park kvartalı Plot BE-008, 009, 010 ərazisində yerləşən binadan sahəsi 143,11 m2 olan 25 nömrəli, 3 otaqlı mənzili 28 sentyabr 2018-ci il tarixli 25 saylı müqavilə əsasında almışdır. Sözügedən mənzilin təmir edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həvalə edilmişdir. Mənzilin təmir edilməsi üçün İddiaçı tərəfindən 2020-2021-ci illər ərzində müxtəlif vaxtlarda qaynı İlham Əfəndiyev vasitəsi ilə ümumilikdə 160.000 manat vəsait göndərilmişdir. Görülən təmir işlərinin uzanması ilə əlaqədar olaraq İddiaçı cavabdehlərin gördüyü işi yoxlamaq məqsədi ilə Azərbaycana gəlmişdir. Məlumat üçün qeyd edir ki, İddiaçı Hollandiya Krallığında yaşayır. Təmir işlərini yoxlayarkən, təmirin və mətbəx mebelinin onun istədiyi keyfiyyətdə və ödədiyi məbləğə uyğun olmadığını müəyyən etmişdir. Bu barədə cavabdehlərdən maraqlandıqda, sonuncular iddiaçıdan 20.000 manat əlavə pul tələb etmişlər. Yuxarıda qeyd olunan hallardan sonra iddiaçı tərəfindən mal-material alınan şirkətlərdən tikinti materiallarının satış qiymətləri öyrənildikdə, qaimələrdə şişirdilmiş qiymətlərin yazıldığını, qaimələrdə qeyd olunan malların cavabdehlərə satılmadığı aşkar edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-yə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Aparılmış araşdırma nəticəsində həqiqətən cavabdehlərin müxtəlif vaxtlarda İddiaçı tərəfindən onlara ümumilikdə 160.000 manat vəsaitin göndərildiyini, daha sonra həmin məbləğdən 5.000 manat vəsaitin İddiaçı geri qaytardıqlarını izahatlarında bildirmişlər. Xətai RPİ-nin 16 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd olunur ki, təmir aparılmış 25 nömrəli mənzildə təmir işlərinin və mebellərin dəyərini müəyyən etmək üçün məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspertizanın 15 noyabr 2021-ci il tarixli 513/514 saylı rəyindən müəyyən olunur ki, sözügedən mənzildə aparılmış təmir natamam olmuş və təmir işləri zamanı sərf olunan işlərin ümumi dəyəri 124.834 manat təşkil etmişdir. Həmçinin, iddiaçı tərəfindən mənzildə görülən təmir işlərinin və quraşdırılan mebellərin real dəyərini müəyyən etmək üçün daha bir müstəqil ekspertiza mərkəzinə – «X2» MMCyə müraciət edilmişdir. Həmin ekspertiza mərkəzinin təqdim etdiyi 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyində sözügedən mənzilin təmirinə sərf olunmuş vəsaitin həcmi (xidmət haqqı və materiallar daxil olmaqla), təmir işlərinin aparıldığı dövrdə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq təqribən 117.696 manat müəyyən edilmişdir. Eyni zamanda, rəydə mətbəx və yataq otaqlarında quraşdırılmış mebel dəstlərinin üst səthlərində rəng seçilməsi, döşəmədəki parket təbəqələrinin birləşmə hissələrinin bəzi yerlərdə keyfiyyətsiz aparılması qeyd olunmuşdur. Qeyd olunan məqamlardan görünür ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmuşdur. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı nünayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə etdi, İddiaçı izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 2020ci ilin təxminən mart ayında tanışı Bəxtiyar оna bildirmişdir ki, qohumu Elman həkim Hollandiyada yaşayır, Ağ şəhərdə evi var, təmirinə kömək lazımdır. Bəxtiyar ondan materialın alınması və ustaların tapılmasına, eləcə də işçilərə və materiala nəzarət etməkdə köməklik etməsini xahiş etmiş, bunun müqabilində оna 3.600 manat maaş təklif etmişdir. 2021-ci ilin təxminən fevral ayında Bəxtiyar оna veriləcək maaşla əlaqədar ev sahibinin narazı olduğu barədə məlumat vermiş, о da əziyyətinin müqabili olaraq məcbur olub, seçilmiş “tikkurila” əvəzinə “betek” emusiyasını almış və oradan 1.800 manat artıq pulu özünə götürmüş, həmçinin parket üçün nəzərdə tutulmuş kleyin qiymətini 270 manat artıq qeyd etmiş, ümumilikdə 2.070 manat artıq pul yazaraq özünə götürmüşdür. Bəxtiyar оna 1.600 manat maaş kimi işlərə nəzarət etmək üçün, matariallara və usta pulu kimi isə 36.609 manat vermişdir. Ümumilikdə Bəxtiyar ona təmir üçün 38.209 manat pul vermişdir. О isə ümumi təmirə 40.826 manat xərcləmiş, həmin məbləğdən 4.217 manat qalıq borcunu Bəxtiyar verəcəyini bildirmiş, lakin sonradan mübahisələr olduğu üçün оnun əlavə xərclədiyi pul verilməmişdir. О evin təmir zamanı yuxarıda qeyd etdiyindən əlavə heç bir məbləğ götürməmişdir. Bu barədə polisdə təhqiqat aparılanda da ətraflı izahat vermişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı onun atasının dayısı oğludur. Hollandiyada yaşayır və Bakı şəhərinə gələrkən işi olduğunda onunla görüşür. 2020-ci ilin fevral ayında Elman bildirmişdir ki, aldığı evi təmir etdirmək istəyir və ona bu işdə köməklik etməyi ondan xahiş etmişdir. Bildirmişdir ki, mağazaları birlikdə gəzib material və avadanlıqlara baxmaq istəyir. Onun vaxtı olmadığından o, oğlu Bəxtiyarı Elmana qoşmuşdur. Daha sonra Elman ona zəng edərək xahiş etmişdir ki, oğlu Bəxtiyar Təmir işlərində ona yardımçı olsun. Bəxtiyar təmənnasız köməklik göstərməyə razılıq vermişdir. Bundan sonra təmir aparılan mənzilə getməmiş və aparılan işlərlə maraqlanmamışdır. 2021-ci ilin may ayında Elman ona bildirmişdir ki, aldığı məlumata əsasən təmir olunan mənzilə cəmi 90.000 manat pul xərclənə bilər, verdiyi əlavə 80.000 manat pul mənimsənilib və həmin məbləğin ondan qaytarılmasını tələb etmişdir. O Elmana bildirmişdir ki, təmirlə əlaqədar heç bir məbləğdə pul almayıb və qaytarası pulu yoxdur. O Elmandan təmir işlərinə sərf olunan vəsait almamış və təmir prosesində iştirak etməmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, hazırki işlə bağlı polisdə təhqiqat aparılmışdır və təhqiqat zamanı ətraflı izahat vermişdir. Mənzildə təmir işləri, layihələndirmə, mal-materialların seçilməsi, ödənişlər və s. barədə təhqiqat materiallarında izahatı vardır. Elman оnа ümumilikdə (hissə-hissə lazım olduqca) 160.000 manat pul vermiş, qaynı İlham vasitəsi ilə həmin puldan 5.100 manatı Elmana qaytarmışdır ki, 8.000 manat mebelə və 6.800 manat qranitə olan qalıq borcunu özü ödəsin. Lakin hal-hazıra kimi Elman həmin borcları bağlamamış, həmin şəxslərə sifarişi özü verdiyi üçün sonuncular borclarını оndаn tələb etmişlər. О, təmir müddətində heç bir mənimsəməyə yol verməmişdir. Qiymətlərdə оnun tərəfindən şişirtmələr olmamışdır. Verilən məbləğdən 37.900 manatı təmirə xərclənməsi üçün hissə-hissə Vüqar adlı ustaya vermişdir. Vüqarın həmin təmir işlərində qiymətlərin süni şəkildə artırma edib etməməsi barədə heç bir məlumatı yoxdur. Həmçinin 8.293 manat tikintiyə aid olmayan digər xərclərə Elmanın razılığı ilə istifadə olunmuşdur. Həmin xərclərin siyahısı qeydə alınmışdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etmədi, Cavabdeh3 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, rəy vermiş eksperti dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli, 25 saylı müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu Ağ Şəhər Babək Rayonunda inşa edilən 7 mərtəbəli 9 girişli binada yerləşən mənzili (ərazi BE-008, BE-009, BE-010, blok 2, mərtəbə 6, sahəsi 143,11 m2 olan 25 nömrəli 3 otaqlı) "xxxx" MTK-dan almışdır. İş materiallarına əlavə olunmuş Xətai RPİ TŞ-nin baş təhqiqatçısı, polis polkovnikleytenantı T.X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 noyabr 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işi başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan görünür ki, iddiaçı cavabdehlərin ona ödəməli olduqları puldan 5.000 manat hissəsini qaytardıqlarını bildirmişdir. İş materiallarına əlavə olunmuş «X2» MMC-nin 31 yanvar 2022-ci il tarixli 04 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə sərf olunmuş vəsaitin həcmi (xidmət haqqı və materiallar daxil olmuqla), təmir işlərinin aparıldığı dövrdə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 117.696 manat məbləğində müəyyən edilir (birinci sual üzrə). 25 nömrəli mənzilin mətbəx və yataq otaqlarında quraşdırılmış mebel dəstlərinin üst səthlərində rəng seçilməsi, döşəmədəki parket təbəqələrinin birləşmə hissələrinin bəzi yerlərdə keyfiyyətsiz aparılması müşahidə olunmuşdur. Rəyə fotoşəkillər əlavə olunmuşdur (ikinci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 10/3948 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 117.696 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilir (birinci sual üzrə). Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilinə baxış keçirilən zaman, təmirdə istifadə olunmuş materiallarda qüsurun olmadığı müəyyən edilmişdir (ikinci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasına dəvət edilmiş ekspert Elmar Səidov bildirdi ki, qərardadda qoyulmuş birinci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq, təqribən 117.696 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. İkinci sual üzrə Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilinə baxış keçirilən zaman, təmirdə istifadə olunmuş materiallarda qüsurun olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert Elmar Səidov mühəndis-texniki ekspertiza sahəsi üzrə sualı cavablandırmalı olsa da, əmtəəşünasın cavab verməli sual üzrə də hesablama aparmış, səlahiyyətinə aid olmayan sualı cavablandırmışdır. Məhz bu səbəbdən, məhkəmə tərəfindən iş üzrə yenidən ekspertiza təyin edilməsi zərurəti yaranmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2024-cü il tarixli 10/7810; 9/7836 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə 2020-ci ilin may – 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 42.499 manat müəyyən olunur. Müəyyən edilmiş qiymətlər ayrıayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd edilir ki, təqdim edilmiş mallar sifariş əsasında hazırlandığından müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Mətbəxdə sobanın yanında mərmərdə 2 hissədə çat var. Həmçinin üzbəüz 4x2,80 metr ölçüdə mebelin mərmər hissəsində 60 sm ölçüdə çat var. İddiaçının nümayəndəsi həmin mərmərlərin əvvəlcədən çat olduğunu və mətbəx mebelində plintusun və hər iki küncdən 2 ədəd mərmərin (plintus və 2 ədəd mərmər) sonradan iddiaçı tərəfindən alınaraq quraşdırıldığını bildirdi. Bakı şəhəri Xətai rayonu Ağ şəhər "xxxx" MTK tərəfindən inşa olunmuş 7 mərtəbəli 9 girişli binanın Mərkəzi Park kvartalı Plot BE 008, 009, 010 ünvanda yerləşən, 28 sentyabr 2018-ci il tarixli 31 saylı müqaviləyə əsasən ümumi sahəsi 143,11 m2 olan 25 nömrəli mənzilin təmirinə (2020-ci ilin may ayından 2021-ci ilin mart ayınadək) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq sərf olunmuş vəsaitin ümumi məbləği 118.479 manat 30 qəpik məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Cavabdeh2 mənzilini təmir etdirmək istəyən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə tanış etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin mənzili iddiaçının zövq və tələblərinə uyğun şəkildə təmir və avadanlıqla (mebellə) təchiz etməyi öhdələrinə götürmüş, onlara həvalə edilən işlərin görülməsi üçün 160.000 manat pul vəsaitinə ehtiyac olduğunu bildirmiş, iddiaçı mənzilin təmir edilməsi üçün öz yaxını vasitəsi ilə 160.000 manat pul vəsaiti göndərmiş, həmin pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 təqdim olunmuş, sonuncular mənzildə cəmi 118.479 manat 30 qəpik dəyərində iş görmüş, qalan pul vəsaitini isə özlərində saxlayaraq əsassız varlanmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin pul vəsaitinin yalnız 5.000 manatını iddiaçıya qaytarmış və iddiaçıya münasibətdə 36.520 manat 70 qəpik (160.000 manat – 118.479 manat 30 qəpik – 5.000 manat = 36.520 manat 70 qəpik) həddində əsassız varlanmaya yol vermişlər. Bundan başqa, görülən işlərin bir qismi qüsurla görülmüşdür. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 210 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 36.520 manat 70 qəpik pul vəsaiti, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 199 manat 56 qəpik hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış tədqiqatın dəyəri olan 270 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı vəkil xidmətinə görə 500 manat pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etsə də, vəkillə (vəkil qurumu ilə) bağlanmalı olan müqaviləni, eləcə də, ödəniş qəbzini (sənədini) məhkəməyə təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən xərclərin qiymətləndirilməsi üçün zəruri olan sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 36.520 manat 70 qəpik pul vəsaiti, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 199 manat 56 qəpik hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Aparılmış tədqiqatın dəyəri olan 270 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-19/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-19/2024
18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver