Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1911/2024 22.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-261 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun cavabdehlə heç vaxt nə şəxsi, nə də işgüzar tanışlığı, münasibəti, hətta ünsiyyəti olmamışdır. Cavabdehi təsadüfən Bakı şəhəri Yasamal RPİ İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə 2023-cü ildə tanımışdır. Belə ki, onun qaynı Anar Xəlilov barəsində bir neçə cinayət işi olmuşdur. İlk ittiham aktı xx.xx.2023-cü ildə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli növbəti ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir, hazırda icraatdadır. Bundan əlavə, Yasamal RPİ İŞ-də Anar Xəlilovun barəsində iki iş üzrə də istintaq gedir. 2023-cü ilin avqust-oktyabr aylarında ibtidai istintaq zamanı Anar Xəlilov həbsdə olmuş və onun həbsdən ev dustaqlığına çıxarılması üçün müstəntiq zərərçəkmişlərlə barışıq əldə edilməsini, yəni zərərlərinin ödənilməsini tövsiyə etmişdir. A.Xəlilov həbsdə olduğundan, habelə qayınatası Tapdıq Xəlilovun ağır xəstəliyindən dolayı, o, qaynatasının xahişi ilə borca, sələmə pul götürərək dəymiş ziyanı ödəməyə çalışmışdır. Həmçinin, güman etmişdir ki, Anar həbsdən çıxarsa, öz əmlaklarını sataraq onun pulunu qaytaracaqdır. Həmin cinayət işi üzrə ən çox zərərə düşdüyünü iddia edən Cavabdeh idi, ona dəymiş ziyanın məbləği təqribən 83000 manatdı. Cavabdeh ibtidai istintaq dövründə ən çox şikayət edən şəxs olduğuna görə onu təcili razı salmaq üçün danışıqlar aparmış, cavabdeh ona 50000 manat verilərsə, şikayətini geri götürəcəyini bildirmişdir. O, böyük miqdarda, təqribən 20000 manat sələmə borc götürmək məcburiyyətində qalmış, cəmi 25000 manat pulla cavabdehlə görüşmüş, cavabdeh 25000 manatı qəbul etməyə hazır olduğunu, qalan 25000 manat pulun isə qısa müddətə ödənilməsini tələb etmişdir. Onlar notariat ofisinə gedərək cavabdehlə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlamışlar. Həmin vaxt 24800 manat (200 manat notarial xərclərə çıxılmışdır) pulu da onun özü depozitə mədaxil etmiş və eyni pulu götürərək cavabdehə vermişdir. Həmin vaxt cavabdeh tərəfindən ona heç bir məbləğdə pul ödənilməmiş, kredit müqaviləsi tamamilə görünüş üçün bağlanmışdır. Lakin daha sonra cavabdeh şikayətlərini davam etdirmiş, Anar Xəlilovun ev dustaqlığına buraxılması mümkün olmamış, cavabdehin etdiyi təzyiqlər nəticəsində ona əlavə 5000 manat ödənilmiş, yəni cavabdehə ümumilikdə 29800 manat pul verilmişdir. Bundan əlavə, qaynatası avtomobilini cavabdehə verməyi təklif etmiş, onunla barışığa cəhd etmiş, lakin cavabdeh razılaşmayaraq şikayətlərini davam etdirmiş və qaynı Anarın işini daha da çətinləşdirmişdir. Xülasə, bildirmək istəyir ki, o, yaxın qohum kimi ağır və çıxılmaz vəziyyətdə qalaraq qohumuna kömək etmək üçün borca girib cavabdehə pul vermiş, ondan heç bir məbləğdə pul almadığı halda, aralarında formal şəkildə kredit müqaviləsi bağlanmışdır. Belə ki, aralarında heç zaman borc münasibəti olmamışdır. Cavabdeh isə həm Anar Xəlilovun cinayət işi üzrə ziyanını tam şəkildə tələb etməkdədir, həm də ondan etibarsız müqavilə üzrə pul almaq istəyir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçının qaynı Anar Xəlilov tərəfindən dələduzluq yolu ilə ona və ailə üzvlərinə böyük məbləğdə ziyan vurulmuşdur, ittiham aktına əsasən dəymiş ziyan 85045 manat təşkil edir. O, həqiqətən iddiaçını istintaq mərhələsində tanımışdır. O, ziyanın Anar Xəlilov tərəfindən vurulduğunu, iddiaçıya qarışmamasını bildirsə də, iddiaçı təkidlə onunla razılığa gəlməyə çalışmışdır. Həmin dövrdə razılaşmışlar ki, ümumilikdə ona 50000 manat ödənəcəkdir. İddiaçı 25000 manat pulla gəlmiş, onlar birlikdə notariat ofisinə getmişlər, orada 200 manat notarial xərclər çıxıldıqdan sonra 24800 manata dair kredit müqaviləsi bağlamışlar. Həmin vaxt onun tərəfindən iddiaçıya hər hansı məbləğdə pul verilməmişdir. Əksinə müqavilə bağlandıqdan sonra iddiaçı 24800 manatı ona vermişdir. Qalan 25000 pulun bir həftə, on gün ərzində ödənəcəyi bildirilmişdir, bu məqsədlə də sənəd üzərində razılığa gəlmişlər. O, 24800 manatı aldıqdan sonra istintaqa ərizə vermişdir. Lakin qalan pulun vaxtında verilmədiyini görüb, haqlı olaraq şikayətlərini davam etdirmişdir. Bundan sonra, polis əməkdaşlarının vasitəsilə ona əlavə olaraq 5000 manat da pul verilmişdir. Beləliklə, faktiki olaraq ona dəymiş ziyana görə indiyə kimi 29800 manat pul ödənilmişdir. Bundan əlavə, Anarın atası təqribən 10 min manat dəyərində avtomobilini ona 16 min manat pulun əvəzinə vermək istəmiş, ona görə də avtomobillə bağlı razılığa gələ bilməmişlər. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Xəlilovun cinayət işi üzrə məhkəmə baxışı davam edir, həmin cinayət işi üzrə ona dəymiş ziyanın təqribən 55 min manatı ödənilməmiş qalmaqdadır, ona görə də, həmin cinayət işi üzrə ona dəymiş ziyanın Anar Xəlilov tərəfindən tam ödənilməsini tələb etməkdədir. Eyni zamanda, iddiaçı ilə aralarında notarial müqavilə olduğundan, hesab edir ki, müqavilə üzrə məbləğ iddiaçıdan tutulmalıdır, bu məqsədlə icra qeydinin verilməsini tələb etmişdir. Belə ki, cinayət işi üzrə ziyanın tam ödənilmədiyini görüb, iddiaçı ilə arasında bağlanmış müqaviləni təminat kimi görmüş, dəymiş ziyanın bir hissəsini iddiaçıdan almağa çalışmışdır. Ona görə də iddia ərizəsinə münasibətdə hesab edir ki, kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Cavabdeh onun kürəkənidir. Anar Xəlilov adlı şəxs tərəfindən onlara 83800 manat ziyan vurulub, həmin pulun böyük hissəsi ona məxsusdur. İddiaçı Natiq onlara gəlib yeznəsi Anarın vurduğu ziyanı ödəmək istəyirdi. İddiaçı ilə cavabdeh arasında razılaşmaya əsasən, iddiaçı Anar Xəlilovun həbsdən çıxarılması üçün vurulan ziyana görə 50000 manat pul ödəməli idi. İddiaçı cavabdehə cəmi 24800 manat pul vermişdir, 24800 manata dair isə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır, razılaşmaya əsasən qalan pul 10 gün ərzində ödənməli idi, lakin ödənmədi. Ona görə də cavabdeh şikayət etməyə davam etdi. Bundan sonra Yasamal RPİ İstintaq şöbəsində polis əməkdaşları vasitəsilə onlara 5000 manat pul ödənildi. Bundan başqa dəymiş ziyan üzrə ödəniş edilməyib. Məhkəmə, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı notariusun bankda açılan depozit hesabı vasitəsilə 24800 manat məbləğində borc pul vermiş, İddiaçı həmin borcu 29 fevral 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İstintaq şöbəsinin müstəntiqi Hənifə Bayramzadənin xidməti otağında təqsirləndirilən şəxs X4 qohumu tərəfindən Cavabdeh dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İstintaq şöbəsinin müstəntiqi Hənifə Bayramzadəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, təqsirləndirilən şəxs Anar Xəlilov tərəfindən dələduzluq yolu ilə onun və ailə üzvlərinin pulu ələ keçirilmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən Anar Xəlilovdan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, yazdığı ərizənin zərərcəkmiş qismində tanındığı cinayət işi üzrə nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Yasamal RPİ İstintaq şöbəsinin əməkdaşlarının köməyi ilə X7 tərəfindən Cavabdeh vurulmuş ümumilikdə 53055 manat məbləğində maddi ziyanın ödənilməmiş 28055 manat hissəsindən 5000 manat Cavabdeh ödətdirilmişdir. İstintaqın gedişinə etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsində olan məlumata əsasən, Cavabdeh ünvan 2 ünvanında məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 292.1-ci maddəsinə əsasən ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin ittiham aktının surətindən görünür ki, X7 zərərçəkmiş şəxs X3 məxsus ümumilikdə 65445 manat, zərərçəkmiş şəxs Cavabdeh Fərhad oğluna məxsus ümumilikdə 19600 manat olmaqla, cəmi 85045 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə arayışdan görünür ki, X7 xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi ziyan 97845 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən 29800 manat maddi ziyan ödənilmişdir. Xüsusi müsadirə olunası təklif edilən əmlak yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPMnin 292.1-ci maddəsinə əsasən ittiham aktı ilə birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “JEEP PATRİOT” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İX № 005211 saylı xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X8 xüsusi mülkiyyətində olan “JEEP PATRİOT” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqsliyyat vasitəsi ilə bağlı xx.xx.2024-cü il tarixədək Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-497/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri 12 saylı notariat kontorunun 8İ-1266 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin təmin olunması məqsədilə borclu İddiaçı mülkiyyətində olan “X13 İİ” minik markalı, **-GG-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Həmin qərardad icra olunması üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına, şahidin ifadəsinə, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanarkən cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə borc verilməmiş, həmin müqavilə tərəflərin həqiqi iradəsinə və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçı həmin müqaviləni ziyan vuran şəxsin adından deyil, öz adından bağlamış, sonradan icra qeydinə əsasən icra hərəkətlərinə məruz qalmışdır. Cavabdeh isə ittiham aktına əsasən cəmi 29800 manat hissəsi ödənilmiş, ümumi məbləği 85045 manat təşkil edən maddi ziyanın ödənilməmiş qalan hissəsini təqsirləndirilən şəxs Anar Xəlilovdan tələb etmək hüququna malik olduğu halda, tərəflər arasında formal olaraq bağlanmış kredit müqaviləsinin etibarlı hesab edilməklə həmin müqavilə üzrə pulun iddiaçıdan tutulmasını tələb etməkdədir. Beləliklə, məhkəmə müəyyən edir ki, qeyd olunan əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan tərəflər arasında yalnız görünüş üçün bağlanmış uydurma əqd olduğundan əhəmiyyətsizdir. Belə ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Beləliklə, mülki iş üzrə sübutlara və məhkəmə iclasında müəyyən edilən hallara əsasən, məhkəmə hesab edir ki, əqdin etibarsızlığı barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Qərarda həmçinin qeyd olunur ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-261 nömrəsi ilə qeyd edilmiş 30 avqust 2023-cü il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1911/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1911/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver