Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1920/2022 10.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X7, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 19000 (on doqquz min) manat əsas borcun, 2850 (iki min səkkiz yüz əlli) manat faiz borcunun, cəmi 21850 (iyirmi bir min səkkiz yüz əlli) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X11 izahat verərək bildirdi ki, cavabdehlər ana-baladır. Onların xahişinə əsasən iddiaçı 2019-cu ilin müxtəlif tarixlərində onlara 19000 (on doquz min) manat borc pul vermişdir. Pulu qısa müddətdə qaytaracaqlarına söz versələr də, indiyə kimi qaytarmamışlar. Cavabdehlər pulu qaytarmadığından iddiaçı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə ərizə ilə müraciətlər etmişdir. Həmin ərizələr araşdırılması üçün Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə göndərilmiş, müvafiq qaydada araşdırma aparılmış, cavabdehlər həmin pulu başqa şəxsə verdiklərini bəhanə gətirməklə pulu qaytarmaqdan yayınmışlar. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsi cavabdehlərin əməlində dələduzluq cinayətinin tərkibinin olmadığını əsas gətirməklə 14 fevral 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bundan əlavə, 19000 manatın bir illik gecikməyə görə beş faizi 950 manat, üç illik faizi isə 2850 (950x3=2850) manat təşkil edir. Belə olan halda, cavabdehlərin iddiaçıya olan borcu gecikmə faizi ilə birlikdə 21850 manat təşkil edir. Bu səbəbdən iddiaçı həmin məbləğdə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı digər cavabdeh olan oğlu Atəşin tanışıdır və faizə pul verməklə məşğul olur. Oğlu Atəş ilə birlikdə 2019-cu ilin may ayında ondan 5 min manat pulu 10 faizlə qaytarmaq şərti ilə almışlar. Daha sonra oğlu hərbi xidmətə yollanmış, 2019-cu ilin iyul ayında isə özü iddiaçıdan daha 5 min manat pulu 10 faizlə almışdır. Əsas borcunu və faizlərini vaxtında, artıqlaması ilə iddiaçıya ödəmişdir. Belə ki, 10 min manat borca görə iddiaçıya faizlə bərabər 23 min manata yaxın pul ödəmişdir. Onda ödənişlərini qeyd etdiyi kitabça mövcuddur və o, kitabçada ödənişləri qeyd etmişdir. 2019-cu ilin noyabr ayında tanışı olan Balaxanım adlı şəxs üçün 5 min manat pulu 10 faizlə almış, daha sonra həmin şəxs üçün iddiaçıdan yenidən 2 min manat bir vaxtda, 2 min manat isə başqa vaxtda pul almış, bu məbləğləri iddiaçının razılığı ilə Balaxanıma vermişdir. Sonradan pandemiya dövründə sonuncu tərəfindən ödənişlərdə gecikmələr olmuş, Balaxanım adlı şəxsin borcu 14500 manata çatmışdır. Bu barədə onların iştirakı ilə iddiaçı və Balaxanım öz aralarında yazılı qəbz yazmaqla bunu təsdiq etmək barədə razılaşmışlar. Həmin vaxtda Balaxanımın cavabdehlərə də 3 min manat borcu olmuş, iddiaçı bundan xəbər tutmuş və guya onların iddiaçıya 3 min manat borcu qaldığını və həmin borcun da ona ödənilməli olduğunu iddia etmişdir. Bu zaman aralarında mübahisə yaranmış, iddiaçı onların işinə qarışmamasını, Balaxanımdan qəbz alaraq həmin 3 min manatın əlavə olunmaqla 17500 manat pulun birbaşa ona ödəniləcəyini, Balaxanımı narahat etməməsini, onunla probleminin olmadığını bildirmişdir. Bir daha bildirir ki, onun iddiaçıya hər hansı borcu qalmamışdır. İzahatında göstərdiyi bütün hallar polis bölməsində araşdırma aparılan zaman təsdiq olunmuş, 17500 manata dair qəbz də polisə təqdim edilmişdir. İddiaçı hazırda tamamilə əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı digər Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, Cavabdeh2 oğlu, digər Cavabdeh1 qardaşıdır. İddiaçının yaxın qohumu ilə dost olmuş, tərəfləri o, tanış etmişdir. Qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər özləri üçün götürdüyü pulu faizi ilə birlikdə tam ödəmişlər. İddiaçının razılığı ilə Balaxanım adlı şəxsə verilən doqquz min borc faizi ilə birlikdə 14500 manata çatanda, həm iddiaçının ailəsi, həm onların ailəsi, həm də Balaxanım bir yerə yığışaraq razılaşmışlar ki, 14500 manata dair Balaxanım iddiaçıya qəbz verəcək və bununla borc məsələsi tam yekunlaşacaq. İddiaçı da, Balaxanım da buna razı olmuşlar. Həmin vaxtda Balaxanımın cavabdehlərə də 3 min manat borcu olmuş, iddiaçı bundan xəbər tutmuş və guya onların iddiaçıya 3 min manat borcu qaldığını və həmin borcun da ona ödənilməli olduğunu iddia etmişdir. Bu zaman aralarında mübahisə yaranmış, iddiaçı onların işinə qarışmamasını, Balaxanımdan qəbz alaraq həmin 3 min manatın əlavə olunmaqla 17500 manat pulun birbaşa ona ödəniləcəyini, Balaxanımı narahat etməmələrini, onlarla probleminin qalmadığını bildirmişdir. Həmin dövrdə iddiaçı həqiqətən Balaxanımdan 17500 manat borca dair qəbz almışdır. Həmin qəbzin surəti polis bölməsində araşdırma materialına əlavə edilmişdir. Məhkəmə, izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin təhqiqatçısı X9 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, araşdırma zamanı izahatı alınmış X5 öz izahatında bildirmişdir ki, Musayev X6 ona əlavə verəcəyinin olduğunu bildirərək ona təklif edib ki, gəl 17500 manat borclu olmağınla bağlı müqavilə bağlayaq, o da məcbur olub razılaşıb. İş materiallarında olan İddiaçı AR Daxili İşlər Nazirliyinə, AR Baş Prokurorluğuna ünvanladığı şikayət ərizəsinin surətindən görünür ki, o, Atəş adlı şəxsə 2019-cu ildə müxtəlif vaxtlarda 14000 (on dörd min) manat pul vermiş və belə razılaşmışlar ki, Atəş həmin pulla alver edib hər 100 manata 9 manat pul verəcəkdir. İlk əvvəl Atəşə 5000 manat pul vermiş, Atəş isə 2019-cu ilin iyun ayında ona 450 manat pul ödəmiş, sonradan həmin ilin sentyabr ayında Atəşə əlavə 4000 manat vermişdir. Təkrar dekabr ayında Atəş iddiaçıdan əlavə olaraq 5000 manat pul istəyərək ticarəti genişləndirmək istədiyini bildirdiyi üçün o, inanaraq 5000 (beş min) manat məbləğində pul vermiş, dekabr ayına kimi ona cəmi 900 manat pul qaytarılmışdır. Sonradan iki ay 1260 manat pul ödənilmişdir. Bu pulları Cavabdeh2 ödəmişdir. Daha sonra pandemiya olduğunu bəhanə edərək heç bir ödəmə aparılmadığı üçün o, 10-cu PB-nə ərizə ilə müraciət etmişdir. Şikayət ərizəsi 10-cu PB-də düzgün araşdırılmamışdır. İş materiallarında olan İddiaçı 10-cu Polis Bölməsində verdiyi izahatının surətindən görünür ki, o, 2019-cu ilin may ayından Tahirə adlı xanıma ayrı-ayrı vaxtlarda 19000 manat borc pul vermişdir. Həmçinin qeyd olunmuşdur ki, Tahirə aldığı pulun 5 min manatını Xanım adlı şəxsə verdiyini bildirmişdir. Xanım adlı şəxs Tahirədən aldığı 5 min manat pulun onun olmasını bilir. Tahirə həmin puldan 4200 manat qaytarsa da, yerdə qalan 14800 manat pulu geri qaytarmaqdan imtina edir. İş materiallarında olan Cavabdeh2 Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı uzun müddətdir tanıyır, aralarında uzun müddət dostluq münasibətləri olmuşdur. İddiaçı təxminən 2019-cu ilin ortaları ona bildirmişdir ki, “əlimdə 5000 manat pul var, gəl bu pulu sənə verim, sən bazar ərazisində olan tanışlarına faizə ver, sən də dolan, mən də dolanım”. O, Bəxtiyarın bu təklifinə razılıq verərək ondan 2019-cu ildə 5000 manat pul almış, sonralar həmin pulu aylıq 450 manat olmaqla faiz şəklində ana məbləğ yerində qalmaqla ödəmişdir, təxminən İddiaçı 1 ay 450 manat faiz ödədikdən sonra İddiaçı ona əlavə 5000 manat pul vermişdir ki, bu pulu da faizə verək, o, Bəxtiyarın bu təklifi ilə də razılaşmış və İddiaçı onda 10000 manat pulu olmuşdur. O, hər ay 900 manat olmaqla 2020-ci ilin mart ayına kimi 11 ay ərzində İddiaçı 9900 manat faiz borcu ödəmişdir. Ona sonradan İddiaçı xırda xırda 8000 manata yaxın pul vermişdir. İddiaçı 16500 manata yaxın pul ödəmiş, İddiaçı ona verdiyi 18000 manat pulun 14500 manat ana məbləğini o, bazar ərazisində olan Balaxanım adlı şəxsə vermiş, ana məbləğdən qalan 3500 manat hissəni isə İddiaçı özü ödəmişdir. İş materiallarında olan Cavabdeh1 Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində verdiyi izahatın surətindən görünür ki, o, həmin izahatında Bəxtiyarın onlara verdiyi pulun 14500 manatını Balaxanıma verdiklərini, Balaxanımla Bəxtiyarı qarşılaşdırdığını və onların həmin məbləğlə razı olduğunu, sonradan Bəxtiyarın həmin qadından 17500 manata dair qəbz aldığını öyrəndiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, X5 tərəfindən imzalanmış borca görə razılaşma müqaviləsinin surətindən görünür ki, X1 Bəxtiyar Həbib oğlundan 2019-cu ilin may ayında 17500 manat məbləğində pulu Cavabdeh2 vasitəsilə borc almışdır və həmin borcu qaytarmağa söz vermişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən təqdim edilmiş yazılı qeydlərin surətindən görünür ki, Bəxtiyara 13 may 2019-cu ildə 5000 manat, iyun-mart ayları üzrə hər ay 450 manat, habelə digər tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər barədə Cavabdeh2 tərəfindən yazılı qeydlər aparılmışdır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidin ifadəsinə, X2 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunan izahatına, xx.xx.2021-ci il tarixli qəbzə əsasən müəyyən edildi ki, iddiaçı tərəfindən 2019-cu ildə cavabdehlərə 19 min manat məbləğində pul verilmiş, həmin pulun müəyyən hissəsinin X4 verilməsinə dair iddiaçının özünün məlumatı və razılığı olmuş, nəticədə həmin pulun 17,5 min hissəsinin xx.xx.2021-ci il tarixli qəbzə əsasən X3 olduğu təsdiq edilmişdir. Lakin cavabdehlər iddiaçıya olan borcu tam ödədiklərini bildirsələr də, 19000-17500=1500 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, iddia tələbi 1500 manat əsas borcun, habelə həmin məbləğin üç illik gecikməyə görə illik beş faizlə hesablanan faiz borcunun (1500:100x5x3=225 manat) tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Buna baxmayaraq, cavabdehlərə yönələn iddia tələbi qalan hissədə iddiaçının iddia ərizəsində və digər ərizələrində hansı məbləğdə pulun kimə hansı məqsədlə verilməsi barədə izahatlarının fərqliliyi, borcun müəyyən hissəsinin X4 verilməsinə onun razılığı və bu məqsədlə xx.xx.2021-ci il tarixli qəbzi alması, eyni zamanda digər izahatlarda, şahid ifadəsində göstərilən hallar səbəbindən sübuta yetirilmədiyindən əsaslı hesab oluna və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən, əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehlərə, qalan hissədə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1500 manat əsas borc, 225 manat faiz borcu, 12 manat dövlət rüsumu olmaqla, cəmi 1737 (min yeddi yüz otuz yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1920/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1920/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver