Məhkəmə qərarları › İş №2(002)-1930/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1930/2021

02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1930/2021 02.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «cavabdehlərin otlaq sahəsindən çıxarılması, çəpərin və taxta damın sökülməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «cavabdehlərin otlaq sahəsindən çıxarılması və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 onun istifadəsində olan otlaq sahəsindən çıxarılmaları və ona vurduqları ziyana görə 10.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 onun istifadəsində olan otlaq sahəsindən çıxarılmaları, metal tordan çəkilmiş çəpərin, taxta damın sökülməsi və ona vurduqları ziyana görə 10.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və X1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X5 və Emal Birliyi» MMC ilə onun arasında 2020 və 2021-ci il tarixlərdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən onların təsərrüfatına məxsus olan yataq və örüş ərazisindən birgə istifadə edərək Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yerləşən 1356 hektar torpaq sahəsini örüş-otlaq sahəsi kimi heyvandarlığı inkişaf etdirmək üçün ona icarəyə verilmiş, əldə olunan mənfəətdən o, sonunculara cari ildə 500 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin sahəni o, istifadə etməli olduğu halda cavabdehlər özlərinə məxsus heyvanları ona məxsus örüş sahəsinə salaraq orada otarmışlar. Həmçinin ona məxsus sahəni hasara alaraq orada dam qurmuşlar, qışlaq etmək istəyirlər. Özlərinə məxsus heyvanları isə onun sahəsində otarırlar. Dəfələrlə onlara bu hərəkətlərinə son qoyulmasını, cavabdehlərin istifadə etdikləri asfaltla magistral yolun arasına düşməklə ona məxsus sahə olmasını bildirsə də, heç bir məhəl qoymamışlar. Nəticədə ona məxsus sahədə otardıqları heyvanlar onun istifadəsində olan otlaq sahəsinə xeyli ziyan vurmuşlar. Bir il müddətindədir ki, cavabdehlər heyvanlarını ona məxsus otlaq sahəsində otarırlar və ona məxsus otlaq sahəsi yararsız hala düşməklə o, özünə məxsus heyvanların yemlənməsi üçün başqa otlaq sahələrindən yem almalı olmuşdur. Nəticədə cavabdehlər ona 10.000 manat ziyan vurlumşlar. Bundan başqa, cavabdehlər Cavabdeh1 və X4 ona məxsus otlaq sahəsində metal tordan çəpər çəkmiş və taxta dam tikmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X8 məhkəmə iclasındakı çıxışında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, onun vəkilinin çıxışını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, «X5 və Emal Birliyi» MMC ilə İddiaçı arasında 08 yanvar 2021-ci il tarixdə 04BF/21 saylı birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə, «X5 və Emal Birliyi» MMC və İddiaçı təsərrüfata məxsus olan yataq və örüş ərazisindən birgə istifadə edərək heyvandarlıq təsərrüfatını inkişaf etdirmək niyyətində olduqlarını bəyan etmişlər. Müqavilənin 1.2-ci bəndinə əsasən birinci tərəf birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün zəruri olan yataq və örüş ərazisinə (Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yerləşən 1356 hektar torpaq sahəsi təşkil edir. 1000 hektar ot örtüyü olmadığı üçün yararsız hesab edilir) və müvafiq bilik və bacarığa, ikinci tərəf isə birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növünün həyata keçirilməsi üçün xırdabuynuzlu heyvanlara, maddi-texniki bazaya, təşkilati, insan və maliyyə resurslarına malikdir. Həmin müqaviləyə əsasən tərəflər öhdələrinə götürmüşlər ki, birgə fəaliyyətin predmetini təşkil edən fəaliyyət növü ikinci tərəfin təmin etdiyi xırdabuynuzlu heyvanlar, maddi-texniki baza, təşkilati, insan və maliyyə resursları əsasında, birinci tərəfin müvafiq biliyi və bacarığı əsasında və istifadə hüququ ilə malik olduğu örüş-otlaq torpaq sahəsində həyata keçiriləcək. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçıya müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyə imkan vermirlər. Halbuki, onların qeyd olunan otlaq sahəsinə heç bir hüquqları yoxdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayonu Ələt Bələdiyyəsinin 11 iyun 2021-ci il tarixli, 12/30 saylı məktubundan görünür ki, cavabdehlərin adına Ələt qəsəbəsi «Mərişgə» yatağında, Dəmir yolu xətti ilə magistral avtomobil yolu arasında otlaq torpaq sahəsi ayrılmamışdır. Ümumiyyətlə adı çəkilən şəxslərə heyvandarlıqla və ya malqara otarılması, saxlanması məqsədi ilə Ələt qəsəbəsi ərazisində hər hansı bir ərazi ayrılmamışdır. Göründüyü kimi, iddia tələbi cavabdehlərin otlaq sahəsindən çıxarılmasına dair hissədə əsaslıdır. Belə ki, cavabdehlərin qeyd olunan - «X5 və Emal Birliyi» MMC-nin istifadəsində olan otlaq sahəsinə münasibətdə hər-hansı hüquqları yoxdur. İddiaçı isə həmin ərazidən müqavilə şərtlərinə əsasən təyinatı üzrə istifadə edə bilər. Cavabdehlərin qeyd olunan torpaq sahəsindən istifadə etmələri üçün hər hansı hüquqları olmadığından, onların həmin otlaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilməlidir. Ərazidə cavabdehlər tərəfindən özbaşına inşa edilmiş taxta dam, çəkilmiş metal tor çəpərin sökülməsinə dair hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Çünki, Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasına görə qeyd edilən taxta dam və metal tordan olan çəpər özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə maraqlı tərəf olan iddiaçının müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı ilə sökülə bilər. Cavabdehlər qeyd olunan torpaq sahəsindən istifadə hüquqlarının olmasına dair sübutları məhkəməyə təqdim etmədikləri kimi, inşa etdikləri tikilinin və metal tordan olan çəpərin özbaşına tikili olmamasına dair sübutları da məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən, həmin tikililər özbaşına tikili kimi qiymətləndirilir və sökülməlidir. Vurulmuş 10.000 manat məbləğində maddi ziyanın cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair hissədə iddia əsassızdır və təmin edilə bilməz. Çünki, iddiaçı ona cavabdehlər tərəfindən 10.000 manat maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X4 «X5 və Emal Birliyi» MMC ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli 04BF/21 saylı birgə fəaliyyət haqqında müqavilədə qeyd olunan otlaq sahəsindən çıxarılmalı; cavabdehlər Cavabdeh1 və X4 tərəfindən «X5 və Emal Birliyi» MMC ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli, 04BF/21 saylı birgə fəaliyyət haqqında müqavilədə qeyd olunan otlaq sahəsində inşa edilmiş taxta dam və metal tor çəpər sökülməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X4 «X5 və Emal Birliyi» MMC ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli, 04BF/21 saylı birgə fəaliyyət haqqında müqavilədə qeyd olunan otlaq sahəsindən çıxarılsın. Cavabdehlər Cavabdeh1 və X4 tərəfindən «X5 və Emal Birliyi» MMC ilə İddiaçı arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli, 04BF/21 saylı birgə fəaliyyət haqqında müqavilədə qeyd olunan otlaq sahəsində inşa edilmiş taxta dam və metal tor çəpər sökülsün. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar