Məhkəmə qərarları › İş №2(002)-1940/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1940/2024

10.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1940/2024 10.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına qarşı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına qarşı imza nümunələrinin həqiqətən onun tərəfindən icra olunduğunu (xüsusi idarənin əməkdaşının iştirakı ilə) Umbakı Penitensiar Müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq edilməsi, dövlət rüsumunun Umbakı PM-i tərəfindən ödənilməsi, dövlət hesabına onun vəkillə təmin olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Ali Məhkəmə Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 8-ci bəndinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydasının təsdiq edilməsi barədə” 10 iyul 2000-ci il tarixli, 116 saylı Qərarına əsasən müvafiq vəzifəli şəxs vəsiyyətnamə və etibarnamə təsdiqinə rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barəsində əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidir. Vəsiyyətnamə və etibarnamənin təsdiqi və onların təsdiq edilməsindən imtinanı düzgün saymayan şəxsin bu barədə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsinə görə, aşağıdakılar notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur: 362.3.3. azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notarial qaydada təsdiqlənmiş etibarnamələr hesab olunur. Həmin Məcəllənin 1181.5-ci maddəsinə əsasən, azadlıqdan məhrumetmə yerinin rəisi əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə vəsiyyətnamə təsdiqlədərkən notariusa bərabər şəxs hesab edilir. “Cəzaçəkmə müəssisəsinin daxili intizam qaydaları”nın 115-ci bəndinə əsasən məhkumların ərizə, şikayət və təklifləri yazılı və şifahi verilə bilər. Yazılı ərizə, şikayət və təkliflər ünvan sahibinə müdiriyyət vasitəsi ilə göndərilir. Ərizə, şikayət və təklifləri yazmaq üçün məhkuma onun xahişi ilə kağız və qələm verilir. 117-ci bəndinə əsasən məhkumların cəzaçəkmə müəssisəsi müdiriyyətinin həll edə bildiyi məsələlərlə bağlı olan ərizə, şikayət və təklifləri, onların ünvanlandığı vəzifəli şəxslər və təşkilatlar tərəfindən baxılmasının nəticələrini gözləmədən müəssisə müdiriyyəti tərəfindən yerindəcə həll olunur. Məhkumlara görüşlərin təqdim edilməsi və onların sovqat alması ilə əlaqədar olan yazılı şikayət, ərizə və təkliflər ayrıca qovluğa tikilir və bir il müddətində saxlanılır. 120-ci bəndinə əsasən ərizə, şikayət və təkliflərdə göstərilən məsələlərin həlli, onların ünvanlandığı dövlət orqanlarının, ictimai təşkilatların və vəzifəli şəxslərin səlahiyyətlərinə aid deyildirsə, həmin orqanlara (ictimai təşkilatlara) və ya şəxslərə göndərilmir. Bu barədə cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən ərizəni vermiş şəxsə imza etdirməklə izah verilir və ərizəni aidiyyəti üzrə göndərmək məsləhət görülür. Ərizə vermiş məhkum cəzaçəkmə müəssisəsi müdiriyyətinin hərəkətini düzgün hesab etmədikdə, o, göndərilməyən ərizəsini əlavə etməklə, cəzaçəkmə müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirən orqana müəssisə müdiriyyətinin hərəkətindən şikayət verə bilər. Məhkəmə göstərilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçının xahişindən onun cəzaçəkmə müəssisəsinin faktiki xarakterli hərəkətlərindən şikayət verməsi, yoxsa cəzaçəkmə müəssisəsi rəhbərliyinin notariusun səlahiyyətlərini icra etməsilə bağlı hərəkətlərinin mübahisələndirilməli olması, belə olduğu halda konkret olaraq nədə ifadə olması dəqiq müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən mənada tələbin dəqiq ifadə olunması mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi baxımından həlledicidir bu səbəbdən iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun gəlmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərdən əlavə, məhkəmə iddia tələbinin “dövlət hesabına vəkil ilə təmin edilmə” hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.2-ci maddəsinə əsasən, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır Həmin Məcəllənin 67-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Göründüyü kimi, qanunverici həmin ərizələrin məhkəməyə təqdim edilməsinin prosessual qaydasını müəyyən etmişdir: məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi məhkəməyə təqdim edilməli olduğu halda, belə ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir və iddia ərizəsinin geri qaytarılması zamanı rüsumun qaytarılmasına zərurət qalmamışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına qarşı imza nümunələrinin həqiqətən onun tərəfindən icra olunduğunu (xüsusi idarənin əməkdaşının iştirakı ilə) Umbakı Penitensiar Müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq edilməsi, dövlət rüsumunun Umbakı PM-i tərəfindən ödənilməsi, dövlət hesabına onun vəkillə təmin olunmağı barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar