Məhkəmə qərarları › İş №2(002)-1957/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1957/2022

03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1957/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.500 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, təsərrüfatla məşğul olur. İş üzrə cavabdeh olan Cavabdeh onun tanışıdır. O, sonuncunu ət kəsimi ilə məşğul olan qəssab kimi tanıyır. 2020-ci ilin aprel ayında Səbuhi ondan iki baş erkək dana alıb kəsmək üçün Sahil qəsəbəsinə aparmışdır. Apararkən aralarında olan razılaşmaya əsasən Səbuhi heyvanları kəsib ətinin çəkisini bilən kimi pulunu verməli idi. Heyvanların birini Səbuhi kəsmiş, digərini isə tanımadığı başqa qəssab kəsmiş, digər qəssab pulu versə də, Səbuhi ona verməli olduğu 1.500 manat pulu verməyərək onu aldatmışdır. Bu səbəbdən, o, Kürdəmir RPŞ-yə ərizə ilə müraciət edərək, cavabdehdən pulunun alınmasında ona köməklik edilməsini və cavabdehin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Lakin cavabdehin barəsində cinayət işi başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qanunun aliliyinə inanır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. O, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Hesab edir ki, göstərilən məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında 03 fevral 2022-ci il tarixli qərarından görünür ki, HK-1/196 nömrəli material üzrə İldırım Quliyevin və Cavabdeh izahatları alınmışdır. Cavabdeh telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişdir ki, İldırım Quliyevlə bir neçə dəfə alış-veriş etmiş, pullarını ödəmiş, sonuncu alveri zamanı maddi imkanı olmadığı üçün İldırım Quliyevin pulunu ödəyə bilməmiş, ancaq ona yaxın vaxtda maddi imkanı düzələn kimi pulunun tam hissəsini ödəyəcəyini demiş, sonuncu da onunla razılaşmışdır. Cavabdehlə telefon danışığı barədə protokol tərtib olunaraq materiala əlavə olunmuşdur. Mübahisənin həll edilməsi üçün tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan kəsib satmaq üçün erkək dana alıb kəsmiş, bununla bağlı yaranmış 1.500 manat borcu qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin iddiaçıya olan borcunu vaxtında və tam şəkildə ödəməyərək, öhdəliyini icra etməmişdir. İddiaçı cavabdehə müraciət edərək, borcu ödəməsini tələb etmiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.500 manat pul vəsaiti Cavabdeh iddiaçı X1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.500 manat pul vəsaiti Cavabdeh iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar