Məhkəmə qərarları › İş №2(002)-1979/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1979/2022

19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1979/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X6 İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 MMC-in nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Cəbrayıl oğlu və Cavabdeh2 MMC-ə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Cəbrayıl oğlu və Cavabdeh2 MMC-ə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Sportage” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş maddi zərərə görə 3603 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində atam İddiaçı1 məxsus və etibarnamə əsasında idarə etdiyi "Kia Sportage" markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkət edərkən Puşkin küçəsi ilə kəsişməyə gəlib çatmış və işıqforun yaşıl işığında hərəkəti davam etdirmişdir. Bu zaman Puşkin küçəsi ilə hərəkət edən BMC avtobusu işıqforun qırmızı işığında keçdiyi üçün onun avtomobilimlə toqquşmuşdur. Hadisə nəticəsində hətta xəsarət də almışdır. Hadisə yerinə yol polisi gəlmiş, müvafiq ekspertizalar təyin edilmişdir. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən araşdırılma aparılmış və xx.xx.2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmiş, həmin qərarla cinayət işinin başlanamsının rədd edilməsi, İXM-nin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Nəsimi RPİ-nin DYPŞ-ə göndərilməsi qərara alınmışdır. Nəsimi rayon DYPŞ YNH baş inspektoru X2 tərəfindən xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli "inzibati xəta haqqında" protokol tərtib edilmiş, həmin protokolda Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi təsbit olunmuşdur. Cavabdeh1 idarə etdiyi avtobus "xxxx" MMC- yə məxsus olmuşdur. Avtoqəza nəticəsində mənə məxsus "KİA SPORTAGE" markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın nə qədər təşkil etməsi ilə əlaqədar "xxxx"-yə müraciət edilmiş, orada avtomobilə baxış keçirilmiş və avtomobilin ehtiyyat hissələrinin qiyməti və iş haqqı da daxil olmaqla təmir xərci cəmi 8603 manat təşkil etmiş və bu barədə 29 mart 2022-ci il tarixli qüsur aktı tərtib edilmişdir. Mənə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin qüsur aktına əsasən vurulmuş zərərə görə 8603 manat məbləğdən 3603 manat məbləğ isə bu günə kimi cavabdeh tərəfindən mənə ödənilməmişdir. Həmin ziyanm Cavabdeh1 işəgötürəni "xxxx" MMC tərəfindən ödənilməsi barədə həmin şirkətə yazılı müraciət etmişdir. "xxxx" MMC-nin ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda təqsirkar sürücüyə onunla əlaqə saxlamağın tövsiyə olunduğu bildirilmişdir. Cavabdeh şirkət tərəfindən onlarm sürücüsünün ona vurduğu ziyan ödənilməmişdir. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, avtomobilə dəymiş zərəri ödəməkdən boyun qaçırmış, müraciətlərini cavabsız qoymuşdur.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasında iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Mən 17 ildir ki, sürücü işləyirəm, BCD sürücülük kateqoriyam var. İşlədiyim müddətdə yol nəqliyyat hadisəsi törətməmişəm. 2017-ci ildən Cavabdeh2 MMC-də sürücü işləyirəm. Gündəlik tibbi komissiyadan keçirəm, səhətimdə heç bir problem yoxdur. Sərnişinlərlə normal rəftar edirəm. İdarə etdiyim avtobusda müşahidə kamerası yerləşdirilib, həm özümün, həm də sərnişinlərin hərəkəti Cavabdeh2MMC-də izlənilir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2MMC-yə məxsus “BMC” markalı ** JU *** dövlət qeyydiyyat nömrəli avtobusla 125 marşurut xətti üzrə “Lökbatan-Bakı” istiqamətində sərnişin daşımaqla məşğul olmuşam. Saat 09 radələrində həmin marşurut üzrə Lökbatandan Bakı şəhərinin 28 may metrosu marşurutu üzrə hərəkət edərkən “Hökumət evi”nin yaxınlığındakı işıqforda 2 nəfər orta yaşlı qadın salondan müraciət edərək qapını açıb onları düşürməyimi tələb etdilər. Mən təlimat üzrə nəzakətlə onlara izah etdim ki, həmin yerdə sərnişinləri düşürmək. qadağandır və intizam cəriməsi nəzərdə tutulur. Lakin qadınlar həmin yerdən başlayaraq digər sərnişinlərin narahatlıqlarına səbəb olan uca səslə ünvanıma nəlayiq söüşlər söyməyə və qarğışlar etməyə başladılar. Mən isə səbrli davranaraq onları səs salmamağı və söyüşləri dayandırmağı xahiş edirdim. Onlar qeyzlənib hərəkətlərini daha sərt şəkildə davam etdirirdilər. Onların hərəkətləri psixikama təsir etməsinə baxmayaraq bu vəziyyətlə mən özümü çətinliklə ələ alıb bir neçə işıqforun tələblərinə rəayət edib, yol hərəkətini nəzarətimdə saxlayırdım. Avtobus “28 may” küçəsi ilə “Puşkin” küçəsinin kəsişməsinə çatandan sonra qadınların qarğış və söyüşlərinin təsiri altında özüm də anlamadan bir anda avtobusun işıqforun qırmızı işığından keçərək qarşıdan öz yolu ilə gələn “Kia Sportage” markalı ** ON *** dövlət nömrə nişanlı avtomaşınla toqquşduğunu hiss etdim və nəticədə İddia ərizəsində göstərilən zərərin əmələ gəlməsini yaradan yol-nəqliyyat hadisəsi baş verdi. Mən bu barədə dərhal MMC-nin rəhbərliyinə məlumat verdim və videokameraya baxıb qadınların şəxsiyyətinin müəyyən edilməsini xahiş etdim. Lakin indiyə qədər iddiaçılara zərər vurulmasına gətirib çıxaran hüquqazidd əməlin törənməsinə səbəb olan qadınların şəxsiyyətinin müəyyən olunması istiqamətində heç bir tədbir görülməmişdir. Ona görə də İddia ərizəsinə etiraz edirəm və hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsində nəzərdə tutulan Delikt törətmiş şəxslərin müəyyənləşdirilərək cavabdehliyə cəlb edilmələri təmin olunmalıdır. Mən sıravi sürücüyəm, bu işlərin görülməsinə səlahiyyətim və texniki imkanım yoxdur. Ona görə də AR.MPM-nin 154-cü maddəsinə əsasən məhkəmədənİddiaçılar İddiaçı1 və İddiaçı2 mənim barəmdə qaldırdıqları İddia ərizəsinə xitam verərək, Delikt törətmiş qadınların şəxsiyyətlərinin müəyyən edilməsini və onların əsil cavabdeh qismində məhkəməyə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun olaraq izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında həmin avtomobilin atasının mülkiyyətində olduğunu, etibarnamə əsasında onun idarə etdiyini, həmin avtomobilə 8000 manatdan çox xərc çəkdiyini, rəsmi servisdə təmir elətdirdiyini, 5000 manat sığorta şirkəti tərəfindən ödənilsə də, qalıq olan məbləğin ona indiyədək ödənilmədiyini, müvafiq ekspert rəyi ilə razı olmadığını, çünki ondan çox xərc çəkdiyini, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsini məhkəmədən xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında müvafiq ekspert rəyi ilə razı olmadığını, vurulmuş ziyanın məbləğinin çox olduğunu, ona görə də bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, yazılı etiraz ərizəsi təqdim edərək, öz izahatında baş vermis hadisədə təqsirli olduğunu, vurulmuş ziyanın məbləği ilə bağlı ekspert rəyi ilə razı olduğunu, özünün Baku Bus MMC-nin işçisi olduğunu, əmək müqaviləsi əsasında işlədiyini, bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMc-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, öz izahatında həmin avtomobilin BNA mülkiyyətində olsa da icraə müqvailəsi əsasında onların istifdaəsinə verildiyini, cavabdehin onların işçisi olduğunu, vurulmuş ziyanın məbləğinin müvafiq ekspert rəyi əsas götürülməklə müəyyən edilməsinə razı olduqlarnı, iddiaçının özü tərəfindən hesablanmış məbləğin yüksək olduğunu, 2014-cü il buraxılış ili olan maşına iddiaçı 2022-ci ilə aid ehtiyat hissəsini dəyişməyi düzgün olmadığını,onun öz istəyinə uyğun bahalı detalı maşında əvəz etməyinin doğru olmadığını, ona görə də ekspert rəyinin nəzəərə alınmasını bildirərək, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: ƏN-İİİ 677022 №li Etibarnamənin məzmunundan görünür ki, 90ON309 dövlət qeydiyyat nömrə nişanlı Kia Sportage markalı avtomobilin mülkiyyətçisi İddiaçı1 olmaqla, İddiaçı2 adına nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixli Arayışın məzmunundan görünür ki, 99Ju814 dövlət qeydiyyat nişanlı maşınla (avtomobilin mülkiyyətçisi BNA, sürücü Cavabdeh1 olduğu qeyd edilmiş) 90ON 309 dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşmuş (sürücü İddiaçı2), nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarın məzmunundan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən DİN-in TŞX-dan daxil olmuş YNH hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılmaısnın rədd olunması,qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə,ona qəbul edilmiş qərardan Azərbaycan Respublikası CPM-in 212-ci maddəsinə əsasən Nizami rayon Prokuroruna və Nəsimi rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin,Cavabdeh1 (AC 143675) barəsində İXM-in 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Nəsimi RPİ-in DYPŞ-ə göndərilsin,qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərilsin,toplanmış araşdırma materialı saxlanılması üçün Nəsimi RPİ-in arxivinə təhvil verilməsi qeyd edilmişdir. AP ******* № li xx.xx.2022-ci il traixli İnzibati xəta haqqında Protokolun məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən İXM-nin 327.2-cı madddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. KİA MOTORS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktının məzmunundan görünür ki, 90ON 309 dövlət qeydiyyat nömrə nişanlı KİA Sportage markalı avtomobilə ümumilikdə 10307,25 manat, endirimli 8603,80 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5841 nömrəli rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Kia Sportage” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixətəzə hissələrin qiyməti 8477 manat, təxminən aşınma tətbiq edilməklə, 6729 manat olduğu qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 60 manat məbləğində təşkil olunmuşdur. “Kia Sportage” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzalı vəziyyətinə və zədələnmiş hissələrinə dair fotoşəkillər əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh X4 tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, Cavabdeh1 digər cavabdeh "xxxx" MMC-nin işçisidir (aralarında bağlanılmış əmək müqvailəsi vardır),avtomobilin qanuni sahibi "xxxx" MMC çıxış edir, Cavabdeh1 yol vərəqəsi əsasında avtomobili idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus ““Kia Sportage” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurulmuş, cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi qismində 5000 manat məbləğində sığorta ödənişi ödəniş edilmişdir. Bu halda, məhkəmə iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması halının işin mübahisəsiz halı olduğunu əsas götürərək,Cavabdeh2 MMC öz işçisinin vurduğu zərər üçün mülki hüquqi məsuliyyət daşıdığından, habelə digər Cavabdeh1 tərəfindən maddi ziyan vurulması halı aşkar olduğundan, hesab edir ki, iddiaçılar (əmlakın mülkiyyətçisi və qanuni sahibi) cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçılar onlara məxsus əmlaka cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 8603 manat məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona 5000 manat məbləğində pul vəsaiti öədnildiyini, qlana məbləğin isə ödənilmədiyini əsas gətirərək, iddia tələbinin əsası kimi qeyd eidlən hallara istinad etmişdir. Cavabdeh tərəf isə qeyd edilən hissədə iddia tələbinə etiraz etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçılar tərəfindən onlara məxsus avtombilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2022-ci il tarixli qüsur aktına istinad etmişdir. Məhkəmə qeyd edilən aktla bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə həmin aktı əsli deyil, kserosurəti təqdim edildiyindən, həmin aktın mötəbərliyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyənedilmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı1 məxsus “Kia Sportage” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər ekspert rəyi əsasında 6729 manat məbləğində olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği məhz müvafiq ekspert rəyi əsasında müəyyən eidlməlidir. Ona görə də məhkəmə iş üzrə müvafiq ekspert rəyini əsas götürərək, habelə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 5000 manat məbləğində pul vəsaitini nəzərə alaraq, hesab edir ki, iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 1729 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qeyd edilən hissədə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı,cavabdehlərdən müştərək qaydada iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 1729 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılara ödənilməli,iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 58 manat məbləğində dövlət rüsumu tərəflərə aid eidlməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada əmlaka vurulmuş maddi zərərin əvəzi olaraq 1729 manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş 58 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar