Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1983/2024 14.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-265/2013 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olaraq təyin olunmuş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlanmış, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Daha sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-265/2013 saylı qətnaməsinə əsasən, nikahları pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2009-cu il X9 və xx.xx.2011-ci il təvəllüdlü X10 onun himayəsində saxlanılmış və övladlarının yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 50 (alli) manat məbləğində olmaqla, ümumilikdə 100 (yüz) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Alimentin məbləği övladlarının tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Hazırda aşbaz işləyir və aylıq 600 manat qazancı olur, başqa gəliri yoxdur. Uzun müddət cavabdehin 2-ci qrup əlil olduğunu nəzərə alaraq 100 manat alimentə dözmüşdür, lakin hazırda uşaqlarını saxlamaqda çətinlik çəkir. Bu səbəbdən alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bilirdi ki, o, iddia tələbinə qismən etiraz edir. Belə ki, hazırda işləmir, ikinci qrup əlildir, cəmi 220 manat pensiya alır, başqa qazancı yoxdur, nadir hallarda 1-2 gün fəhlə kimi işləyə bilir, özü müalicə alır. Uşaqların saxlanması üçün hər ay ümumilikdə 220 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 392253 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X4r. İş materiallarında olan AZ-İİ seriyalı, 739941 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-265/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında 24 yanvar 2009-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsində 69 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydinin pozulması, 05 iyun 2009-cu ildə doğulmuş X3 və 19 may 2011-ci ildə doğulmuş X6 anası X2 himayəsində saxlanılması, Cavabdeh 07 yanvar 2013-cü il tarixdən başlayaraq 05 iyun 2009-cu ildə doğulmuş X3 və 19 may 2011-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1 ilə bağlı çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı 601 manatdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh ilə bağlı çıxarışdan görünür ki, Cavabdeh ikinci qup əlilliyə görə 220 manat məbləğində pensiya alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, sayı, mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, eyni zamanda tərəflərin maddi vəziyyəti, cavabdehin 2-ci qrup əlil olması, səhhəti, onun aldığı pensiyanın məbləği, nadir hallarda işlədiyini bildirməsi və əmək qabiliyyətinin məhdud olması, həmçinin iddiaçının işləməsi, aylıq qazanca malik olması və aldığı əmək haqqının məbləği, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə müvafiq olaraq valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, əvvəl təyin edilmiş aliment məbləğinin müvafiq ilin yaşayış minimumu həddindən daha aşağı müəyyən edilməsi və uşaqların əvvəlki təminatının səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-265/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1983/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1983/2024
14.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver