Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1984/2023 27.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli ******* №li Aktın məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayon, Ələt qəsəbəsi, Şıxlar massivi ev 18 ünvanında **********4 nömrəli sayğaca müdaxilə olunub, qaz itkisi 12960 m3 kimi qeyd edilmişdir.
2. "xxxx" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akta əsasən, 140202/3-5-1061-1 nömrəli akta əsasən, Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-940-1 nömrəli Aktına əsasən **********00682 nömrəli abonent kodu üzrə sayğaca müdaxil olunub, dəymiş ziyanın hesablanması qərara alınmışdır.
3. "xxxx" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-940-1 nömrəli Aktına əsasən G-4 markalı **********4 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi aşkar olunmuş, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən **********00182 saylı abonent X3 12960 m3 qaz sərfiyyatına uyğun dəymiş ziyan həcmi hesablanmışdır.
4. **********00182 saylı abonent X3 məxsus Bakı şəhəri, Qaradağ rayon, Ələt qəsəbəsi, Şıxlar massivi ev 18 ünvanında 2021-ci il üzrə 377.40 m3, 2022-ci il üzrə 310.60 m3, 2023-ci il üzrə 11.04 m3 (1555,20 manat) qaz sərfiyyatı müəyyən edilmişdir.
İddia tələbi
5. İddiaçı X4 cavabdeh "xxxx" İstehsalat birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayon, Ələt qəsəbəsi, Şıxlar bağ evində nömrəsiz ünvana yazılmış ******* nömrəli 28 aprel 2023-cü il tarixli aktın ləğv edilməsi və "xxxx" ASC tərəfindən onun adına (ünvanına) hesablanmış 1555 manat ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Qaradağ rayon, Ələt qəsəbəsi, Şıxlar massivi ev 18 ünvanına (100-**********82) abonent kodu hesablanmış 1555,20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar bağ evində inşa edilmiş yaşayış evində ailəsilə birlikdə yaşayır. "xxxx" İstehsalat Birliyi ilə arasında bağlanmış müqavilə əsasında yaşadığı həmin ünvanda 2015-ci il tarixdə “Smart” kart sayğacı quraşdırılmış, həmin vaxtdan da istifadəsindədir. Təxminən 2021-ci il tarixdə isə gətirib mexanika sayğacı quraşdırılmışdır. Hazırda ona 1555 manat borc hesablanmışdır və bu barədə 28 aprel 2023-cü il tarixdə akt tərtib edilmişdir ki, guya sayğaca dəyişdiriləndə onların iştirakı təmin edilməmişdir. Sayğac onların evdən kənrada quraşdırılmışdır və onun həmin sayğaca müdaxilə etməsi mümkün deyildir, eyni zamanda sayğaca nəzarət idarə tərəfindən edilməli id. O sayğaca heç bir müdaxilə etməmişdir. Əsassız olaraq ona 1555 manat borc hesablanmışdır. Bu barədə cavabdeh təşkilata rəsmi olaraq müraciət etsə də, heç bir cavab verilməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. İddiaçı tələbin hüququ əsası kimi “İstehlakçıların müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Qanunun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci, 26-cı maddələrinə; “Qaz təchizatı haqqında” Qanunun 11-ci maddəsi, 12-ci maddəsinin 5-ci bənidnə, 12-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad etmişdir.
9. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, sayğacın dəyişdirilməsindən 5 ay sonra ona borcu olması barədə məlumat verilmişdir, o özü qızı ilə başqa ünvanda yaşamaqla borcun yazıldığı ünvanda yaşamır, sayğac evdən 200 metr kənarda yerləşməklə onun yaşında insanın qaz sayğacına müdaxilə etməsi də mümkün deyil, onun qaz sayğacının işləmə mexanizmindən, ona müdaxilədən “başı çıxmır”. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, "xxxx" İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
15. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
«İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu
17. 17-ci maddəsinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanun
18. 6-2-ci bəndinə əsasən, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.
19. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
20. 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
21. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
23. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
24. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
32. İddia əsaslıdır.
33. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac üzrə xx.xx.2023-cü il tarixli akta əsasən sayğaca kənar müdaxilə edilməklə qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, həmin akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə 12960 m3 qaz itkisi müəyyən edilmiş və onun əsasında cavabdehə 1555 manat borc hesablanmışdır. İstehlakçı cavabdehin hesablanmış olduğu ziyan məbləği və aktla razılaşmayaraq borcun silinməsini tələb edir.
34. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
35. Mülki hüquq pozuntusu (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: 1) əməl (hərəkət və hərəkətsizlik) 2) əməlin hüquqazidd olması 3) təqsir.
36. Hazırkı işdə əməlin baş verib-vermədiyi, iddiaçının hüquqazidd hərəkət etməsi və bu zaman təqsirli olmasının yoxlanması zamanı ilk növbədə sübutetmə yükünün düzgün müəyyən edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, kənar xəttin çəkilməklə qaz itkisinin baş verməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə məhz cavabdeh "xxxx" İB-nin üzərinə düşür.
37. Cavabdeh tərəfindən qeyd edilən halın müəyyən edilməsi ilə bağlı sübut qismində xx.xx.2023-cü il tarixli akta, həmin akta əsasən hesablanmış dəymiş ziyanla bağlı tələbnaməyə istinad edilmişdir. Məhkəmə qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin akt kserosurət olmaqla, lazımi qaydada təsdiq edilməmişdir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən yazılı sübutlar-sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməlidir.
38. Bundan əlavə qeyd edilən aktların tərtib edilməsində istehlakçı qismində çıxış edən iddiaçının iştirakı təmin edilməmiş, həmin akt cavabdehin özü tərəfindən tərtib edilmişdir. Bu hal isə həmin aktların formal olaraq tərtib edilməsi kimi qiymətləndirilməsinə əsas verir. Bu halda isə cavabdeh tərəfindən təqdim edilmiş həmin sənədlərin iş üzrə mötəbər sübut qismində qəbul edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən isə iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair başqa heç bir sübutvasitəsi təqdim edilməmişdir. Bununla da, hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçıya qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №li aktın əsasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd edilən akt əsasında cavabdeh tərəfindən istehlakçı qismində iddiaçıya məxsus sayğac üzrə 1555 manat vurulmuş ziyan məbləği əsassız borc olaraq yazılmışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdirilmiş, bundan əlavə iddiaçı özü əvvəllər də sayğacın yerləşdiyi yolun daşlıtozlu olması ilə bağlı sayğacda problem yarandığından "xxxx" İstehsalat Birliyinə müraciət etmiş və əvvəlki sayğac cavabdeh tərəfindən dəyişdirilərək problem aradan qaldırılmışdır. Göstərilənlər "xxxx" İstehsalat Birliyinin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiq edilmişdir. Belə şəraitdə iddiaçı tərəfindən sözügedən sayğacda dişli çarxın kəsilməsi aölabatan görünməməklə, həm də cavabdeh tərəfindən bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.
40. Bununla da, məhkəmə hazırkı mülki iş üzrə istehlakçı qismində çıxış edən iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halını sübut edilməmiş hesab edir. Bu da öz növbəsində iddiaçıya hesablanmış borc məbləğinin əsassız olmasını şərtləndirir. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, iddiaçının cavabdeh qarşısında qaz sərfiyyatına görə yaranmış 1555 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olunmadığından, iddia tələbi təmin edilməlidir.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar və 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, MPM-in 119-cu maddəsinin tələbi baxımından hazırkı mülki iş üzrə tərəflərin dövlət rüsumu ödəməkdən azad olunması halının nəzərə alınmasını zəruri hesab edir.
42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdeh iddiaçının tələbdə göstərilən borcunun yaranması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" İB-i tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00182 üzrə) hesablanmış 1555 manat məbləğində pul vəsaiti "xxxx" İstehsalat Birliyi tərəfindən silinməlidir
44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00182 üzrə) hesablanmış 1555 manat məbləğində borc pul vəsaiti silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova