Məhkəmə qərarları › İş №2(002)-1992/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1992/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1992/2024 06.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı «kreditin və ona hesablanmış faizlərin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və ona hesablanmış faizlərin tutulması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2.577 ABŞ dolları 40 sent əsas borc, 835 ABŞ dolları 87 sent faizin və ödənilmiş 20 manat dövlət rüsumunun borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tələbkar İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(002)-1116/2011 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 tərəfindən məhkəmə əmrində göstərilən tələblə bağlı etiraz təqdim edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(002)- 1992/2024 saylı qərardadı ilə etiraz təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(002)-1116/2011 saylı məhkəmə əmri ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 12 ay müddətinə illik 31 % olmaqla 6.000 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu Cavabdeh1 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Hazırda borclunun banka olan əsas kredit borcu 2.577 ABŞ dolları 40 sent, faiz isə 835 ABŞ dolları 87 sent təşkil edir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 qeyd olunan kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı fərmanın təsir dairəsinə düşmüşdür və bu səbəbdən, xx.xx.2019-cu il tarixdə onun kredit borcundan 542 ABŞ dolları 23 sent məbləğində pul vəsaiti silinmişdir. Hal-hazırda kredit borcu üzrə 2.871 ABŞ dolları 04 sent qalıq borcu var. Bundan başqa, zamin Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən, 2.871 ABŞ dolları 04 sent borcun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının qeyd olunan ərizəsi nəzərə alınmaqla, Cavabdeh2 vəfat etdiyi üçün cavabdehlər siyahısından çıxarılmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli, KR-506322-2786 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 31 % ödəmək şərti ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 24 iyun 2024-cü il tarixli, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən verilmiş ərizədən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 2.871 ABŞ dolları 04 sent borcunun olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, zamin vəfat etdiyindən, zaminlik müqaviləsinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 63.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.871 ABŞ dolları 04 sent borc icra olunduğu an Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 63.82 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.871 ABŞ dolları 04 sent borc icra olunduğu an Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 63.82 manat dövlət rüsumu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar