Məhkəmə qərarları › İş №2(002)-1996/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1996/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1996/2021 08.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(103)-9169/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh 11 dekabr 2005-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21.12.2004-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan 11 dekabr 2005-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2014cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, 11 dekabr 2005-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 oktyabr 2013-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən o, ərizə ilə yenidən məhkəməyə müraciət edərək, alimentin artırılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ilə onun iddiası təmin edilərək, əvvəllər müəyyən edilmiş alimentin miqdarı artırılmış, 11 dekabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üşün hər ay bir uşağa görə 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, alimentin miqdarı dəyişdirilərək 154 manat müəyyən edilmişdir. Hazırda ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun miqdarının artmasına baxmayaraq cavabdeh ona alimenti 2018-ci ildə qüvvədə olan qanuna uyğun olaraq ödəyir. Ödənilən aliment isə uşağın tələbatlarını ödəmir. Bu vəsait hesabına onun sağlamlığının qayğısına qalmaq və zəruri xərcləri ödəmək mümkün deyil. Halbuki cavabdeh həkim işləməklə kifayət qədər gəlirə malikdir. Cavabdehin kifayət qədər gəliri və qazancı olduğu halda o, uşağıni 154 manata saxlamaq və uşağın gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də alimentin miqdarının artırılmasına ehtiyac duyur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli, 2(002)-50/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında 21 dekabr 2004-cü il tarixdə bağlanmış və Qaradağ rayon VVADQ şöbəsində 746 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 11 dekabr 2005-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması müəyyən edilmiş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 22 oktyabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qız ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2(002)-1673/2018 saylı qiyabi qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-50/2014 saylı, 11 mart 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmış, 11 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxanılması üçün 19 mart 2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 200 manat alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9169/2018 saylı, 21 avqust 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1673/2018 saylı, 15 may 2018-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1673/2018 saylı, 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli, 2(002)-50/2014 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği dəyişdirilərək, 11 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, onların həmin nikahdan 1 uşaqlarının olması, həmin uşağın ananın yanında qalması, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Alimentin miqadarının artırılması tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın artırılması əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Belə ki, alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, “Uşaq hüquqları haqqında” Azəraycan Respublikası Qanununun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qabunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Məhkəmə bildirir ki, cavabdehin maddi vəziyyətinin yaxşı olmaması və ya digər bir uşağının olması onun qanunla müəyyən edilmiş uşağın lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Çünki “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Tərəflər arasında alimentin ödənilməsi barədə sazişin olmadığını, cavabdehin aylıq qazancının ¼ hissəsində alimentin tutulmasının isə iddiaçının və uşağın marağının əhəmiyyətli dərəcədə pozduğunu, yəni Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda” şərtinin mövcud olduğunu, həmçinin hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etdiyini, uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, alimentin yeni qaydada tutulması hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(103)-9169/2018 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılsın və 11 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar