Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2013/2021 27.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3340,57 manat əsas borc, 429,79 manat faiz borcu, 183,67 manat cərimə və kredit müqaviləsi üzrə 27 fevral 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 34,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3988,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3340,57 manat əsas borc, 806,54 manat faiz borcu və kredit müqaviləsi üzrə 11 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 100,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4247,81 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, Cavabdeh3 27 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 18 ay müddətinə 6000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 27.05.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh3 banka 27 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3340,57 manat əsas borc, 806,54 manat faiz borcu, müqavilə müddəti başa çatdıqdan sonra 11 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 100,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4247,81 manat borcu vardır. "xxxx" İKB ASC hazırda İddiaçı ASC kimi fəaliyyət göstərir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirdi ki, həqiqətən onunla iddiaçı təşkilat arasında 27.05.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bankdan 6000 manat məbləğində kredit götürmüşdür. Qeyd olunan borc məbləğini şişirdilmiş hesab etməklə qismən qəbul edir. Belə ki, onun iddiaçı təşkilata təxminən 3000 manat məbləğində borcu vardır. Müqavilə müddəti başa çatdıqdan sonra illik 5 faiz hesabladığı halda, müqavilə müddəti üçün tələb edilən və ekspert tərəfindən yoxlanılan faizin sonradan iddiaçı tərəfindən artırılması tam əsassızdır. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, əsas borclu Cavabdeh3 onun oğludur, iddiaçı təşkilatla oğlu Etibar arasında bağlanmış kredit müqaviləsi üzrə zamin olmuşdur. Cavabdeh3 ödənişi gecikdirməsi barədə məlumatı olmamışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.05.2019-cu il tarixli, 11-MZ2-1-0-1228-19 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh3 illik 28% olmaqla 18 ay müddətinə 6000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 05.08.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə sazişin surətindən görünür ki, kreditin müddəti 27.02.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 27.05.2019-cu il tarixli, 11-MZ2-1-0-1228-19 (Z1) saylı zaminlik müqaviləsindən və ona əlavədən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 27.05.2019-cu il tarixli, 11-MZ2-1-0-1228-19 (Z2) saylı zaminlik müqaviləsindən və ona əlavədən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Cavabdeh3 borcu ilə əlaqədar 11.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin 11.10.2021-ci il tarixinə iddiaçı təşkilata 3340,57 manat əsas borcu, 806,54 manat faiz borcu, 11 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 100,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4247,81 manat borcu məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2021-ci il tarixli, 9/5244 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 27 may 2019-cu il tarixli, 11-MZ2-1-0-1228-19 saylı kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış 05.08.2020-ci il tarixli əlavə sazişin şərtlərini nəzərə alaraq, Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16.05.2021-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu 3605,04 manat məbləğində, ondan 3393,60 manat əsas borc, 211,44 manat faiz borcu təşkil edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh3 iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya ödəmək barədə öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də ekspert rəyi, habelə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc, habelə müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcu ilə bağlı tələbləri tam, müqavilə müddəti ərzində hesablanmış faiz borcunun tutulması ilə bağlı tələbi isə qismən – ekspert rəyi ilə müəyyən edilmiş həddə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən iddiaçı təşkilatın təqdim etdiyi maliyyə arayışında göstərilən faiz borcunun düzgün hesablanmadığı müəyyən edildiyindən və iddia qismən təmin olunduğundan, ekspertiza xərci tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3340,57 manat məbləğində əsas borc, 211,44 manat faiz borcu, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra 11 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 100,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3652,71 manat (üç min altı yüz əlli iki manat yetmiş bir qəpik) məbləğində borc pul vəsaiti və 26 (iyirmi altı) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 72,50 manat (yetmiş iki manat əlli qəpik), İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 72,50 manat (yetmiş iki manat əlli qəpik) məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2013/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2013/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver