Məhkəmə qərarları › İş №2(002)-202/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-202/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-202/2021 03.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı şöbəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1346 (min üç yüz qırx altı) manat 03 (sıfır üç) qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 1(003)-139/20 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsrli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçı şöbəsinə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2020-ci il tarixdə İddiaçı şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru X1, icra məmuru X2, məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd adaptor məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh mobil qurğunun sınması barədə məlumat verməmiş və izahat yazmaqdan imtina etmişdir. İcra məmuru bu barədə xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib eləmişdir. Mobil qurğuya tərəfimizdən baxış keçirilmiş eyni zamada Ədliyyə Nazirliyindən təqdim olunmuş, müvafiq rəyə əsasən nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranının sındırıldığı müəyyən edilmişdir. Tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 1346 manat, 03 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum bildirişi almaqdan imtina etmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bizə maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bu səbəbdən də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qurğusunun dəyəri yəni 1346 manat 03 qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 xx.xx.2021-ci il tarixdə məhkəmənin ünvanına müvafiq ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 1(003)-139/2020 saylı, xx xxx 2020-ci il tarixli hökmünün məzmunundan görünür ki, əsasən, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.2. və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Xəzər rayon Məhkəməsinin 1(003)-139/2020 saylı, xx xxx 2020-ci il tarixli hökmü icra edilməsi üçün xx.xx.2020-ci il tarixli hökmün icrası barədə göstəriş İddiaçı şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsi tərəfindən verilmiş cavab məktubunda probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında, cədvəldə qeyd olunan həmin vasitələrin dəyərinin nəzarət subyektin tutulması qeyd olunmuş, həmin cədvəldə biometrik məlumatların yoxlanması üçün lisenziyaların 1 ədədinin qiyməti 88,26 manat məbləğində, ev siqnal ötürücüsünün 1 ədədinin qiyməti 108.32 manat məbləğində, mobil nəzarət qurğuları xüsusi proqram təminatının 1 ədədinin qiyməti 1346.03 manat məbləğində, elektron qolbağların 1 ədədinin dəyəri 637.91 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə xx.xx.2020-ci il tarixli protokolun məzmunundan yadın olur ki, Cavabdeh elektron nəzarət vasitəsinin saxlanması qaydalarına dair vəzifələrinin pozulmasına dair yarana biləcək məsuliyyəti izah edilmiş və Cavabdeh həmin protokolu imza etmişdir. İş materiallarından görünür ki, Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunun dəymiş ziyanın ödənilməsi tələb eidlmiş, əks halda vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə mürcaiət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh mobil qurğunun sınması barədə məlumat vermək və izahat verməkdən imtina etmiş və bu barədə akt tərtib eidlmişdir. İş materialalrından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh 1 ədəd mobil qurğu, 1 ədəd mobil nəzarət qurğusunun enerji toplayıc kabeli, 1 ədəd elektron qolbaq, 1 ədəd elektron qolbağın enerji toplayıcısı və 3 ədəd ev ötürcü siqnalı təhvil verilmiş və bu barədə akt tərtib eidlmişidir. İş materiallarından görünür ki, elektron nəzarət dəstinin vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyinə əsasən texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcllənin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Qanunvericiliyin təhlilindən görünür ki, barəsində elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxsə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilməli və bu barədə protokol tərtib edilməli, əgər həmin vasitə zədələnərsə və ya digər üsulla yararsız vəziyyətə salınarsa, onun dəyəri həmin şəxsdən tutulmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Həmin cəzanın icrası məqsədilə icra məmuru tərəfindən ona elektron nəzarət vasitəsinin bir növü olan mobil nəzarət qurğusu tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbinə əsasən cavabdehə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunu zədələməklə, onu tamamilə yararsız vəziyyətə salmışdır. Bununla da, Cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunun işlək vəziyyətdə saxlanması ilə bağlı vəzifələrini icra etməyərək, həmin qurğunu yarasız vəziyyətə salmaqla, həmin qurğunun dəyəri həddində vurulmuş ziyana görə onun hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkumlar barəsində tətbiq olunan elektron nəzarət vasitələrinin itirilməsi və ya yararsız hala salınması hallarında onların dəyərinin müəyyən olunması üçün müvafiq cədvəl tərtib olunmuşdur ki, həmin vasitələrin dəyəri məhz həmin cədvəl əsasında müəyyən olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq cədvələ əsasən cavabdehə təhvil verilmiş müvafiq mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat məbləğində müəyyən edilmişdir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, vurulmuş ziyanın məbləğinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh onun barəsində tətbiq olunmuş yarasız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 1346,03 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yararsız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 1346,03 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar