Məhkəmə qərarları › İş №2(002)-2028/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2028/2020

25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2028/2020 25.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 170 manat manat sabit pul məbləğində alimentin, habelə xx.xx.2014-cü il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar 80 (səksən) manat sabit pul məbləğində əlavə xərcin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 adında bir uşaqları doğulmuşdur. Nikahları məhkəmə qaydasında pozulmuş, uşağın onun yanında qalması müəyyən edilmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-682/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh azyaşlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 60 manat miqdarında alimentin, həmçinin uşağın müalicəsi ilə əlaqədar olaraq hər ay 60 manat sabit pul məbləğində əlavə xərcin tutulub ona verilməsi qət edilmişdir. Lakin həmin qətnamədən sonra altı il müddət keçmiş, uşağın tələbatları və xərcləri xeyli artmışdır. Hazırki dövrdə uşağın saxlanılması üçün təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cür ödəmir. Həmçinin uşaq ensefolopatiya, sinir reflektor oyanıqlığı, kəkələmə, skalioz xəstəlikləri ilə əlaqədar daimi müalicə alır, məktəbli və xəstə olan uşağın aylıq xərcləri 250 manatdan az olmur. Uşağı təkbaşına böyütdüyü üçün özü işləmir, heç bir gəliri yoxdur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə Rusiyada işləməklə yüksək gəlirə malikdir. Onunla bir il əvvələ qədər daimi əlaqə saxlamışdır, cavabdeh Moskvada işlədiyini və hətta tabeçiliyində fəhlələrin olduğunu özü etiraf etmişdir. Cavabdeh Qusar rayonunda üçmərtəbəli ev tikdirmiş, hətta yaxın qohumlarına avtomobillər bağışlamışdır. Lakin öz övladına yardım etmək istəmir. Ona görə də hesab edir ki, Cavabdeh övladları Elifin saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat aliment və uşağın müalicəsi üçün 80 manat məbləğində əlavə xərc tutulmalıdır. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, iddiaya yazılı etiraz göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı yazılı etirazında göstərmişdir ki, iddiaçı, uşağın ehtiyaclarını təmin etmək üçün iş tapmaq və gəlirlərini artırmaq üçün ağlabatan və kifayət qədər tədbirlər gördüyünə dair dəlillər təqdim etməmişdir, uşağın xərclərinin 100% ondan tələb edilməsi qanuna ziddir. İddiaçı maddi cəhətdən uşağı böyütməkdə çətinlik çəkirsə, uşağı himayəsinə götürməyə razıdır. Hazırda o, Moskva şəhərindədir. 2015-2020-ci illərdə "Moskvanın Dövlət İdarəetmə İnstitutu"nun tələbəsi idi, uşağını təmin etmək üçün qazancını artırmaq məqsədi ilə ali hüquq təhsili almışdır, diplomunu aldıqdan sonra ixtisası üzrə iş tapmağı planlaşdırır. Hazırda işləmir, daimi qazanc mənbəyi yoxdur. Alimenti ödəməyə və təhsil almağa atası kömək etmiş, lakin xx xxxx 2019-cu ildə atası vəfat etmiş, atasının ölümündən sonra aliment öhdəliklərinə anasının müalicə xərcləri də əlavə olunmuşdur. Alimentin artırılması onun hüquqlarını pozmaqla uşağa da zərər verəcəkdir. Belə ki, gəlir mənbəyinin olmaması uşağa ödənilməli olan alimentin vaxtaşırı ödənməsinə maneə yaradacıqdır. Əlavə xərcin artırılmasına da etiraz edir. Belə ki, məhkəmə əlavə xərcin ödənilməsinə qərar verərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. O, Qusar Rayon Məhkəməsinin təyin etdiyi alimenti və əlavə xərci çətinliklə ödəyir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin yazılı etirazını, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(029)-682/2014 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancından və ya başqa gəlirlərindən xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 60 manat sabit pul məbləğində alimentin tutulub X1 ödənilməsi, xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh xx xxxx 2014cü il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar əlavə xərcin ödənilməsinə cəlb olunması, əlavə xərcin miqdarının hər ay 60 manat müəyyən edilərək Cavabdeh tutularaq X1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)-714/2015 sayl qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(029)-682/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1238 saylı arayışdan görünür ki, İddiaçı Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, 1 saylı evin 3 nömrəli mənzilində qızı X6 ilə birlikdə yaşayır. İş materiallarında olan AZ-İV seriyalı, 435249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Qocayeva Elifin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(002)-2733/2016 saylı qətnaməsinin surətindən görürnür ki, Cavabdeh ilə X3 arasında xx xxxx 2013-cü il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 50 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X2 anası X3 ilə qalması qət edilmişdir. İş materiallarında olan AZ-İ No 349895 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikahın pozulması xx xxxxxx 2016-cı il tarixində qeydə alınmışdır. İş materiallarında olan “xxxxxx” MMC Müayinə-Müalicə Mərkəzi tərəfindən verilmiş 916 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixə kimi ensefolopatiya, sinir reflektor oyanıqlığı, hiperteniz sindrom, kəkələmə, sidik yollarının infeksiyası, yastı dabanlıq, skalioz diaqnozu ilə mütəmadi müayinə və müalicə olunur, hazırda da müalicəsi davam edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 ikinci dərəcəli skalioz diaqnozu qoyulmuş və ambulator nəzarət məsləhət görülmüşdür. İş materiallarında olan “İdarəetmə və Hüquq İnstitutu” qeyri-dövlət təhsil müəssisəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Cavabdeh həmin təhsil müəssisəində 2015-2020-ci illərdə qiyabi ali təhsil almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın yaşı, mənafeyi, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, hazırda yaşayış minimumunun uşaqlar üçün 170 manat məbləğində müəyyən edilməsi, iddiaçının işləməməsi, cavabdehin gəlirləri barədə konkret sübutların təqdim edilməməsi, habelə onun xaricdə yaşamaqla və hazırda qiyabi ali təhsilini başa vurmaqla əmək qabiliyyətli olması nəzərə alınaraq, alimentin uşaqlar üçün yaşayış minimumu həddində - 170 manat müəyyən edilməsi barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Buna baxmayaraq, uşağın müalicə xərclərinin məbləği barədə konkret sübutlar təqdim edilmədiyindən, Qusar Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(029)-682/2014 saylı qətnaməsi ilə müəyyən edilən hallar nəzərə alınaraq, əlavə xərcin artırılması əsassız hesab edilməli, əlavə xərc əvvəlki kimi 60 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixindən başlayaraq xx xxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment, habelə uşağın müalicəsi üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar