Məhkəmə qərarları › İş №2(002)-2035/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2035/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2035/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomobilinə dəyən ziyanın əvəzi olaraq 16.020 manat pul vəsaiti və ödənilmiş 168 manat 06 qəpik dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 09.45 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi, «Xəyal» restoranından təxminən 150 metr aralıda Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi ev 21 mənzil 18 ünvanda yaşayan 1983-cü il təvəllüdlü vətəndaş Cavabdeh etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz C 180» markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbəsinin daxili istiqamətində hərəkətdə olarkən sükan arxasında yuxladığı üçün idarəetməni itirmiş və avtomobil 1.3 xəttini (qoşa xətti) kəsib tamam ilə əks istiqamətli hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkətdə olan onun həyat yoldaşı – X1 idarə etdiyi «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı və vətəndaş X2 etibarnamə əsasında idarə etdiyi «Renault Megane» markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsus olmuş və hadisə vaxtı həmin avtomobili rəsmi nikahda olan həyat yoldaşı X4 idarə etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hadisənin baş verməsinə səbəb sürücü Cavabdeh olmuş, iş üzrə cinayət işinin başlanması rədd edilmiş və «Mercedes-Benz C 180» markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərardan da aydın olmuşdur ki, cavabdehin təqsiri üzündən avtonəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində onlara məxsus avtomobilə ziyan dəymiş və avtomobili tamamilə yararsız hala düşmüşdür. Bu barədə qüsur aktı tərtib edilmiş və ona məxsus avtomobilə 21.020 manat ziyan dəyməsi müəyyən edilmişdir. Hal-hazırda da onun avtomobilinə dəyən ziyanın 5.000 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 16.020 manat isə ödənilməmişdir. Bu barədə cavabdehə müraciət etmişdir. Cavabdeh isə ona bildirmişdir ki, onun avtomobilinə dəyən ziyanı ödəyəcəkdir. Sonradan bu barədə dəfələrlə cavabdehə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia predmeti ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına təqdim olunmuş Qaradağ RPİ TŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 HK-1-122 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə 10 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:57-də Qaradağ RPİ TŞX-nin operatoru NH-yə məlumat vermişdir ki, Lökbatan qəsəbəsi 28 May küçəsində «Nissan» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı, «Mercedes» markalı ** CM *** dövlət qeydiyyat nişanlı və «Renault» markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Saat 12:51-də 1 saylı KTM-dən məlumat daxil olmuşdur ki, 1982-ci il təvəllüdlü X4 «qapalı kəllə beyin travması», 1983-cü il təvəllüdlü Cavabdeh «sağ bud sümüyünün sınığı» diaqnozu ilə müraciət etmişdir. Saat 14:15-də 15 saylı TTYS-dən məlumat daxil olmuşdur ki, 1972-ci il təvəllüdlü X5 «burun nahiyəsinin əziyi» diaqnozu ilə müraciət etmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış, MTE təyin edilmiş, hadisə təfsilatı ilə araşdırılaraq, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş; «Mercedes-Benz C 180» markalı ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisənin baş verməsində təqsirkar olduğuna görə onun Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə, X1 isə «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmələri üçün qərarın surətinin Qaradağ RPİ DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərtib olunmuş qüsur aktı, həmçinin sığorta şirkəti tərəfindən 5.000 manat həddində ödəniş edilməsinə dair ödəniş tapşırığı təqdim edilmişdir. Məhkəmə işə obyektiv baxılması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında cavablandırılması zəruri olan sual qoyaraq, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli 9/6036 saylı ekspert rəyindən görünür ki, tədqiq edilən 2012-ci il buraxılışlı «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 12.600 (18.000 manat – 30 %) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, 2012-ci il buraxılışlı «Nissan Juke» markalı ** ZB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10 Yelena Leonidovnadır. Məhkəmə tərəfindən İddiaçı onun əsl iddiaçı ilə əvəz edilməsini, bundan sonra işə mahiyyəti üzrə baxılmasını təklif etsə də, İddiaçı məhkəməyə ərizə təqdim edərək, əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəzlənməsinə etiraz etdiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının ümumiyyətlə iddia predmeti ilə bağlı mülkihüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi İddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İzah edilməlidir ki, hazırki iş üzrə iddianın təmin edilməməsi zərər dəymiş avtomobilin mülkiyyətçisi X10 Yelena Leonidovnaya vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı aidiyyatı məhkəmədə iddia qaldırılmasına maneə deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar