Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2037/2021 02.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1346 manat 03 qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 1(002)-258/20 saylı, 12.10.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 08 ay, 12 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin 02.11.2020ci il tarixli göstərişi 04.11.2020-ci tarixdə Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra 18.11.2020-ci il tarixdə şöbənin icra məmuru X1, məhkumun özününün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd enerji toplayıcı məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh 08.04.2021-ci il tarixli izahatında telefonun çarpayıda enerjidə olan zaman valideyni Orucova Dilarənin çarpayını təmizləyərkən ehtiyatsızlıqdan yerə düşərək yararsız hala düşdüyünü bildirmişdir. Mobil qurğuya onlar tərəfindən baxış keçirilmiş eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən təqdim olunmuş, müvafiq rəyə əsasən nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı yararsız hala salınması müəyyən edilmişdir. Onlar tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 1346 manat, 03 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi tələb olunmuş və bu barədə ona bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş lakin, məhkum həmin məbləği ödəyə bilməyəcəyini, ödəməkdən boyun qaçırmadığını və cəzanın sonunadək ödəyəcəyini bildirmişdir. Belə olan halda iddiaçı hesab edir ki, cavabdehin günahından yəni, lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 1346.03 manat təşkil edir. Bu səbəbdən də, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qurğusunun dəyəri yəni 1346 manat 03 qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayənədsinin ərizəsini nəzərə alaraq, mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, iddianı qəbul etdiyini, mövcud olan məbləğlə razı olduğunu qeyd etdi və bu barədə yazılı ərizə verdi. Məhkəmə işdə cavabdehin izahatını dinləyib və iddiaçının ərizəsini nəzərə alaraq, təqdim edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ rayon Məhkəməsinin 1(002)-258/2020 saylı, 12.10.2020-ci il tarixli hökmünün məzmunundan görünür ki, ə əsasən, Cavabdeh Azərbaycan Respublikasının CM-nin, 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılınası cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, məhkəmə baxışınadək 04 (dörd) ay 24(iyirmi dörd) gün həbsdə olduğu müddət nəzərə alınmaqla, Cavabdeh üzərində qəti olaraq 08 (səkkiz) ay 12(on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını hər gün saat 24:00-dan növbəti gün saat 06:00dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrini yerinə yetirilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Qaradağ rayon Məhkəməsinin 1(002)-258/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli hökmü icra edilməsi üçün 02.11.2020-ci il tarixli hökmün icrası barədə göstəriş Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 04.11.2020-ci il tarixdə şöbəyə daxil olmuş və icraata qəbul edilmişdir. İş materiallarında olan 04.11.2020-ci il tarixli Cavabdeh izahatından görünür ki, Qaradağ rayon məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri təqsirli bilinərək 08 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu, ünvan 3 ünvanını hər gün saat 24:00-dan növbəti gün 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzaya nəzarət edən orqanı iş və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq vəzifəsi qoyulmuşdur. həmçinin, törətdiyi əməldən peşman olduğunu, hökmlə müəyyən olunmuş halları pozduqda CİM-nin 51-7-ci maddəsi ilə məsuliyyət daşıyacağı barədə ona izah olunmuşdur. İş materiallarına əlavə olunmuş, 08.04.2021-ci il tarixli izahatın məzmunundan görünür ki, Cavabdeh izahatında ona verilən suallara cavab olaraq, Qaradağ rayon məhkəməsinin 12.10.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddələri təqsirli bilinərək 08 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu, telefon onun çarpayısında enerjidə olan vaxt valideyni Orucova Dildar çarpayını təmizləyərkən ehtiyatsızlıqdan yerə düşərək yararsız hala düşmüşdür. Dəymiş ziyanı hal-hazırda imkanı olmadığından ödəyə bilmir. İş tapıb , işə girib ,ödəməkdən boyun qaçırmır və cəzasının sonunadək ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 17.11.2020-ci il tarixdə saat 12:00-da dərhal Qaradağ rayon icra və probasiya şöbəsində olması əks təqdirdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq təyin edilmiş cəzanın daha ağır cəza ilə əvəz edilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 18.11.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh mobil qurğu, mobil qurğunun adapteri, sadə elektron qolbaq, mobil qurğunun enerji toplayıcı kabeli, 3 ev siqnal ötürücüsü təhvil verilmiş və ona vəzifələri izah olunaraq ona yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə olunmuş bildirişin məzmunundan görünür ki, Cavabdeh təhvil verilmiş mobil qurğu yararsız vəziyyətə salınmış və Bakı şəhər Probasiya İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 1346 manat 03 qəpik hesablanmış və həmin dəymiş ziyanın ödənilməsi tələb edilmiş əks halda məhkəməyə mürcaiət oluncağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı yararsız hala salınması müəyyən olunmuşdur. İş materiallarından görünür ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə ümumi dəyəri 1346,03 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcllənin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Qanunvericiliyin təhlilindən görünür ki, barəsində elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxsə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilməli və bu barədə protokol tərtib edilməli, əgər həmin vasitə zədələnərsə və ya digər üsulla yararsız vəziyyətə salınarsa, onun dəyəri həmin şəxsdən tutulmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Həmin cəzanın icrası məqsədilə icra məmuru tərəfindən ona elektron nəzarət vasitəsinin bir növü olan mobil nəzarət qurğusu tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbinə əsasən cavabdehə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunu zədələməklə, onu tamamilə yararsız vəziyyətə salmışdır. Bununla da, Cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunun işlək vəziyyətdə saxlanması ilə bağlı vəzifələrini icra etməyərək, həmin qurğunu yarasız vəziyyətə salmaqla, həmin qurğunun dəyəri həddində vurulmuş ziyana görə onun hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək, həmin məbləğdə ziyanın vurulduğunu etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkumlar barəsində tətbiq olunan elektron nəzarət vasitələrinin itirilməsi və ya yararsız hala salınması hallarında onların dəyərinin müəyyən olunması üçün müvafiq cədvəl tərtib olunmuşdur ki, həmin vasitələrin dəyəri məhz həmin cədvəl əsasında müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş ziyanın məbləği müəyyən olunarkan həmin hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh onun barəsində tətbiq olunmuş yarasız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 1346,03 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yararsız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 1346,03 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2037/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2037/2021
02.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver