Məhkəmə qərarları › İş №2(002)-2046/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2046/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2046/2020 23.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə hər ay 136 manat təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx xxxx 2005-ci il təvəllüdlü Aslanova Göhvər Sahib qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cii il tarixdə rəsmi nikaha girməklə evlənmişdir. Rəsmi nikahdan 1 uşaqları xx xxxx 2005-ci il təvəllüdlü Aslanova Gövhər Sahib qızı anadan olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxx 2005-ci il təvəllüdlü Aslanova Gövhər Sahib qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 136 manat aliment kəsilmişdir. Hər şeyin günü-gündən bahalaşmasına və alimentin miqdarının artmasına baxmayaraq cavabdeh uşağa 136 manatdan başqa heç bir yardım etmir. Halbuki, cavabdehin daş maşını var və kifayət qədər gəlirləri vardır. Ailələrinin də kifayət qədər imkanları olduğu halda cəmi 136 manatla keçinmək məcburiyyətində qalmışdır. Uşağın xərcləri günü-gündən artır, o, uşağın gündəlik problemlərini həll etməkdə çətinlik çəkir. O, ankoloji xəstə olduğundan işləyə bilmir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, müvafiq qətnamə ilə cavabdehdən tutulan 136 manat məbləğində alimentin artırılaraq hər ay 170 manat manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona verilməsini, hazırda uşağın tələbatlarının artdığını, özünün isə tək olduğundan çatdıra bilmədiyini və qeyd edilən halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə yazaraq iddia tələbinə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, cavabdehin iddia tələbinin etiraf edilməsinə dair yazılı ərizəsini əsas götürərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 12631371 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanova Göhvər Sahib qızı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Aslanova Nuranədir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(002)/1309/2017 saylı icra vərəqəsi ilə Qaradağ Rayon Məhkəməsinin 2(002)-1580/2010 saylı, xx xxxxxxx 2010-cu il tarixli məhkəmə əmri ilə Cavabdeh tutulan alimentin məbləğinin artırılması, xx xxxx 2005-ci il təvəllüdlü Aslanova Gövhər Sahib qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 136 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan 1 uşağının olması və yetkinlik yaşına çatmamış uşağın anasının yanında qalması, həmçinin onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan uşaq xx xxxx 2005-ci il təvəllüdlü Aslanova Göhvər Sahib qızı anasının himayəsindədir. Məhkəmə qətnaməsi əsasında həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 136 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğinin uşağın günlük artan tələbatlarının ödənilməsinə kifayət etmədiyini, ona görə də belə bir tələb irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh məhkəmə iclasında ərizə yazaraq iddia tələbi ilə razı olduğunu, qeyd olunan məbləğdə aliment ödəməyə razı olduğunu bildirdi. Bu halda, məhkəmə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğunu əsas götürərək, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq, cavabdehin iddia tələbini etiraf edilməsinə dair yazılı ərizəsini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxx 2005-ci il təvəllüdlü Aslanova Göhvər Sahib qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(002)-1309/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2005-ci il təvəllüdlü Aslanova Göhvər Sahib qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(002)-1309/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar