Məhkəmə qərarları › İş №2(002)-2050/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2050/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2050/2020 24.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh1 Əbdülqədim oğlunun iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 Əbdülqədim oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 Əbdülqədim oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 Əbdülqədim oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********32 saylı uzunmüddətli kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit razılaşmasının ləğv edilməsini, cavabdehlər Cavabdeh1 Əbdülqədim oğlundan, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 8233.81 manat məbləğində kredit borcu, 951.49 manat məbləğində faiz borcu və 2115.59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11300 (on bir min üç yüz) manat 89 (səksən doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Əbdülqədim oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027L**********32 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 Əbdülqədim oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 Əbdülqədim oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 Əbdülqədim oğlu götürdüyü kredit borcundan 3766.19 manat ödəmiş, onun 8233.81 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 Əbdülqədim oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 164 gün üçün hesablanmış faiz borcu 951.49 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 164 gün üçün hesablanmış cərimə 2115.59 manat təşkil edir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 Əbdülqədim oğlu məhkəmə iclasında ərizə yazaraq borcu ilə razı olduğunu, lakin cərimə borcu ilə razı olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 027L**********32 saylı kredit razılşmasının məzmunundan görünür ki, Cavabdeh1 Əbdülqədim oğluna 120 ay müddətinə 150000.00 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 027S**********03 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli 027L**********32 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xətinin məbləği 150000.00 ABŞ Dolları, kreditin müddəti 120 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit razılaşmasına əsasən Cavabdeh1 Əbdülqədim oğlu 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh1 Əbdülqədim oğlu aylıq 650 manat olmaqla, cəmi 15588.34 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 Əbdülqədim oğluna və Cavabdeh2 borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı QSC-nin maliyyə arayışına əsasən Cavabdeh1 Əbdülqədim oğlunun 027R**********0 saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə olan əsas borc 8233.81 manat, faiz borcu 951.49 manat, cərimə borcu 2115.59 manat, cəmi borc 11300.89 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə borca və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə borc və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 Əbdülqədim oğlu arasında 11.02. Cavabdeh1 Əbdülqədim oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027L**********32 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 Əbdülqədim oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə 027S**********03 saylı zaminlik müqaviləsi bağlanmış və cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Eyni zamanda cavabdeh tərəflər arasında bağlanılmış kredit xətti müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq 120 ay müddətində hər ay ödəniş etməklə, hər iki razılaşma üzrə kreditin məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit xətti müqaviləsi üzrə kredit razılşamasına dair kredit məbləğini ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürsə də, həmin borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş,müqavilə şərtləri pozmuşdur. Bununla da borc alan Cavabdeh1 Əbdülqədim oğlu müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da onun digər cavabdehin öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında birgə məsuliyyəti yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh1 Əbdülqədim oğlu məhkəmə iclasında iddianı qismən qəbul edərək əsas və faiz borcu ilə razı olduğunu qeyd etmişdir. Bu halda, məhkəmə qedy olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsas və fazi borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəf müqavilənin ləğv edilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə əməl edərək, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada əməl etmədiyi təqdirdə, müqavilənin ləğv edilməsi ilə bağlı ona xəbərdarlıq etmiş və buna dair heç bir cavab almamışdır. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehlərdən 027R********** saylı kredit razılaşması üzrə 100 manat məbləğində cərimə borcunun iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 Əbdülqədim oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********32 saylı uzunmüddətli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1 Əbdülqədim oğlundan, Cavabdeh2 müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 8233.81 manat məbləğində kredit borcu, 951.49 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9,285.3 (doqquz min iki yüz səksən beş manat 3 qəpik) məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 Əbdülqədim oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********32 saylı uzunmüddətli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 Əbdülqədim oğlundan və Cavabdeh2 müştərək qaydada 027R********** saylı kredit razılaşması üzrə 8233.81 manat məbləğində kredit borcu, 951.49 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9,285.3 (doqquz min iki yüz səksən beş manat 3 qəpik) məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar