Məhkəmə qərarları › İş №2(002)-206/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-206/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-206/2024 14.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-28/2021 saylı hökmü ilə müəyyən edilmişdir: Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin 04 (dörd) il müddətinə azadalıqdan məhrumetmə cəzasına, məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanmaqla ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 29 avqust 2020-ci il tarixdən hesablansın. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadalıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 27 noyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış İddiaçı məxsus 212 ədəd bədii və elmi kitabların sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 234 (iki yüz otuz dörd) manat 50 (əlli) qəpik ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət nəfinə, köçürülsün. İbtidai istintaq zamanı Cavabdeh1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 68 (altmış səkkiz) saata görə 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Cavabdeh2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 68 (altmış səkkiz) saata görə 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İddia tələbi

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 48,180 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlər 2020-ci ilin yanvar, fevral, mart, aprel aylarında yaşadığı Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan ona məxsus ümumilikdə 48.180 (qırx səkkiz min yüz səksən) manat dəyərində əmlaklarını və 212 ədəd elmi və bədii kitablarını oğurlamışlar. Şikayət ərizəmə əsasən Qaradağ RPİ İŞ-də araşdırılma aparılmışdır. O zərərçəkmiş şəxs kimi tanınmışdır. Hər iki cavabdeh cinayət məsuliyyətinə cəlb edilməklə Azərbayacan Respublikası CM-nin 177.2.1, 177.2.3 vǝ 177.2.4-cü maddələri ilə məhkəmə məsuliyyətinə vesrilmişlər. Qaradağ rayon Məhkəməsinin (hakim: T.Qurbanov) xx.xx.2021-ci il tarixli, 1(002)-28/2021 saylı hökmü ilə Cavabdeh1 qeyd edilən maddələrlə təqsirli bilinib 4 (dörd) il müddətinə, Azərbaycan Respublikjası CM-nin 66.5-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yulu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cavabdeh2 isə qeyd edilən maddələrlə təqsirli bilinib 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən apellyasiya və kassasiya şikayətləri verilsə də qeyd edilən hökm qüvvəsində saxlanılmışdır. Hazırda Cavabdeh2 cəzadan azad olunsa da digəri cəzasını çakmakdədir. Göründüyü kimi cavabdehlər evindən oğurluq etməklə ona 48180 manat ziyan vurmuşlar. Həmin cinayət işində zərərçəkmiş qismində tanınmışdır. 212 ədəd kitabları geri qaytarılsa da lakin 48180 manat zərər ödənilməmişdir. Bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü vardır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdehlərin etdiyi oğurluqla bağlı məhkumluqlarının olduğunu, onların onun kitablarını, evinin bütün əşyalarını oğurladıqlarını, ev yaşanmaz hala gətirildiyini və məhkəmə hökmündə zərərin məbləğinin 48,180 manat göstərildiyini bildirmişdir.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdehlərin iddiaçıya 48,180 manat zərər vurduqlarını, bunu məhkəmə hökmü və keçirilmiş ekspertizanın nəticəsindən də göründüyünü, cavabdehlərin hər ikisi bu işlə bağlı məhkum olduqlarını və ziyanın hələ də ödənilmədiyini bildirmişdir.

7. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh1 videokonfrans əlaqə sistemi vasitəsilə məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini və iddiaçıya 48,000 yox, uzağı 1000 manat həcmində ziyan vurduğunu, dəmir qapı, dəmir barmaqlıq, dəmir reşotkalar oğurladığını, digər cavabdehin bu əməllərin heç birində iştirak etmədiyini bildirirək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, 11 il 8 ay polis əməkdaşı olaraq qüsursuz xidmət etdiyini, iddiaçını evindən oğurluq etmədiyini sadəcə çölə atılmış şkafı götürdüyünü, onunda maksimum 20 manat qiyməti olduğunu, məhkəm hökmlərində onu haqsız yerə şərlədiklərini bildirmişdir.

9. Cavabdehlərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

10. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

11. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

12. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

13. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

14. 12.2-ci maddəsinə əsasən, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

15. 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

16. 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

20. 82.4-cü maddsəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

21. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

22. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

25. İddia əsaslıdır.

26. Belə ki, cavabdehlərin iddiaçıdan 48,180 manat ziyan vurması işin mübahisəsiz halıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(002)-28/2021 saylı hökmü ilə müəyyən edilir ki, Cavabdeh1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2020-ci ilin yanvar, fevral, mart, aprel ayları ərzində vahid niyyətlə İddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu ev 10-da yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub, oradanda naməlum şəraitdə yaşayış sahəsi hesab olan həmin evə qanunsuz daxil olmaqla evdən və evin həyətindən 3000 manat dəyərində qonaq otağında qonaq otağının mebeli, yəni divar dəsti, yemək masası, divan, jurnal masası, 4 ədəd stullar, 2 kreslo, 6000 manat dəyərində yataq otağında Borokko markalı yataq otağının mebeli, yəni sofa çarpayı, komod, dolab, güzgülü trümo, 2 ədəd tumba, 1 ədəd pufiq oturacaq, 1000 manat dəyərində digər yataq otağının mebeli, yəni sofa çarpayı, 2 dolab, 2 ədəd tumba, güzgülü trümo, pufiq oturacaq, 1000 manat dəyərində mətbəx mebeli dəsti, yəni 1 ədəd nahar stolu, 1 ədəd künclük, bir ədədinin qiyməti 25 manat olan 1000 manat dəyərində 40 ədəd kitab rəfləri, 500 manat dəyərində 1 ədəd kitab şkafı, 150 manat dəyərində pianino üçün 1 ədəd stul, 200 manat dəyərində 2 ədəd servant, 100 manat dəyərində 1 ədəd divan, 2 ədəd kreslo, 200 manat dəyərində telefon ilə danışmaq stol, 15000 manat dəyərində 3000 ədəd bədii və elmi kitablar, 200 manat dəyərində döşək örtükləri, yorğan-döşək, balnc, 400 manat dəyərində müxtəlif paltar geyim əşyaları, 1000 manat dəyərində xrustal qab-qacaq, meyvə qabları, 200 manat dəyərində çılçıraq və lampalar, 50 manat dəyərində 1 ədəd masa, 150 manat dəyərində 1 ədəd tumba, 30 manat dəyərində 1 ədəd jurnal masası, 600 manat dəyərində 2 ədəd çarpayı, 300 manat dəyərində 1 ədəd güzgülü trümo, 200 manat dəyərində açılıb yumulan yemək masası, 2000 manat dəyərində 15 ədəd taxta pəncərələr, 3000 manat dəyərində 15 ədəd taxta qapılar, 1000 manat dəyərində taxta döşəmələr, 250 manat dəyərində titan su qızdırıcı dəmir samovar, 100 manat dəyərində qaz plitəsi, 1000 manat dəyərində dəmirdən olan həyət besedkası, 1000 manat dəyərində bütün qaz və su boruları, 500 manat dəyərində bütün elektrik naqilləri, elektriki yandırıb söndürən avtomat və cihazlar, 1000 manat dəyərində dəmirdən olan böyük üzüm talvarı, 1000 manat dəyərində çox saylı dəmir barmaqlıqlar, 1000 manat dəyərində mal-qara saxlanılan yerin tavanı, torları, məftilləri, üç künc petlələri, 1000 manat dəyərində toyuq hininin dəmir torları, üç künc petlələri, dəmir qapısı, 1000 manat dəyərində ev quşları üçün dəmir tor və üç künc petlələr, 700 manat dəyərində dəmir nəfəslik və qarjın qapıları, 1000 manat dəyərində 4 ədəd dəmir qapılar, 1000 manat dəyərində dəhlizin taxta dirək və qapılar, 200 manat dəyərində 4 ədəd «Ceyran» qaz radiatorları, 150 manat dəyərində divan və kreslo üçün örtükləri gizli olaraq talayıb zərərçəkmiş şəxs İddiaçı 48,180 manat dəyərində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir.

27. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Qalina Şamilovnaya məxsus oğurlanmış əmlakın məbləği 48,180 manat, oğurlanmış əmlakın təmir bərpa işi üçün tələb olunan məbləğ 8000 manat təşkil edir. Oğurlanmış ziyana görə təqsirləndirilən şəxslərə elan olunmuş ittihamda 48,180 manat məbləğində ziyan göstərilmişdir və iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1734 saylı rəyində, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1859 saylı rəyində göstərilən qiymətlərə dair münasibətdə zərərçəkmiş şəxs İddiaçı ifadələrində göstərilən ziyan əsas götürülmüşdür.

28. Həmin məhkəmə hökmündən məhkum edilmiş şəxs Cavabdeh2 və müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1665/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərarı ilə təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü şikayət verən şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

29. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-880/2022 nömrəli Qərarı ilə məhkum Cavabdeh2 müdafiəçisi X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Cavabdeh2 barəsində olan 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən hökmlər və iş üzrə əlavə edilmiş sübutlarla iddiaçıya 48,180 manat zərər vurulması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməlidir. Məhkəmə xərcləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 236 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

33. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 48180 manat məbləğində əsas borc pul vəsaiti və 236 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçınun xeyrinə ödənilməlidir.

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 48,180 manat məbləğində əsas borc pul vəsaiti və 236 manat məbləğində dövlət büdcəsinin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar