Məhkəmə qərarları › İş №2(002)-2068/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2068/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2068/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1820 (min səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaitinin və 40 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2016-cı ildən ağır epilepsiya xəstəliyindən əziyyət çəkir, lakin bu günədək ona əlillik dərəcəsi verilməmiş və pensiya təyin olunmamışdır. 2024-cü ildə Cavabdeh tərəfindən edilən “whatsApp” iş qrupunda “sosial yardım və pensiya düzəldirəm” adlı paylaşıma rast gəlmiş, bu məlumatı gördükdən sonra qeyd olunmuş nömrəyə öz müraciətini yazmış və cavabdeh də həll edəcəyini bildirmişdir. Bundan sonra o, cavabdehlə görüş yeri təyin etmiş, görüş yerinə xx.xx.2024-cü il tarixdə anası ilə birlikdə getmişdir. Cavabdeh görüş əsnasında pensiya düzəltməsi ilə bağlı vədlər vermiş, bunun müqabilində 1600 manat pul alacağını bildirmişdir. Həmin gün cavabdeh ondan 400 manat pul aldı, qalan 1200 manat pulu isə cavabdehə məxsus kart hesabına (5522 0993 6517 8433) köçürmə etdi. Bundan bir müddət sonra cavabdehlə əlaqə saxlayaraq pensiyanın düzəlib-düzəlmədiyini və hansı müddɔtɔ düzələcəyini soruşmuş, cavabdeh də öz növbəsində qısa müddətə həll olunacağını bildirmişdir. Daha sonra cavabdeh COP29 tədbirini bəhanə gətirmiş və bir müddət gözləməyini istəmişdir. Beləliklə, cavabdehin vədindən 2 ay keçmiş, lakin pensiya barədə hər hansı nəticə olmamışdır. 06 dekabr 2024-cü il tarixdə cavabdeh ona zəng vuraraq “Koroğlu” metrostansiyasının qarşısında görüşməyi xahiş etmiş, görüş yerində ona tətbiq yükləməyin və şəxsi kabinet yaratmağın lazım olduğunu bildirmiş, o da buna razılıq vermiş, bundan sonra cavabdeh həmin tətbiq vasitəsilə 250 manat kredit götürmüş, pensiya kartı veriləndə həmin 250 manatın da karta köçürüləcəyini bildirmişdir. Daha sonra o, 08 dekabr tarixində cavabdehə zəng vurmuş, cavabdeh də 09 dekabr tarixində pensiya kartını götürəcəyini bildirmişdir. Eyni zamanda, ondan ABB-nin Bakıxanov qəsəbəsindəki filialına gəlməsini tələb etmişdir. 09 dekabr tarixində o, həmin banka getmiş, cavabdehlə əlaqə yaratmaq istəmiş, lakin cavabdeh tərəfindən bloka atıldığı üçün əlaqə yaratmaq mümkün olmamışdır. Bu barədə o, polis orqanlarına müraciət etmiş, cavabdeh polis orqanlarına gətirilmiş və izahatı alınmışdır. Həmin vaxt cavabdeh öz əli ilə qəbz yazmış, ondan 1850 manat pulu aldığını etiraf etmiş, özünə məxsus kartı verərək hər ay 40 manat çıxarmasını bildirmiş, lakin sonradan tətbiq vasitəsilə pulu özü çəkmiş və yenidən onu aldatmağa nail ola bilmişdir. Cavabdeh aralarında olan yazışmalarda, öz əli ilə yazdığı qəbzdə ondan aldığı pulu tam etiraf edir. Cavabdehə qarşı şikayət ərizəsi ilə polisə müraciət etmiş, aparılmış təhqiqatın nəticəsinə əsasən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edir ki, indiyə kimi cavabdeh tərəfindən ona cəmi 140 manat pul qaytarılmış, hazırda cavabdehdə onun 1710 manat pulu qalmışdır. Cavabdeh həmin pul vəsaitini qaytarmaqdan yayınmağa davam edir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdeh onu aldatması nəticəsində vurduğu zərəri tam ödəməlidir. Hazırda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçının anasıdır. İddiaçı cavabdehi sosial şəbəkələrdən tanımışdır. Cavabdeh iddiaçıdan pensiya düzəltmək adı ilə 400 manat pulu əlbəəl, 1200 manat pulu kart hesabına köçürülməklə almış, daha sonra mobil tətbiq vasitəsilə 250 manat pulu iddiaçının adından kredit götürmüşdür. Polis orqanında 1850 manat pulu aldığını etiraf edərək, onun və oğlunun yanında öz əli ilə qəbz yazmış, pulu qaytaracağına söz vermişdir. Lakin indiyə kimi cəmi 140 manat qaytarmış, 1710 manat pulu isə qaytarmamışdır. Məhkəmə, izahatı və şahid ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 1850 manat pul almışdır, halhazırda həmin pulu qaytara bilmədiyi üçün könüllü olaraq özünə məxsus **********269520 nömrəli pensiya kartını İddiaçı ona görə vermişdir ki, hər ay dövlət tərəfindən Cavabdeh verilən 80 manat puldan 40 manatını özü üçün çıxarıb qalan pulu Cavabdeh məxsus **********178433 saylı ABB kartına köçürsün. Bu barədə İddiaçılə Cavabdeh arasında razılıq əldə olunmuşdur. Gələkdə kartın itməsi, yaxud korlanması halında Cavabdeh söz vermişdir ki, kartı yenidən çıxarıb İddiaçı verəcəkdir. Cavabdeh İddiaçı özünə məxsus **********269520 nömrəli pensiya kartını ona görə təhvil vermişdir ki, İddiaçı olan 1850 manat məbləğindəki borcunu hər ay 40 manat çıxarmaqla ödəsin, qalan 40 manatı Cavabdeh məxsus **********178433 saylı ABB kartına köçürsün. İş materiallarında olan Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Təhqiqat Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında olan “whatsapp” yazışmalarından çıxarışın surətlərindən görünür ki, yazışmalarda iddiaçı cavabdehə pul verdiyini bildirmiş, cavabdeh də təsdiqləmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 2024-cü ilin oktyabr ayında eyni kart hesabına müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən şahid ifadəsinə, yazılı qəbzə, tərəflər arasında olan “whatsapp” yazışmalarına, ödəniş qəbzlərinin surətlərinə əsasən müəyyən edildi ki, cavabdeh iddiaçıdan heç bir hüquqi əsas olmadan ümumilikdə 1850 manat məbləğində pul almış, iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində həmin məbləğdə maddi ziyana məruz qalmış, indiyə kimi isə cavabdeh həmin məbləğdən yalnız 140 manatı qaytarmışdır. Beləliklə, iddia tələbi qismən, 1710 manat məbləğindəki pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələbin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1710 (min yeddi yüz on) manat məbləğində pul vəsaiti və 36,97 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar