Məhkəmə qərarları › İş №2(002)-2076/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2076/2022

06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2076/2022 06.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 2(016)-548/2020 saylı, 10 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş və 28 iyul 2011-ci il təvəllüdlü X2, 21 aprel 2015-ci il təvəllüdlü X3 və 04 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin miqdarınin artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-548/2020 saylı,10 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən 28 iyul 2011-ci il təvəllüdlü X2, 21 aprel 2015-ci il təvəllüdlü X3 və 04 aprel 2014-cü il təvəllüdlü X1 onun yanında qalmaları, həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 10 iyul 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində sabit pul şəklində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. O hazırda övladları ilə birlikdə valideynlərinin yanında, yəni Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindəki evdə yaşayır. Övladlarının dolanışınığını təmin etmək üçün ona valideynləri kömək edirlər. Maddi cəhətdən çox əziyyət çəkir. Övladları həm məktəbə, həm də məktəbdən kənar məşğələlərə gedir. Hər birinin istəyi başqadır. O isə tək başına 3 oğlan uşağının tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh işləyir və qazancı kifayət qədərdir. Ona pis münasibət bəslədiyi üçün öz doğma övladlarına 300 manat puldan əlavə bir manat da olsa köməklik etmir. Övladları böyüdükcə onların tələbatı da atrır. Onunla cavabdeh arasında ailə münasibətləri Ağsu Rayon Məhkəməsinin 2(016)-548/2021 saylı, 10 iyul 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların saxlanılması ilə bağlı cavabdehdən onun xeyrinə aliment tutulmuşdur. Lakin həmin aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Hazırki vəziyyətdə alimentin artırılmasına ehtiyacı olduğu üçün alimentin artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağsu Rayon Məhkəməsinin 2(016)- 548/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin surətindən görünür ki, iddiaçı Cavabdeh Usubova (Məmmədova) Məhbubə Cavid qızına qarşı nikahın pozulması barədə iddiası təmin edilərək, 28 iyul 2011-ci il təvəllüdlü X2, 21 aprel 2015-ci il təvəllüdlü X3 və 04 aprel 2014-cü il təvəllüdlü X1 anaları Usubova (Məmmədova) Məhbubə Cavid qızının yanında qalmaları, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 10 iyul 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi üç uşağa görə 300 manat məbləğində sabit pul şəklində alimentin tutularaq Usubova (Məmmədova) Məhbubə Cavid qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı alimentin artırılması barədə iddia vermiş və iddianın yeganə əsası kimi “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanmış, iddiaçı 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini, həmçinin uşaqların saxlanması üçün maddi imkanının olmadığını əsas gətirərək, bu səbəbdən alimentin artırılmalı olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən hüquq normasından görünür ki, alimentin miqdarı dəyişdirilməsinin əsası tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bu dəyişikliklər özünü tərəflərin birinin səhhəti, ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Hazırki iş üzrə mülki iş materiallarından müəyyən edilir ki, cavabdehin maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar mülki iş materiallarında heç bir sübut müəyyən edilməmiş, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, yalnız ölkə üzrə yaşayış minimumunun dəyişdirilməsi alimentin miqdarının artırılması üçün əsas deyildir. İddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına, həmçinin cavabdehin əlavə gəlirlərinin olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı deyildir və iddia təmin edilə bilməz. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar