Məhkəmə qərarları › İş №2(002)-2083/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2083/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2083/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayon məhkəməsinin 19.02.2020-ci il tarixli 2(002)-565/2020 saylıqətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 10.07.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin 19.02.2020-ci il tarixli 2(002)-565/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə aramızda olan nikah pozulmuş 10.07.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda bir uşağın yaşayış munimumu 175 manat müəyyən edilmişdir. Cavabdeh müəyyən gəlirə malik olsa da uşağına heç bir əlavə maddi yardım göstərməmişdir.Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, özünün heç bir yerdə işləmədiyini və anasıgildə qaldığını, öz anasının onlara maddi yardım etdiyini, cavabdehin sədərəkdə mebel sexində işlədiyini, onun həm əlilliyə görə pensiya aldığını, həm də işlədiyini, aylıq əlavə gəlirinin 400-450 manat olduğunu, başqa uşağı,ailəsi olmadığını, uşaqlarının məktəbə hazırlığa getdiyini, əlavə dərs məşğələlərinə cəlb etdiyini, bütün bunları etməkdə isə maddi cəhətdən çətinlik çəkdiyini, uşağının da başqa uşaqlardan geri qalmasını istəmədiyini, yaxşı təhsil almaını istədiyini, bunu isə təkbaşına etməkdə çətinlik çəkdiyini, aylıq 100 manat alimentin isə həmin xərci ödəməyə imkan vermədiyini bildirərək, bu halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi göndərərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi ilə razı deyil, belə ki, iddiaçı ilə birgə nikahdan olan uşağa görə məhkəmənin qətnaməsi ilə 100 manat sabit pul məbləğində aliment ödəyir. O, 130 manat pensiya alır. Onun 100 manatını aliment ödəyir. Lakin özü anasının hesabına dolanır. Həmin pulu ödəməkdə çətinlik çəkir, 175 manatı heç ödəyəməyə imkanı yoxdur. əgər o iddiaçıya 175 manatı ödəməli olsa onda gərək başqasından borc eləsin. Çünki elə ay olur ki, heç bir manat qazana bilmir, həmin pulu necə düzəldə bilər. bu halları nəzərə alaraq, iddianın rədd olunmasına 100 manat alimentin qüvvədə qalmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək, izahatında aylıq 130 manat pensiya aldığını, əlavə olaraq Sədərək bazarında fəhlə kimi işlədiyini (qutu daşıdığını) işinin isə mütəmadi olmadığını, iş olandan olana gəlir əldə etdiyini, aylıq 100 manat alimenti çətinliklə ödədiyini, hətta öz anasının ona maddi yardım etdiyini, ona görə də alimnetin artırılmasına razı olmadığını bildirərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(002)- 565/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment » tələbinə dair iddiası qismən təmin edilərək 10.07.2016-cı il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatanadək, Cavabdeh ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 14 oktyabr 2016-cı il tarixli AZ-İİİ 844316 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, Cavabdeh 10.07.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materialalrından görünür ki, Cavabdeh İİ dərəcə əlilliyə görə 130 manat məbləğində müavinət alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, tərəflərin əvvəllər rəsmi nikahda olmaları, rəsmi nikahdan övladının olması və yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalması, həmçinin onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, qətnamə əsasında müəyyən olunmuş hallar kimi preyudisial əhəmiyyətə malik olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah pozulmuş, həmin nikahdan olan uşaq 10.07.2016-cı il təvəllüdlü X4 anasının himayəsindədir. Məhkəmə qətnaməsi əsasında həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin miqdarının uşağın saxlanması, habelə onun təhsili, sağlamlığı ilə bağlı zəruri olan tələbatlarının ödənilməsinə kifayət etməməsi halına istinad etmişdir. Bu halda, məhkəmə uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcu olduğu halda, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi halı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi halını, habelə uşaqlarının maddi digər zəruri ehtiyaclarının, tələbatlarının günü-gündən artdığını nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, cavabdeh hər ay əlilliyə görə 130 manat pensiya almaqla yanaşı, fəhlə kimi işləyir, müəyyən gəlir əldə edir. Həmçinin, məhkəmə alimentin artırılan miqdarının məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə cavabdehin mövcud maddi vəziyyətini xarakterizə edən halların, habelə uşaqların saxlanılması, böyüdülməsi ilə bağlı öhdəliklərin icrasının hər iki valideynin borcunun olması halının nəzərə alınması məqsədəmüvafiqdir. Ona görə də, məhkəmə qeyd olunan halları nəzərə alaraq, cavabdehin əlavə gəlir əldə etmə imkanının olması halını, habelə uşaqların üstün mənafeyini, daim artan tələbatlarının, zəruri sağlamlıq, təhsil xərclərinin ödənilməsi zərurətinin olduğunu əsas götürərək, hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinın artıralaraq, hər ay bir uşaq üçün 130 manata sabit pul məbləğində müəyyən edilməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 10.07.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(002)-565/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.07.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(002)-565/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar