Məhkəmə qərarları › İş №2(002)-2084/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2084/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2084/2020 20.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər ilə Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, L-BK-0041588-F saylı kredit müqaviləsi və BK- 00007227, BK-00007283 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə 2159,75 manat məbləğində əsas borc, 502,74 manat faiz borcu, 203,10 manat cərimə və 215,98 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış faydanın) əvəzi olmaqla, cəmi 3081,57 manat məbləğində pulun və və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Cavabdeh1 ilə Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə aylıq 1,67%, illik 20% hesablanmaqla 3750 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehlərin zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq BK-00007227, BK-00007283 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini qismən icra etməmiş və nəticədə banka 2159,75 manat məbləğində əsas borc, 502,74 manat məbləğində faiz borcu, 203,10 manat məbləğində cərimə borcu qalmışdır. Bundan əlavə, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, L-BK-0041588-F saylı kredit müqaviləsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində cavabdehdən kreditora vurulmuş zərərin (əldən çıxmış faydanın) tələb olunması nəzərdə tutulmuşdur. Hal-hazırda müqaviləyə əsasən, hesablanmış zərər (əldən çıxmış fayda) 215,98 manat təşkil edir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, həqiqətən xx.xx.2017-ci il tarixində Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında əvvəl də kredit müqaviləsi olmuş, lakin həmin müqavilə üzrə borc tam bağlanmışdır. Maddi vəziyyəti ağır olduğuna görə, habelə əsassız olaraq cərimə və zərər hesablandığına görə iddia tələbinə etiraz edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 20 faizlə 3750 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli BK-00007227 saylı zaminlik müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli BK-00007227 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli BK-00007283 saylı zaminlik müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli BK-00007283 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından və ödəniş qrafikindən görünür ki, Cavabdeh1nın xx.xx.2017-ci il tarixli L-BK-0041588-F saylı saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 2159,75 manat məbləğində əsas borcu, 502,74 manat faiz borcu, 203,10 manat cərimə borcu və 215,98 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 3081,57 manat borcu vardır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh1 iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borc, faiz borcu, habelə gecikməyə görə müqavilədə nəzərdə tutulmuş cərimə məbləğini iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin o, müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz borcunun cavabdeh borcludan tutulması hissəsində tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 100 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış faydanın tutulması hissəsində də əsassızdır. Belə ki, həmin məbləğ faktiki cərimə (dəbbə pulu) xarakteri daşıyır. Halbuki, gecikməyə görə ayrıca cərimə (dəbbə pulu) tələbi irəli sürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2159,75 manat məbləğində əsas borc, 502,74 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 2762,49 manat (iki min yeddi yüz altmış iki manat qırx doqquz qəpik) məbləğində borc pul vəsaiti və 27 (iyirmi yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar