Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2090/2021 05.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5987.54 ABŞ dolları əsas borc, 4346,66 ABŞ dolları faiz borcu, 1417.07 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17 avqust 2017-ci il tarixdən, 07 iyun 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1559.5 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13310.77 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB-dən illik 28 faizlə 24 ay müddətinə 9450 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 17 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 07 iyun 2021-dək Cavabdeh2 banka 17 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 5987.54 ABŞ dolları əsas borc, 4346.66 ABŞ dolları faiz borcu, 1417.07 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 5987.54 ABŞ dolları əsas borc, 4346.66 ABŞ dolları faiz borcu, 1417,07 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 17 avqust 2017-ci il tarixdən, 07 iyun 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1559.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13310.77 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" İKB-dən illik 28 faizlə 24 ay müddətinə 9450 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 17 avqust 2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 964935 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 12 iyul 2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1385 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 28 faizlə 24 ay müddətinə 9450 ABŞ dolları məbləğində kredit götürmüş, 04 oktyabr 2021-ci il tarixinə Cavabdeh2 ümumi borcu 12562.99 ABŞ dolları təşkil edir: əsas borcu - 5840.61 ABŞ dolları, faiz borcu - 4346.66 ABŞ dolları, cərimə borcu - 1417.07 ABŞ dolları, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) - 958.65 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilə üzrə "xxxx" İKB ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 əsas borc üzrə - 5840.61 ABŞ dolları, faiz borcu üzrə - 4346.66 ABŞ dolları, cərimə borcu üzrə - 100.00 ABŞ dolları, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) - 958.65 ABŞ dolları, ümumilikdə 11245.92 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Cavabdeh3 münasibətdə iddia müddəti tətbiq edilməklə, ona aid hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış 20.11.2014-cü il tarixli zaminlik haqqında müqavilələrin 5.2-ci bəndində həmin müqavilənin “Borclunun 1.1-ci bəndində göstərilən müqavilə üzrə “Kreditor” qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Halbuki, kreditin verilmə müddəti nəzərə alındıqda zaminlik müqaviləsinin müddəti bitmiş, ötən müddət ərzində kreditor zaminə qarşı idda irəli sürmədiyinə görə zaminliyə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(002)- 2090/2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 vəfat etdiyinə görə ona aid hissədə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə - 5840.61 ABŞ dolları, faiz borcu üzrə - 4346.66 ABŞ dolları, cərimə borcu üzrə - 100.00 ABŞ dolları, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) - 958.65 ABŞ dolları, ümumilikdə 11245.92 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-2090/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2090/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver