Məhkəmə qərarları › İş №2(002)-2102/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2102/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2102/2021 24.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı «güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 29 noyabr 2019-cu il tarixli, Rest № 001CASA193330001 saylı Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 5 il müddətinə illik 1 % dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla, 4586,55 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 07.06.2021-ci il tarixə İddiaçı ASC-yə 4586,55 manat məbləğində əsas kredit borcu, 21,82 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 4608,37 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29 noyabr 2019-ci il tarixli, Rest № 019CASA193330001 saylı Güzəştli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 4586,55 manat məbləğində əsas borc, 21,82 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 4608,37 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 29 noyabr 2019-ci il tarixli, Rest № 019CASA193330001 saylı Güzəştli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 4586,55 manat məbləğində əsas borc, 63,19 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 4608,37 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, ekspertiza tədqiqatı zamanı 29.11.2019-cu il tarixli kredit müqaviləsi bağlanana qədər onun tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Məhkəmənin əvvəlki iclasında dindirilmiş ekspert X3 ifadəsində göstərmişdir ki, hazırkı iddianın predmeti tərəflər arasında bağlanmış 29.11.2019-cu il tarixli kredit müqaviləsidiir. Bu səbəbdən ekspertiza tədqiqatı zamanı hesablama həmin kredit müqaviləsi üzrə aparılmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş sənədlərdən də aydın olur ki, cavabdeh 29.11.2019-cu il tarixdə müqaviləni bağladığı zaman həmin müqavilədə qeyd olunan borc məbləğini, ödənilmə dövriliyini, son qaytarma müddətini, faizi və s. şərtləri qəbul edərək, bunu müqavilədə öz imzası ilə də təsdiq etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehin izahatını, həmçinin ekspertin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29 noyabr 2019-cu il tarixli, Rest № 019CASA193330001 saylı güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 5 il müddətinə illik 1 % dərəcəsi ilə 4586.55 manat məbləğində kredit götürmüşdür. İş materialına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli, 9/6104 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı ASC Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli Rest № 019CASA193330001 saylı güzəştli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindın görünür ki, müqavilə müddətinə yəni 29.11.2024-cü il tarixinə əsas və faiz borcu ümumilikdə 4727,15 manat məbləğində müəyyən olunur: o cümlədən əsas borc üzrə 4586.55 manat, faiz borcu üzrə 140.60 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqati üçün 100 manat xərc tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli, Rest № 019CASA193330001 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 4586,55 manat məbləğində əsas borc, 63,19 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 4608,37 manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində pul tutularaq, İddiaçı ASC-yə, aparılmış tədqiqatın dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh aid edilərək, həmin məbləğ ondan tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, kreditin faizlərinin və zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli, Rest № 019CASA193330001 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. 29.11.2019-cu il tarixli, Rest № 019CASA193330001 saylı güzəştli kredit müqaviləsi üzrə 4586,55 manat məbləğində əsas borc, 63,19 manat məbləğində faiz borcu olmaqla, cəmi 4608.37 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Cavabdeh aid edilsin. Həmin məbləğ ondan tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar