Məhkəmə qərarları › İş №2(002)-213/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-213/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-213/2022 07.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 08.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4781.44 manat məbləğində kredit borcu, 404,63 manat məbləğində faiz borcu və 721.99 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5908.06 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 79.08 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 08.10.2019-cu il tarixdə bağladığı 027A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8350 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 12.05.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3568.56 manat ödəniş etmiş və onun iddiaçıya 4781.44 manat məbləğində ödənilməmiş kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 14.10.2020-ci il tarixə 151 gün üçün hesablanmış faiz borcu 404.63 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faiz vaxtında qaytarılmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəninlməlidir. 14.10.2020-ci il tarixə 151 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 721.99 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün sayir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 08.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə ödəmək şərti ilə 8350 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC tərəfindən verilmiş 24820 №-li, 28.10.2021-ci il tarixli cədvəldən görünür ki, Cavabdeh 4781,44 manat əsas, 404,63 manat faiz, 721,99 manat cərimə, cəmi 5908.06 manat məbləğində borcu yaranmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin Cavabdeh isə kredit və ona hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun bank qarşısında icra edilmədiyi öhdəliyi qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 08.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4781.44 manat məbləğində kredit borcu, 404,63 manat məbləğində faiz borcu və 721.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə 5908.06 manat məbləğində borc və tərəflərindən ödənilmiş 79.08 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçıQSC ilə Cavabdeh arasında bağlanmış 08.10.2019-cu il tarixli, 027A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 4781.44 manat məbləğində kredit borcu, 404,63 manat məbləğində faiz borcu və 721.99 manat məbləğində cərimə olmaqla, ümumilikdə 5908.06 manat məbləğində borc və ödənilmiş 79.08 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar