Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2138/2024 06.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 5.802 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 13 may 2023-cü il tarixdə saat 22 radələrində ona məxsus Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar massivi nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin şüşəsini sındırma yolu ilə evə daxil olmuş və ona məxsus 1 dəst dəyəri 2.500 manat olan qızıl üzərində gül forması olan üzüyü, həmin formada 1 cüt sırğanı, 1 ədəd dəyəri 2.000 manat üzərində məscid şəkli və brilyant qaşları olan qızıl kişi üzüyünü, 1 ədəd dəyəri 1.800 manat üzərində brilyant qaşları olan qızıl qadın nişan üzüyünü, 1 cüt dəyəri 850 manat olan düzbucaqlı formalı qızıl sırğanı, 1 ədəd dəyəri 430 manat olan qızıl yumru formalı qadın üzüyünü, 1 ədəd dəyəri 1.800 manat olan qızıl boyunbağını, 1 ədəd dəyəri 1.250 manat olan qızıl boyunbağını, 320 manat dəyərində qızıl kulonu, 280 manat dəyərində qızıl kulonu, 1 cüt qızıl sırğanı, 1 ədəd dəyəri 522 manat olan qızıl halqa formalı bilərziyi, 1 dəst dəyəri 850 manat olan qızıl uşaq sırğasını və boyunbağını kulonu ilə birlikdə oğurlayaraq cəmi 12.602 manat məbləğində qızıl-zinət əşyalarını oğurlamışdır. Cavabdeh törətdiyi cinayət hadisəsinə görə Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qeyd edilən cinayət işi üzrə o, zərər çəkmiş şəxs kimi tanınmışdır. Dəymiş ziyanın ödənilməsi barədə Cavabdeh ailəsi ona, razılığa gəlsələr də indiyə kimi cəmi 6.800 manat pul ödəmiş, qalan 5.802 manat ziyanı ödəməkdən imtina etmişlər. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Dəymiş 12.602 manat ziyanın 5.500 manatı ibtidai və məhkəmə istintaqı zamanı, 1.300 manatı isə hökm çıxarıldıqdan sonra ödənilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 1(002)-302/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 31 may 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış; hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş; İddiaçı dəymiş ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmiş; Cavabdeh üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş; Cavabdeh barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış; dövlət büdcəsi hesabından müdafiəçi X1 üçün 72 (yetmiş iki) manat pulun onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülməsi barədə göstəriş verilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd olunan, qanun qüvvəsini almış hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində iddiaçıya 12.602 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırki məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh (ailə üzvləri) tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın bir hissəsi - 6.800 manat pul ödənilmiş, qalan 5.802 manat isə ödənilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia əsaslı olmaqla, təmin edilməlidir. İddiaçı məcburi köçkün olmaqla dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın qalan hissəsi olan 5.802 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 78 manat 02 qəpik dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Törədilmiş cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın qalan hissəsi olan 5.802 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. 78 manat 02 qəpik dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2138/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2138/2024
06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver