Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2160/2020 29.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pulun geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.100 (min yüz) manat əsas, əldən çıxmış faydanın əvəzi olaraq 1.000 (min) manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən 2018-ci il tarixində Abşeron rayonu Məhəmmədili kəndində tikinti üzrə usta işlədiyi yeni yaşayış məhəlləsində qaz xəttinin çəkilməsi məqsədi ilə həmin ərazidə Cavabdeh adlı şəxslə görüşərək 1100 manat pulu ona vermişdir. Həmin müddətdən xeyli vaxt keçsə də, Cavabdeh verdiyi vədi yerinə yetirməmiş, müxtəlif bəhanələrlə aldığı pulun müqavilində heç bir iş görməmişdir. Dəfələrlə onunla görüşmək istəsə də bəhanə edərək görüşüb məsələyə aydınlıq gətirməkdən yayınmışdır. Məcburiyyət qarşısında o, 2019-cu ildə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Abşeron rayonu X3 şöbəsində araşdırma aparılarkən Cavabdeh aldığı 1100 (min yüz) manat pulu etiraf etmiş, işin icra olunmamasına isə əsassız bəhanələr göstərərək pulu yaxın günlərdə qaytaracağına söz vermişdir. Cavabdeh pul aldığını etiraf etməsi və tezliklə qaytaracağı Abşeron rayon X3 Şöbəsinin qərarında öz əksini tapmışdır. Şəxsi araşdırmalarım zamanı məlum olmuşdur ki hazırki cavabdeh kifayət qədər imkanlı olsa da telefonlarıma cavab vermir, pulu qaytarmaqdan yayınır. Bütün sadalananlar Abşeron rayon X3 Şöbəsinin araşdirma və yekun qərarında öz əksini tapmış və cinayət işinin rədd olunaraq, ona mülki qaydada məhkəməyə müraciət olunma barədə tövsiyyə olunmuşdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2018-ci il tarixində Abşeron rayonu, Məhəmmədili kəndində tikinti üzrə usta işlədiyi yeni yaşayış məhəlləsində qaz xəttinin çəkilməsi məqsədi ilə həmin ərazidə cavabdehlə görüşərək 1100 manat pulu ona vermişdir. Həmin müddətdən bir xeyli vaxt keçsə də, cavabdeh verdiyi vədi yerinə yetirməmiş, müxtəlif bəhanələrlə aldığı pulun müqavilində heç bir iş görməmişdir. Abşeron rayonu Polis İstintaq Şöbəsində araşdırma aparılarkən cavabdeh aldığı pulu etiraf etmiş, işin icra olunmamasına isə əsassız bəhanələr göstərərək pulu yaxın günlərdə qaytaracağına söz vermişdir. Lakin indiyə qədər pulu əsassız olaraq özündə saxlayraq, ona qaytarmamışdır. Bununla da ona maddi ziyan vurmuşdur. Qeyd olunan halları nəzərə alaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 157.6-ci maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşıdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı yaşayış sahəsində qaz xəttinin çəkilməsi müqabilində cavabdehə 1100 manat məbləğində pul vəsaitini ödədiyini, lakin cavabdeh tərəfindən heç bir iş görülmədiyini, ödədiyi pulunu isə geri qaytarmadığını, əsassız olaraq özündə saxladığını əsas gətirərək, həmin məbləğdə pul vəsasitinin geri qaytarılması və həmin pulun geri qayatrılmamamsı nəticəsində ona əldən çıxmış fayda şəklində vurulmuş maddi ziyanın ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, məhz iddiaçı ona məxsus olan 1100 manat məbləğində pul vəsaitini xidmət göstərilməsi müqabilində cavabdehə verilməsi halını, cavabdeh tərəfindən isə heç bir xidmət göstərilmədiyi və həmin pul vəsaitinin əsassız olaraq saxlanılaraq ona geri qayatarılmaması, habelə bunun nəticəsində ona 1000 manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyan vurulması halını sübut etmək öhdəliyini daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq xidmət göstərilməsi müqabilində cavabdehə 1100 manat məbləğində pul vəsaitini verdiyini, cavabdehin tərəfindən isə həmin pul məbləği alınsa da, heç bir xidmət göstərilmədiyini, ona məxsus qeyd olunan məbləğdə pul vəsaitini əsassız olaraq özündə saxladığını, ona geri qaytarmadığını bildirsə də, iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, iddiaçı tərəfindən cavabdehə qeyd olunan məbləğdə pul vəsaitinin verilməsi, cavabdehin həmin pul vəsaitini əsassız olaraq özündə saxlanması, iddiaçıya geri qaytarmaması, nəticə etibarilə iddiaçının qeyd olunan məbləğdə pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmamamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi pul vəsaitinin geri qaytarılması tələbinə dair hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin əldən çıxmış fayda şəklində vurulmuş ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, bu hissədə iddia tələbi müvafiq məbləğdə pul vəsaitinin geri qaytarılması tələbindən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin ediməməlidir. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan halların təsdiq olunması üçün yeganə sübut qismində cinayət işinin rədd olunmasına dair müvafiq qərara istinad olunmuşdur. Bununla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən müvafiq qərarda qeyd olunan halların müəyyən edilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsaəsn məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X4 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pulun geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BəkirovRaufAğaəlioğlu Cavabdeh qarşı pulun geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2160/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2160/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver