Məhkəmə qərarları › İş №2(002)-2164/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2164/2020

22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2164/2020 22.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(002)-88/17 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehdən xx xxxx 2013-cü təvəllüdlü X3 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdehlə faktiki nikah münasibətində olmaqla nikahlarını xx xxxx 2013-cü ildə rəsmiləşdirmişlər. Onların nikahlarından xx xxxx 2013-cü təvəllüdlü X3 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X8 adlı iki uşaqları doğulmuşdur. Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Haqverdiyeva (Bəşirova) Könül Aslan qızı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və xx xxxx 2013-cü təvəllüdlü X3 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 anaları İddiaçı ilə qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 117 manat, iki uşağa görə 234 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx xxxxxx 2017-ci il təvəllüdlü X9 adlı üçüncü uşaqları doğulmuşdur. Cavabdeh könüllü atalığı qəbul etmiş, uşağa cavabdehin soyadı ilə doğum şəhadətnaməsi almışlar. Hazırda yenə cavabdehlə ailə münasibətləri pozulmuşdur. Ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədir. Cavabdeh heç bir maddi yardım göstərmir. Həmçinin nikah pozularkən iki uşağın saxlanması üçün olan aliment vaxtlı vaxtında ödəmir. Hazırda cavabdeh işləməsə də müəyyən gəlirə malikdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(002)-88/17 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdehdən xx xxxx 2013-cü təvəllüdlü X3 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 170 manat, iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulması, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizənin nəzərə alınmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianın alimentin artırılması hissəsində rədd ediməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün aliment təyin edilməsinə etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən Haqverdiyeva (Bəşirova) Könül Aslan qızı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və xx xxxx 2013-cü təvəllüdlü X3 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X4 anaları İddiaçı ilə qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 117 manat, iki uşağa görə 234 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İİİ seriyalı 127535 və AZ İİİ seriyalı 462102 nömrəli doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin xx xxxx 2013-cü təvəllüdlü X6 və xx xxxxxxxx 2014-cü il təvəllüdlü X8, xx xxxxxx 2017-ci il təvəllüdlü X9 adlı üç yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 325548 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Haqverdiyeva Könül Aslan qızı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2019-cu ilin iyun ayının 22-də 133 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Bəşirova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 282732 nömrəli əlillik vəsiqəsinin surətindən və ƏƏSDMN Nizami zona X2 497 129 nömrəli arayışının surətindən görünür ki, Cavabdeh 2-ci qrup əlildir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarını, yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbini digər hissədə əsassız hesab edərək qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən hüquq normasından görünür ki, alimentin miqdarı dəyişdirilməsinin əsası tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bu dəyişikliklər özünü tərəflərin birinin səhhəti, ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Hazırki iş üzrə mülki iş materiallarından müəyyən edilir ki, cavabdehin maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar mülki iş materiallarında heç bir sübut müəyyən edilməmiş, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, yalnız ölkə üzrə yaşayış minimumunun dəyişdirilməsi alimentin miqdarının artırılması üçün əsas deyildir. İddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına, həmçinin cavabdehin əmək haqqında əlavə gəlirləri olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin artırılmasına dair hissədə hazırkı iddia əsaslı deyildir və həmin hissədə iddia təmin edilə bilməz. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 117 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar