Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-219/2023 30.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, avtomobilinə dəyən maddi ziyanın əvəzi olaraq 1110 manat pulun, 50 manat servisə ödədiyi pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1190 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, 12 oktyabr 2022-ci il tarixdə saat 20:30-da Cavabdeh idarə etdiyi “KHAZAR LX minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişalı avtomobillə hərəkət edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə iddiaçının idarə etdiyi “MERCEDES BENZ C 180” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə cavabdehin təqsiri üzündən baş vermiş və sürücü Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymiş və avtomobilin ön sağ tərəfi zədələnmişdir. Bu barədə qiymətləndirmə aktı tərtib edilmiş və ona məxsus avtomobilə 1110 manat maddi ziyanın dəyməsi müəyyən edilmişdir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin avtomobilə dəyən ziyanı ödəmək fikri olmamışdır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qismən etiraz edir. Belə ki, sözügedən avtomobilə dəyən maddi ziyanın məbləği ilə razılaşmır, həmin məbləği şişirdilmiş hesab edir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 01\02- 292 Fİ saylı arayışdan və avtomobil qəzası nəticəsində dəymiş zərərin hesablanması cədvəlindən görünür ki aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus “Mercedes Benz C180” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin həcmi 1110 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ C 180” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KHAZAR LX minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişalı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC “KHAZAR LX minik” markalı, **-PC-*** dövlət qeydiyyat nişalı avtomobili idarə etməyi Cavabdeh etibar etmişdir. İş materiallarında olan İXP No ******* saylı inzibati xəta haqqında protokolun və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 12 oktyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ƏFB seriyalı 569837 saylı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı avtomobilinə dəymiş zərərin təyin edilməsi üçün 50 manat məbləğində servis haqqı ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 9/9255 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1994-cü il buraxılışlı, Mercedes Benz C180 markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1060 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 12 oktyabr 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdehin təqsirli bilindiyi və hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyanın vurulduğu mübahisə doğurmur. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maddi ziyan barədə iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə, məhkəmə mülki işin hallarını, servis xidmətinə görə ödəniş qəbzini nəzərə alaraq, servis xidməti ilə bağlı xərcin tam, yəni 50 manat həcmində təmin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən iddia qismən təmin olunduğundan, ekspertiza xərci İddiaçı və Cavabdeh arasında ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 1060 (min altmış) manat, servis xidmətinə görə 50 (əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 29 (iyirmi doqquz) manat olmaqla, cəmi 1139 (min yüz otuz doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə Cavabdeh 47 (qırx yeddi) manat, İddiaçı 3 (üç) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-219/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-219/2023
30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver