Məhkəmə qərarları › İş №2(002)-2195/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2195/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2195/2021 31.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı TuranBank ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TuranBank Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli İK № 678/F-19 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh TuranBank ASC-yə 1,095.26 (min doxsan beş manat, iyirmi altı qəpik) manat əsas borc, 133.04 (yüz otuz üç manat, dörd qəpik) manat faiz borcu, 563.55 (beş yüz altmış üç manat, əlli beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,791.85 (min yeddi yüz doxsan bir manat, səksən beş qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən (borclu-Cavabdeh) tutularaq TuranBank ASC-yə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 06.05.2019-cu il tarixli İK № 678/F-19 saylı kredit müqaviləsinə əsasən illik 23 % olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 3.000 (üç min) manat məbləğində kredit verilmişdirBorcalan tərəflər arasında bağlanmış 06.05.2019-cu il tarixli İK № 678/F-19 saylı kredit müqaviləsinin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur.Cavabdeh 15 aprel 2021-ci il tarixinə qədər müqavilə üzrə öz üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh TuranBank ASC-yə 1,095.26 (min doxsan beş manat, iyirmi altı qəpik) manat əsas borc, 133.04 ( yüz otuz üç manat, dörd qəpik) manat faiz borcu, 563.55 (beş yüz altmış üç manat, əlli beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,791.85 (min yeddi yüz doxsan bir manat, səksən beş qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə və zaminə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir.Tərəflər arasında bağlanmış 06.05.2019-cu il tarixli İK № 678/F-19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq “borcalan” ödəniş qrafikinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarma müddətini pozduğu hallarda illik 46 faiz ödəyir. 3.1.2-ci bəndə görə “Borcalan”m əmlak və maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Bank” borcun dərhal borcun qaytarılmasını tələb edə bilər. 3.1.5-ci bəndə görə “Bank” müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və “borcalan”m digər daşmar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb edə bilər. 3.1.6-cı bəndə görə “Bank” kredit müqaviləsində müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin miqdarında “borcalari’m kredit borcunu artıra bilər. 3.1.7-ci bəndə görə “Bank” “borcalan” tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək hüququna malikdir. İddiaçı TuranBank ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək, cərimə borcunun azaldılmasını, iddianın qismən təmin edilməsini xahiş etmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 06.05.2019-cu il tarixli İK № 678/F-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə 23% dərəcəsi ilə faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 06.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 3000 manat Cavabdeh verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31.08.2021-ci il tarixə borcu aşağıdakı kimidir: - 1095,26 manat əsas borc, 133,04 manat faiz borcu, 563,55 manat cərimə borcu olmaqla, cəmi 1791,85 manat məbləğində borcun mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 06.05.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı banka 3000 manat krediti 24 ay müddətinə 23% dərəcəsi ilə hər ay 157,12 manat (sonuncu ayda 157,10 manat) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, iş materiallarında olan 06.05.2019-cu il tarixli İK № 678/F-19 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilməsini, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 06.05.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 1095,26 manat əsas borc, 133,04 manat faiz borcu, 563,55 manat cərimə borcu olmaqla, cəmi 1791,85 manat məbləğində borc yaranmışdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 06.05.2019-cu il tarixli müqavilə üzrə 10(on) manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 10(on) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 06.05.2019-cu il tarixli İK № 678/F- 19 saylı kredit müqaviləsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1095,26 manat əsas borc, 133,04 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 1238,3 manat pul borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1095(bir min doxsan beş) manat 26(iyirmi altı) qəpik əsas borc, 133(yüz otuz üç) manat,04(dörd)qəpik faiz, 10(on) manat cərimə, cəmi 1238(bir min iki yüz otuz səkkiz) manat 30(otuz) qəpik pul borcu və ödənilmiş 30(otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar