Məhkəmə qərarları › İş №2(002)-2198/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2198/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2198/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" İnkişaf üçün Maliyyə MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı "xxxx" İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. "xxxx" İnkişaf üçün Maliyyə MMC iddia tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı İnkişaf üçün Maliyyə MMC-yə kredit ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla "xxxx" İnkişaf üçün Maliyyə MMC arasında 01.07.2019-cu il tarixli, L-BK-0047064-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “ev təmiri” məqsədilə cavabdehə 12 ay müddətinə aylıq 2.5 % illik 30% olmaqla, 1200 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kredit ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə BK- 00026215 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 868.47 manat, hesablanmış faiz borcu üzrə 184,53 manat, hesablanmış cərimə borcu üzrə 0.00 manat olmaqla, cəmi 1.053 manat məbləğində borcu var. Hal-hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 331.53 manat məbləğində əsas məbləğ üzrə borcu, 54.02 manat faiz borcu olmaqla, cəmi 385.55 manat məbləğində borcu var. Göstərilənləri nəzərə alaraq, cavabdehlərlə "xxxx" İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış 01.07.2019-cu il tarixli, L-BK-0047064 saylı kredit müqaviləsi və BK- 0002615 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 331.53 manat məbləğində əsas məbləğ üzrə borcu, 54,02 manat faiz borcu olmaqla, cəmi 385.55 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" İnkişaf üçün Maliyyə MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış 01 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən ona 12 ay müddətinə aylıq 2.5 % illik 30% olmaqla, 1200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi “"xxxx" İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh2 arasında 01.07.2019-cu il tarixli, İK № BK-00026215 saylı zaminlik müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh1 və Cavabdeh2 qeyd edilən “Kredit kartlarının alınması və istifadəsinə dair müqavilə” və “Zaminlik müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərilərinə götürdükləri öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələrinə görə iddianın qiyməti 500 manatadək olduqda 20 manat, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 331.53 manat məbləğində əsas məbləğ üzrə borc, 54,02 manat faiz borcu olmaqla, cəmi 385.55 manat məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, "xxxx" İnkişaf üçün Maliyyə MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar