Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2205/2024 22.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.200 manat məbləğində borc və ödənilmiş 42 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2.242 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh yaxın qohumu olan baldızının yoldaşı X1 vasitəsi ilə tanımışdır. Belə ki, Elnur bildirmişdir ki, dostu olan Samir dəfələrlə ona yaxşılıq etmişdir, hazırda övladı xəstə olduğundan pula ehtiyacı var, Samirə köməklik etmək lazımdır, yaxın zamanda pulları qaytaracaqdır. O, Elnura inandığı üçün Samirə borc verməyə razılaşmışdır. Samirlə danışanda sonuncu ona pul köçürməsi üçün kartını göndərmişdir. O da, Samirin 4098 5844 9651 7739 nömrəli «Leobank» kartına müxtəlif vaxtlarda, yəni xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 850 manat, xx.xx.2023cü il tarixdə 900 manat olmaqla, cəmi 2.300 manat pul göndərmişdir. Samir bir ay müddətində pulu qaytaracağını bildirsə də, indiyə kimi həmin puldan ona iki dəfə 50 manat olmaqla, cəmi 100 manat qaytrmış, qalan 2.200 manat pulunu isə qaytarmaq istəmir. Dəfələrlə pulu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə borcunu qaytarmaq istəmir. Ona görə də, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, həqiqətən iddiaçıdan müxtəlif vaxtlarda cəmi 2.300 manat borc pul götürmüşdür. İddiaçı həmin pulları hissə-hissə onun kart hesabına köçürmüşdür. İddiaçıdan borcu övladının xəstəliyi ilə bağlı götürmüşdür. Sonradan iddiaçıya borcundan cəmi 100 manat qaytarsa da, maddi imkansızlıq ucbatından iddiaçıya qalan 2.200 manat borcu qaytara bilməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Sadəcə olaraq, borcu hissəhissə qaytara biləcəyini məhkəmənin nəzərinə çatdırır. Belə ki, maddi vəziyyəti borcu birdəfəyə qaytarmağa imkan vermir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçıdan övladının müalicə xərclərini qarşılamaq üçün 1 ay ərzində qaytarmaq şərti ilə 2.300 manat borc almış, həmin borc məbləğində 100 manatını qaytarsa da, qalan 2.200 manatı qaytarmamışdır. Cavabdehin iddiaçıdan qeyd olunan məbləğdə borc alması cavabdehin kartına edilmiş köçürmələrlə təsdiq olunmaqla yanaşı, məhkəmə iclasında iddianı etiraf etməsi ilə də təsdiq olunur. İddiaçı cavabdehdən borcun qalan hissəsini ödəməsini tələb etmiş, borc ödənilmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh borcu tam və vaxtında ödəyə bilməməsini maddi durumunun qeyri-qənaətbəxş olması ilə əsaslandırır, iddiaçıdan borc aldığını danmır. Borcu hissə-hissə qaytara biləcəyini məhkəmənin nəzərinə çatdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi, cavabdehin iddiaçıdan borc alması, borcunun bir hissəsini qaytarması, 2.200 manat borcu isə qaytarmaması cavabdehin etirafı nəzərə alınmaqla işin mübahisə edilməyən hallarıdır. Cavabdeh ona verilmiş borc məbləğini qaytarmaq barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişi vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.200 manat borc və ödənilmiş 42 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.200 manat borc və ödənilmiş 42 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2205/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2205/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver