Məhkəmə qərarları › İş №2(002)-2209/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2209/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2209/2020 30.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.086 manat 20 qəpik borc, 310 manat hüquqi xidmətə görə vəkilə ödənilmiş pul vəsaiti və 30 manat dövlət rpüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və onun həmin bankda olan 66.300 manat depozitinin altında cavabdehə 12 ay müddətinə 2.675 manat kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinə əlavə olaraq onunla xx xxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. «xxxx» ASC ləğv prosesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin onun əmanətinin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, onun əmanətinin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də, məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 1.086 manat 20 qəpik borcunu ödəmişdir. xx xxxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyi icra etmiş zaminə bankın həmin öhdəlik üzrə hüquqları və banka girovsaxlayan kimi mənsub hüquqları zaminin bankın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, zamin həmçinin borcludan banka ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Cavabdeh ilə «xxxx» ASC-nin Gənclik filialı arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 12 ay müddətinə illik 17 % dərəcəsi ilə 2.675 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə «xxxx» ASC-nin Gənclik filialı arasında xx.xx.2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından göründüyü kimi, borclu – hazırkı iş üzrə Cavabdeh bank qarşısındakı müqavilə öhdəliklərini vaxtında və tam şəkildə icra etmədiyi üçün, yaranmış borc məbləği İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən cavabdehin əvəzinə banka ödənilən məbləğ 1.086 manat 20 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar öhdəliyi icra etmiş zamin olan iddiaçıya keçmişdir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, həmçinin hüquqi yardım alınması üçün vəkillə müqavilə bağlanmasına 310 manat pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, banka ödənilmiş 1.086 manat 20 qəpik, ödənilmiş 310 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.426 manat 20 qəpik pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Banka ödənilmiş 1.086 manat 20 qəpik, ödənilmiş 310 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.426 manat 20 qəpik pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar