Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2219/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-202/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 25 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X3 izahat verərək bildirdi ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)-202/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 25 mart 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Birgə nikahdan uğaqları orta məktəbdə oxuyur, həmçinin idmana və hazırlıqlara gedir. Bütün bunlar müəyyən məbləğdə ödənişlər tələb edir. Uşaq böyüdükcə onun gündəlik tələbatları da artır. Cavabdeh isə alimentdən başqa uşağına heç bir maddi yardım etmir. O isə uşağın gündəlik tələbatlarını ödəməkdə çətinlik çəkir. Hazırda bir uşağın yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Cavabdeh kifayət qədər gəlirə malik olsa da, uşağına heç bir maddi yardım göstərmir.Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)-202/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 310/2019 saylı, 30 iyul 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə Cavabdeh tutulan aliment məbləği artırılmış, 25 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ № 195930 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2014-cü ilin 05 avqust tarixində 134 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00312 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı X3 məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosedsində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olmamaları, onların həmin nikahdan bir uşaqlarının olması, məhkəmə qətnaməsinə əsasən uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisəlndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddənin mənasına görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə məhkəmə o, vaxt alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər ki, tərəflərdən birinin, yəni ərin və ya arvadın ailə və ya maddi vəziyyətlərində sonradan hər hansı dəyişiklik baş vermiş olsun. Ailə qanunvericiliyinə görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə - aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Belə olan halda ər və ya arvad ailə vəziyyətlərində baş vermiş dəyişikliyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldıra bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə - onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi başa düşülür. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin artması və ya azalması ilə əlaqədar baş verir. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Həmçinin məhkəmə, tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi aliment öhdəliyindən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edimişdir. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (193 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (alimentin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (alimentin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 25 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Pirallahı Rayon Məhkəməsinin 2(094)-202/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 48 manat 20 qəpik dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçı X2 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25 mart 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Pirallahı Rayon Məhkəməsinin 2(094)-202/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək artırılsın. Cavabdeh iddiaçı X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq bir uşağa görə hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçı X2 aid edilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 48 manat 20 qəpik dövlət rüsumu cavabdeh X4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2219/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2219/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver