Məhkəmə qərarları › İş №2(002)-2220/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2220/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2220/2023 10.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 01U/21 saylı bank xidmətlərinə dair Ümumi Ofertaya əsasən, Bank Müştərinin ödəniş kartına xidmət göstərilməsi və kartla bağlı cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizə ilə o, "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olmasını və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir.

3. 18 aprel 2023-cü il tarixli bildirişlə Cavabdeh "xxxx" KB ASC-yə olan borcunu 3 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. 22 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 12463nkSUMb/22 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 5831.88 AZN əsas, 793.57 AZN faiz, 2.99 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6628.44 AZN məbləğində borcu mövcuddur. İddia tələbi

5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5831.88 AZN əsas, 793.57 AZN faiz, 2.99 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6628.44 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 86.29 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 6100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizdə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22 iyun 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 5831.88 AZN əsas, 793.57 AZN faiz, 2.99 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6628.44 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

10. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

20. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

21. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

24. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

25. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

28. İddia əsaslıdır.

29. İşin mübahisəsiz halları bundan ibarətdir ki tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı 36 ay müddətinə, 26 faiz dərəcəsi ilə, 6100 manat məbləğində kredit məbləğini borcalanın mülkiyyətinə verilmiş, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.

30. Məhkəmə işdə olan sənədlərə əsasən müəyyən edir ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşə əlavə edilmiş, Cavabdeh məxsus hesabdan xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən çıxarış məlumatlarından aydın olur ki, xx.xx.2022-ci ildə hesaba 6100 manat pul vəsaiti mədaxil edilmiş, cavabdeh tərəfindən kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 100 manat təşkil etmişdir.

31. Yuxarıda adı çəkilən Ümumi Ofertanın 17.1-ci bəndinə əsasən, kreditin və kreditdən istəfiadəyəgörə faizlərin və əsas borcun müştəri tərəfindən Banka qaytarılmasının dövriliyi bu müqavilə ilə müəyyən olunur. Müştəri bu müqavilə üzrə ödənişləri kredit xəttindən nağd və ya naödsız istifadə etdiyi tarixdən asılı olmayaraq hər növbəti ayın kreditin verildiyi ayın müvafiq günü ilə eyni günündən başlayaraq sonrakı 10 gün müddətində ödəməlidir, bura 10-cu gün də daxildir və bu müddət “ödəmə müddəti” adlanır. Ödəmə müddəti ərzində müştəriyə sms və a mobil əlavə vastəsilə həmin ödəmə müdətiüçün ödənilməli borc məbləği barədə məlumat göndərilə bilər.

32. Ümumi Ofertanın 20.3-cü bəndinə əsasən, müştəri və onun xeyrinə üçüncü şəzs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (xərimənin, penyanın), üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir.

33. Ümumi Ofertanın 20.6-cı bəndinə əsasən, kreditdən istifadəyə görə faizlər kredit məbləğinin müştərinin cari hesabına köçürüldüyü gündən onun tam qaytarıldığı günədək hesablanır. Bu zaman əsas kimi ayda 30 və ildə 360 gün götürülür.

34. Həmin Ofertanın 20.7.1-ci bəndinə əsasən, müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bank müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və reditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği və hesablanmış cərimə ilə birlikdə qayatarılmasını müştəridən tələb edə bilər.

35. Göstərilənlərdən və işə əlavə edilmiş hesabdan çıxarış məlumatlarından aydın olur ki, cavabdeh qeyd edilən müqavilənin şərtlərini pozmuşdur və onun xx.xx.2023-cü il tarixə qalıq borcu əsas məbləğ üzrə 5831.88 manat, faiz borcu üzrə 793.57 manat təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas, faiz borcu, komisyon haqqının hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

36. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

37. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və cərimənin 2.99 manat müəyyən edilən məbləği əsas bora münasibətdə ağlabatan həddə olmuşdur. Məhkəmə xərcləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 86.29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən ödənilmiş 86.29 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

38. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 5831.88 manat məbləğində əsas borc, 793.57 manat faiz borcu, 2.99 manat cərimə borcu olmaqla, cəmi 6628.44 manat pul vəsaiti və 86.29 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-i xeyrinə ödənilməlidir.

39. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 5831.88 manat məbləğində əsas borc, 793.57 manat faiz borcu, 2.99 manat cərimə borcu olmaqla, cəmi 6628.44 manat pul vəsaiti və 86.29 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar