Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2220/2024 27.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomobilə görə ödədiyi 11800 manat və 1200 manat pulun, 129 manat dövlət rüsumunun, cəmi 13129 (on üç min yüz iyirmi doqquz) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh 2021-ci ilin sentyabr ayında avtomobil almaq istəyərkən tanımışdır. Belə ki, cavabdeh özünə məxsus olan "X11” minik markalı, buraxılış ili 2007-ci il olan avtomobilini 20 min ABŞ dollarına satmaq istədiyini bildirmiş, aralarında avtomobilin 19000 ABŞ dollarına satılması barədə razılığa gəlmişlər. O, qarşılıqlı razılıq əsasında xx.xx.2021-ci il tarixdə 19000 ABŞ dolları pulu Vüqara vermiş, Vüqar da etibarnamə ilə avtomobili ona təhvil verərək istənilən vaxt sənədləşdirə biləcəyini demişdir. O, cavabdehə inanaraq razılaşmışdır. Aralarında olan danışıqlarda şahidlər B.Xəlilov, H.Cümşüdov da iştirak etmişlər. Sonradan avtomobili rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, avtomobilin üzərinə həbs qoyulmuşdur və özgəninkiləşdirilməsi qadağandır. O, avtomobilin üzərinə nə üçün həbs qoyulduğunu araşdırmaq üçün icra şöbəsinə müraciət etmişdir. Orada ona bildirmişlər ki, Ağdam Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə Cavabdeh məxsus "X11” minik markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Avtomobili satarkən Vüqar həbs barədə ona heç bir məlumat verməmişdir. Vüqarla əlaqə saxlayanda, o, öz qohumu X5 11800 manat borcuna görə mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulduğunu bildirmiş, lakin söz vermişdir ki, bu problemi qısa zamanda həll edəcəkdir. Lakin cavabdeh problemi həll etməməklə uzatmış, hər dəfə yeni etibarnamə verərək həbsin götürüləcəyinə söz vemişdir. Həbsə görə avtomobili idarə etməkdə ciddi çətinliklər yaranmış, hətta dəfələrlə Vüqara pulu qaytarıb avtomobili geri götürməsini, ya da icra sənədi üzrə borcu ödəyərək avtomobili həbsdən azad etməsini tələb etmişdir. Lakin Vüqar hər dəfə problemi həll edəcəyini, maddi vəziyyətinin ağır olduğunu bildirməklə məsələnin həllini uzatmışdır. Avtomobili idarə etmək isə mümkünsüz hala gəlmişdir. Bu barədə Vüqarla olan danışıqların audio-video yazısını da məhkəməyə təqdim etmişdir. O, məcburiyyət qarşısında Qaradağ rayon İcra şöbəsinə gələrək Vüqarın icra sənədi üzrə borcuna görə 11800 manat pulu "Kapital Bank" vasitəsilə ödəmişdir. İcra sənədi üzrə borc tam ödənildiyinə görə avtomobilin üzərinə qoyulmuş həbs götürülmüş, daha sonra avtomobili başqa şəxsə satmışdır. Bundan əlavə, avtomobili alanda 1200 manat cəriməsi olduğundan, onları da ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh həmin pulları ona qaytaracağına dair söz versə də, bu günə kimi qaytarmamışdır. Bu barədə dəfələrlə Vüqarla danışmış, Vüqar isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışdır. Daha sonra polisə müraciət etmiş, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə qismən qəbul edir. Belə ki, iddia ərizəsində qeyd olunanlar qismən həqiqəti əks etdirmir. O, özü "X11” minik markalı, buraxılış ili 2007-ci il olan avtomobili 2020-ci ildə 22 min ABŞ dollarına almış, 2021-ci ildə isə onu satmaq qərarına gəlmişdir. 2021-ci ilin sentyabr ayında avtomobilin 19000 ABŞ dollarına iddiaçıya satılmasına dair qarşılıqlı razılığa gəlmişlər. Aralarında olan danışıqlarda şahidlər B.Xəlilov, H.Cümşüdov da iştirak etmişlər. İddiaçı ona 19000 ABŞ dolları pulu, o isə iddiaçıya avtomobili və etibarnamə vermişdir. Lakin iddiaçı avtomobili alanda onun üzərinə həbsin qoyulması barədə qərarın mövcud olmasından xəbərdar idi. Hətta o, iddiaçıya bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin avtomobilin üzərinə həbsin qoyulması barədə qərardadından apellyasiya şikayəti vermişdir. Aralarında belə razılıq olmuşdur ki, əgər o, avtomobilin üzərindən həbsin götürülməsinə nail olarsa, Rəşad satılan “X11” minik markalı avtomobilin üzərindəki nömrəni və əlavə olaraq 6000 ABŞ dolları məbləğində pulu ona verəcəkdir. Lakin həbsi götürmək mümkün olmamışdır, buna görə Rəşada bir neçə dəfə etibarnamə verməli olmuşdur. Bundan əlavə, o, həmin avtomobili BMW markalı başqa avtomobillə əvəz etmək barədə təklif vermiş, lakin Rəşad razılaşmamışdır. Daha sonra iddiaçı onun xəbəri olmadan tələbkar X7 və icra məmuru ilə əlaqə saxlayaraq 11800 manat məbləğində pulu ödəyərək avtomobili öz adına rəsmiləşdirmişdir. Sonradan öyrənmişdir ki, borc bağlanmış, icra sənədi üzrə icraata xitam verilmiş və həbs götürülmüşdür. Əslində o, icra sənədi üzrə borcu hissə-hissə, ayda 500 manat olmaqla ödəyəcəkdi, iddiaçı isə onu gözləmək istəmirdi. Həbsə görə aralarında olan razılaşmanı əsas götürərək, hazırda 11800 manat pulun ondan tutulması barədə iddia tələbinə etiraz edir. Lakin təsdiq edir ki, avtomobil iddiaçıya təhvil verilməzdən əvvəl təqribən 500 manat cəriməsi olmuş, iddiaçı həmin cəriməni ödəmişdir, göstərilən cərimə məbləğində pulun ondan tutulmasına etiraz etmir. Qeyd olunanlara əsasən, iddia tələbini həmin hissədə qəbul edir və iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçının əsgərlik yoldaşıdır, Vüqarı isə 3-4 ildir ki, tanıyır. O, maşın alqı-satqısı ilə məşğul olur. 2021-ci ildə Vüqar özünə məxsus olan “X11” minik markalı maşını 20 min ABŞ dollarına satmaq istədiyini bildirmişdi. Həmin vaxt Rəşad maşın almaq istəyirdi, o, bu barədə Rəşada məlumat vermişdir. Tərəflər aralarında danışıb, maşının 19000 ABŞ dollarına satılmasına dair razılığa gəldilər. Həmin dövrdə Vüqar maşının üzərində cərimə və həbs olduğunu, lakin bu problemi bir aya, ya da bir ay yarıma həll edəcəyini demişdi. Sonrakı iki il ərzində Rəşad hər dəfə həbs probleminin həllini tələb edirdi, Vüqar isə həll edəcəyinə söz verirdi, lakin problem həll olunmurdu. Sonradan Rəşadın gedib borcu bağladığını, avtomobilin üzərində olan həbsi götürdüyünü öyrənmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı onun uşaqlıq dostudur, Vüqarı isə maşın alanda tanımışdır. Maşına baxmaq üçün Sumqayıt şəhərinə Rəşadla birlikdə o da getmişdir. Vüqar maşının qiymətini əvvəl 20000 ABŞ dollarına desə də, sonradan Rəşadla 19000 ABŞ dollarına razılaşdılar. Rəşad pulu tam şəkildə Vüqara ödəmişdir. Rəşadın Vüqara heç bir borcu yoxdur. Həmin vaxt maşının cəriməsi var idi və Vüqar həmin cəriməni bir aya ödəməli idi. Alqı-satqı zamanı Vüqar maşının yalnız cəriməsi haqqında məlumat vermişdi, avtomobilin üzərinə həbsin qoyulmasına dair heç bir söz deməmişdi. Lakin Vüqar sözünə əməl etmədiyi üçün Rəşad maşınla bağlı bütün problemləri özü həll etməyə başladı. Bir neçə dəfə Vüqarla görüşüb ondan maşınla bağlı problemi həll etməsini tələb etsələr də, o, hər dəfə vədlər verərək vaxt qazanırdı. O, Rəşadın maşınla bağlı sözügedən problemin həlli üçün 10000 manatdan çox pul xərclədiyini bilir. Yalnız bundan sonra Rəşad avtomobili rəsmiləşdirə bilmişdir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının surətindən görünür ki, X4 iddia ərizəsi ilə bağlı müvəqqəti təminat tədbiri kimi Cavabdeh məxsus “X11” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2636/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(013)-70/2021 saylı qərardadı dəyişdirilmiş və Cavabdeh məxsus “X11” markalı, **-VV- *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Ağdam Rayon Məhkəməsinin 2(013)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Cavabdeh X5 olan 11800 manat borcunu tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinin İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, aparılan araşdırma zamanı müraciətdə qeyd olunan xüsusatların mülki xarakterli olduğu müəyyən edilmişdir. İddiaçı mülki mübahisə ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X11” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan ƏN-Vİİ № 992003 saylı xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh xüsusi mülkiyyətində olan “X11” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2022-ci il tarixədək İddiaçı sərəncam vermək səlahiyyəti də qeyd olunmaqla etibarnamə vermişdir. İş materiallarında olan ƏN-Vİİİ № 560256 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh xüsusi mülkiyyətində olan “X11” minik markalı, **- VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2023-cü il tarixədək İddiaçı sərəncam vermək səlahiyyəti də qeyd olunmaqla etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh xüsusi mülkiyyətində olan bütün daşınar əmlaklar ilə bağlı xx.xx.2025-ci il tarixədək İddiaçı ümumi etibarnamə vermişdir. İş materiallarında olan “X11” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yazılmış cərimə protokolları ilə bağlı portaldan çıxarışlardan görünür ki, Cavabdeh 2021-ci ilin sentyabr ayınadək ümumilikdə 508 manat cərimə olunmuşdur. Məhkəmə baxışı zamanı iş materiallarına əlavə edilmiş diskin tədqiqi zamanı müəyyən edilmişdir ki, diskdə olan səs və videoyazıda iddiaçı cavabdehə mübahisəli avtomobili ondan 19 min ABŞ dollarına aldığını, cəriməsini ödədiyini, həbsə görə idarə edə bilmədiyini bildirməklə avtomobilin üzərindən həbsin götürülməsini tələb etmiş, cavabdeh isə maddi imkanı olmadığından həbsi götürmək imkanının olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin özlərinin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara, səs və videoyazı materialına əsasən müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında avtomobilin 19 min ABŞ dollarına alqı-satqısına dair razılaşma olmuş, iddiaçı cavabdehə həmin məbləği ödəmiş, cavabdeh isə avtomobili etibarnamə ilə iddiaçıya təhvil vermişdir. İddiaçı avtomobili təhvil aldığı dövrə qədər yaranmış cərimələrə görə cəmi 508 manat, bundan əlavə, avtomobilin üzərində olan qadağanın götürülməsi üçün cavabdehin borclu olduğu icra sənədi üzrə 11800 manat ödəniş etmişdir. Hazırda cavabdeh tərəf cərimə ilə bağlı iddia tələbini qəbul etsə də, avtomobilin üzərində olan qadağanın götürülməsinə görə ödənilmiş məbləğlə bağlı iddia tələbinə etiraz etməkdə, bununla bağlı iddiaçı ilə arasında ayrı bir razılaşmanın olduğunu bildirməkdədir. Məhkəmə, cavabdeh tərəfin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən, əksinə məhkəmə iclasında tədqiq olunan sübutlarla təkzib edildiyindən əsaslı hesab oluna bilməz. Ona görə də, məhkəmə hesab edir ki, mülki iş üzrə sübutlara və mülki qanunvericiliyin tələblərinə əsasən, iddia tələbi qismən, 11800+508=12308 manat həddində əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12308 (on iki min üç yüz səkkiz) manat məbləğində pul və 122 (yüz iyirmi iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2220/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2220/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver