Məhkəmə qərarları › İş №2(002)-223/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-223/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-223/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.880 manat pul vəsaiti və ödənilmiş 127 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ilin sentyabr ayından Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində yerləşən «Kinqsmart» ticarət obyektində Cavabdeh ilə birlikdə işləmişlər. O, kassada, cavabdeh isə mühafizəçi işləmişdir. İş yerində aralarında tanışlıq yaranmışdır. Cavabdeh onunla evlənmək, ailə qurmaq arzusunda olduğunu bildirmişdir. Lakin anası nişanlanmalarına, ailə qurmalarına razı olmadığından cavabdehin niyyəti baş tutmamışdır. Cavabdehlə münasibətləri kəsilmiş, cavabdeh işdən çıxaraq getmiş və taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. X1 23 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra 2022-ci ildə cavabdeh iş yerinə gələrək onunla barışmaq və ailə qurmaq niyyətini dəyişmədiyini bildirmişdir. O, razılaşmışdır. 2023-cü ildə onlar nişanlanmışlar. Nişanlı olduqları vaxtlarda cavabdeh ona məxsus mobil telefona baxarkən orada bank kartı olduğunu, yəni hesabında pul olduğunu görmüşdür. Lakin o, bu barədə cavabdehə heç bir məlumat deməmişdir. Cavabdeh 2024cü ilin mart ayında ona bildirmişdir ki, xalaları və başqaları bilməmək şərti ilə ona borc pul verə bilərmi? Borc pul istifadəsində olan nəqliyyat vasitəsini dəyişmək, yəni yenisini almaq üçün lazımdır. Əlavə olaraq bildirmişdir ki, narahat olmasın, qaytaracaq. O da, cavabdehə inanıb etiraz etməmişdir və razılaşmışdır. Razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdən başlayaraq 500 manat, 06, 07, 14, 17, 18 mart və 06 aprel 2024-cü il tarixlərdə 300 manat, 400 manat və axırıncı dəfə 180 manat pulları milliön aparatından Leobank bank kartı vasitəsi ilə cavabdehin adına cəmi 2.080 manat pul köçürmüşdür. Cavabdeh ona yenə də pul lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, xalası onun bank kartından hesabına 200 manat pul köçürsün. Lakin o, bunu xalası X2 deməmişdir. Çünki, xalası onun cavabdehə verdiyi pullardan xəbərsiz idi. Lakin təsadüfən xalası qızı X3 mobil telefonuna baxarkən göndərdiyi pulları görmüş və xalası Cəmilə Abasovaya demişdir. Lakin cavabdeh bununla kifayətlənməyərək ona əlavə olaraq 5.000 manat pul lazım olduğunu bildirmiş və pulun verilməsini təkid etdikdə, onda bu qədər pulun olmadığını bildirmişdir. Cavabdeh isə bildirmişdir ki, bəs əvvəllər verdiyi pulları haradan tapmışdır? Bu hərəkətlərinə görə o, cavabdehdən şübhələnməyə başlamışdır və verdiyi pulların qaytarılmasını tələb etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə evlənmək məqsədi ilə onu öz evinə aparmışdır. O, cavabdehin evində xəstələnmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə onu öz evlərinə qaytarmışdır. Bir həftədən sonra gəlib yenidən aparmışdır və o, bir həftə cavabdehin evində qalmışdır. Cavabdeh onu təkrarən öz evlərinə qaytarmış və bildirmişdir ki, xalaları ailə qurmalarını istəmirlər, onu cavabdehdən soyudurlar, həm də arada pul söhbəti edirlər. Cavabdehin bu hərəkətləri və sözləri qarşısında heç bir söz deməmiş və bundan sonra bütün əlaqələri kəsilmişdir. Hazırda o, başqa qohumları olmadığından xalası Cəmilə Abasova ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayır. Cavabdeh dəfələrlə ondan yaşadığı evin hüquqmüəyyənedici sənədini verməsini istəmişdir. İndi başa düşür ki, cavabdehin məqsədi ailə qurmaq deyil, yaşadıqları mənzili ələ keçirmək və cavabdehə verdiyi pulları geri qaytarmamaq və əsassız varlanmaqdır. O, işlədiyinə görə hər ay 450 manat məbləğində əmək haqqı almışdır. Aldığı əmək haqlarını da cavabdehə şəxsən vermişdir. Çünki onlar nişanlı olduqlarından cavabdehə inanmışdır. Bu barədə yeganə ümidi və dayağı olan xalası Cəmilə Abasovaya da heç bir söz deməmişdir. Əmək haqqı şəklində aldığı 10.800 manat pulu da cavabdehə vermişdir. Beləliklə, milliön aparatı vasitəsi ilə cavabdehə göndərdiyi 2.080 manat və şəxsən verdiyi 10.800 manat olmaqla, cəmi 12.880 manat pulunu dəfələrlə istəməsinə baxmayaraq, cavabdeh pulu qaytarmır və aldığı pulları qaytarmayacağını bildirmişdir. Bu səbəbdən, Qaradağ RPİ 10-cu PŞ-yə müraciət etmişdir. Lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, müraciətində qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin anası Polis Şöbəsinə bildirmişdir ki, toy edəcəkdi, guya onun xalaları onu öyrədiblər ki, bu işi pozsun. Halbuki, heç vaxt belə söhbət olmamışdır. Cavabdeh həmişə ona demişdir ki, xalası onu aldalıb evini öz adına keçirəcəkdir. O, cavabdehin evində olduğu müddətdə atası Azər Rzayev və anası Zərifə Rzayeva onu dilə tutaraq demişlər ki, guya ona bir həftəyə toy edəcəklər. Ona demişlər ki, xalasını göndərsin, restoran danışsınlar, dostlarına bir həftə sonra toyun olacağını xəbər versin. Görünür ki, bütün bunlar onu ələ almağa və özlərinin düşündükləri məqsədə çatmağa yönəldilmişdir. Bütün bu yalan vədlər və ələsalmalar onun iztirab keçirməsinə səbəb olmuş, sağlamlığına mənfi təsir göstərmişdir. Bank kartında olan və cavabdehə göndərdiyi pullar içərisində anasının vəfatı ilə əlaqədar verilmiş 700 manat dəfn pulu da vardır. Cavabdeh ailə qurmaq məqsədi ilə öz evinə aparıb, sonra isə bu niyyətindən əl çəkməsi və qeyd etdiyi hərəkətlərlə ona mənəvi ziyan vurmuşdur. Hesab edir ki, mənəvi ziyan maddi ziyandan daha ağırdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı həqiqətən ona hissə-hissə olmaqla, cəmi 2.080 manat pul vermişdir. Lakin iddianı qalan hissədə qəbul etmir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 26/2024 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən «X6» MMC-nin Kingsmart supermarketində xəzinədar vəzifəsində çalışır və vəzifə maaşı 350 manat təşkil edir. Ödəniş qəbzlərindən (çeklərindən) görünür ki, İddiaçı tərəfindən Cavabdeh hissəhissə olmaq şərti ilə cəmi 2.080 manat pul vəsaiti göndərmişdir. Cavabdeh aldığı pulları qaytarmadığı üçün iddiaçı Bakı şəhəri Qaradağ RPİ 10-cu PŞ-ya müraciət etmiş, onun müraciətində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan PŞ-nın 12 iyul 2024-cü il tarixli 48-1/2-A-5121 saylı məktubu ilə iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçı hesabına 2.080 manat həcmində əsassız varlanmışdır. Cavabdehlə iddiaçı arasında həmin borc məbləğinin iddiaçı tərəfindən ödənilməli olmasını təsbit edən (öhdəliklər götürməsini təsdiq edən) hər hansı müqavilə və yaxud digər qanuni əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 127 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2.080 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40.80 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehə daha artıq pul verməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.080 manat pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40.80 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar