Məhkəmə qərarları › İş №2(002)-2231/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2231/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2231/2020 30.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Xidmət oğluna qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xidmət oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xidmət oğlundan 10000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır və xx.xx.2020-ci il tarixdə ondan borca 10000 manat məbləğində pul götürmüşdür. Belə ki, həmin vaxt cavabdeh öz xətti ilə yazmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə götürdüyü 10000 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdə geri qaytaracaqdır. O, Cavabdeh dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək həmin pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Səbuhi Xidmət oğlunun nümayəndəsi və vəkili X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iddia ərizəsində göstərilənləri qəbul etməyərək, tələbin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Cavabdeh onun qaynıdır. xx xxxx 2020-ci il tarixdə qaynı Cavabdeh əri İddiaçı 10000 manat məbləğində borca pul istəmiş, həmin gün saat təxminən 19:00-20:00 radələrində Cavabdeh tərəfindən Qaradağ rayonu ərazisində yerləşən X9 pulun alınması ilə bağlı ərizə yazılmış, pul isə faktiki olaraq xx xxxx 2020-ci il tarixdə səhər saat 11:00 radələrində sonuncuya verilmişdir. Belə ki, onların həmin ərəfədə evdə 14000 manat pulları olmuş, həmin pulun 10000 manatını əri qardaşına vermək üçün ondan almışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, tərəflər onun övladlarıdır, onlar arasında yaşılı razılaşma olsa da, əslində İddiaçı Cavabdeh pul verməmişdir. Belə ki, onlar oğluna hədə-qorxu gəldiklərinə görə o, borcun alınması ilə bağlı həmin sənədi imzalamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, tərəflər arasında hər hansı məbləğdə pulun alınıb-verilməsi barədə razılaşma olmamış, Cavabdeh həmin sənədi hədə qorxu və təhdid altında imzalamışdır. Məhkəmə tərəflərin əvvəlki məhkəmə iclasında verdikləri izahatlarını və şahid ifadələrini nəzərdən keçirib, iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış “Borc müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçının mövqeyinə görə cavabdeh “Borc müqaviləsi” üzrə onun qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, borc məbləğini ödəməkdən yayınmışdır. İddiaçının təqdim etdiyi “Borc müqaviləsindən” görünür ki, cavabdehin iddiaçıya 10000 manat məbləğində borcu var. İddia tələbi ilə razılaşmayan cavabdehin mövqeyi isə ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında borc müqaviləsi bağlanılsa da, iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilməmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, İddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı 30.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd edilən bu maddi hüquq normalarının tələbindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddiaçı həmin pul məbləğini cavabdehdən tələb etməkdəhaqlı olmuşdur; cavabdehin mövqeyi əsassızdır. Cavabdehin bir dəlili də ondan ibarətdir ki, onun iddiaçıya borcu yoxdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə sübut etmə yükü borcun mövcudluğunu mübahisələndirən tərəfin, yəni cavabdehin üzərinə düşür. Hazırki iş üzrə cavabdeh iddiaçıya borcunun olmamasını sübuta yetirə bilmir. Məhkəmə hesab edir ki, borc alan cavabdehin borc müqaviləsi üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin mövcud olması müəyyən edildiyindən 10000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Xidmət oğlundan 10000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar