Məhkəmə qərarları › İş №2(002)-2244/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2244/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2244/2020 30.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8660 (səkkiz min altı yüz altmış) manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının hüquqi şəxsi olan İddiaçı MMC dövlət qeydiyyatına alınmaqla kimyəvi məhsulların satışı üzrə fəaliyyət göstərir. 2020-ci ilin fevral ayının əvvəlində Cavabdeh ümumi dəyəri 8660 manat olan kimyəvi məhsul - soda məhsulu satılmışdır. Cavabdeh iddiaçı təşkilatın fəaliyyət göstərdiyi Bakı şəhəri, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən anbarına yaxınlaşaraq qeyd olunan məbləğdə soda məhsulunu almış və dəyərini iki gün ərzində ödəyəcəyini bildirmişdir. Lakin bu günə qədər cavabdeh almış olduğu məhsulun dəyərini ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı MMC-nin qanuni təmsilçisi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nizami RPİ-nin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək, Cavabdeh hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmiş, lakin mübahisə mülki xarakterli olduğundan xx.xx.2020-ci il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Vəkil sorğusu ilə alınaraq iş materiallarına əlavə olunmuş Cavabdeh öz ərizəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə təşkilatın əməkdaşı olan Həmid Həmidovdan ümumi dəyəri 8660 manat dəyərində olan soda məhsulu almışdır. Cavabdeh borcu təsdiq etmiş və xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdə öz əli ilə ərizə yazaraq 8660 manat dəyərində məhsulu götürdüyünü və borcunu xx.xx.2020-ci il tarixə qədər qaytaracağını bildirmiş, lakin hal-hazıradək həmin pulu qaytarmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçı təşkilatda satış üzrə mütəxəssis vəzifəsində çalışır. Cavabdehə 2020-ci ilin yanvar-fevral aylarında (sonuncu dəfə xx.xx.2020-ci ildə) soda məhsulu satmış, cavabdeh cəmi borcu olan 8660 manatı iki gün ərzində ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. Sonradan cavabdeh onun yanında öz əli ilə ərizə yazaraq 8660 manat borcunu xx.xx.2020-ci ilədək ödəyəcəyini öhdəsinə götürmüş, lakin yenə də ödəməmişdir. Məhkəmə, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət hadisəsi müəyyən edilmədiyindən və faktla əlaqədar cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-dən 8660 manat dəyərində soda məhsulunu həmin təşkilatın əməkdaşı X1 almışdır, 8660 manat məbləğində borcunu qəbul edir və həmin borcu xx.xx.2020-ci il tarixə kimi tam ödəyəcəkdir. Ərizəni özü, heç bir təzyiq olmadan yazmışdır. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, xx.xx.2020-ci il tarixli ərizəyə əsasən müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-dən 8660 manat məbləğində məhsul almış və həmin məhsulun dəyərini razılaşdırılmış müddətdə qaytarmağı öhdəsinə götürmüş, lakin müddətin başa çatmasına baxmayaraq həmin öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8660 (səkkiz min altı yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar