Məhkəmə qərarları › İş №2(002)-2247/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2247/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2247/2020 01.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı QSC “Bank Standart” KB-nın cavabdeh X1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standart” KB-nın cavabdeh X1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/128920/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 2841.84 (iki min səkkiz yüz qırx bir, 84) manat məbləğində əsas borc, 1189.82 (min yüz səksən doqquz, 82) manat məbləğində faiz borcu, 2117.79 (iki min yüz on yeddi, 79 manat məbləğində cərimə borcu, 418.86 (dörd yüz on səkkiz, 86) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6568.31 (altı min beş yüz altmış səkkiz, 31) manat məbləğində pulun, 30 manat dövlət rüsümunun ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 dəftərxana vasitəsilə ərizə göndərərək hazırkı mülki işin aidiyyəti dəyişdirilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır və həmin ünvanda yaşayır, hazırkı iş üzrə məhkəmə mübahisəsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin yazılı vəsatətini və ona əlavə olunmuş sənədləri araşdıraraq, hesab edir ki, cavabdehin aidiyyətin dəyişdirilməsi barədə yazılı vəsatəti əsaslı olmaqla, təmin edilməli, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə məhkəmə işi hallarda başqa məhkəmədə baxılmağa verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia ərizəsində cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Qaradağ rayonu, Şubanı-1, Hərbi Şəhərçik olaraq göstərilmişdir. Lakin cavabdehin təqdim etdiyi yazılı vəsatətindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh X2 ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin, məhkəmə araşdırması zamanı AZEMİS elektron informasiya portalında aparılmış axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmaqla, buna dair müvafiq sənədin verilmə tarixi kimi xx.xx.2018-ci il tarix kimi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan məhz ünvan 1 ünvanı olmuşdur. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan barəsində əvvəlcə rəsmi sənəd olmadığından, hazırki halda isə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvanın məhz ünvan 1 olması halı aşkar edildiyindən və cavabdehin özünün mülki işi onun yaşadığı yerin məhkəməsinə verilməsi barədə yazılı vəsatəti olduğundan, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC “Bank Standart” KB-nın cavabdeh X1 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar