Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2260/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1250 manat pulun, məhkəməyə gəlib getməsinə görə 50 manat yol pulu, ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərinin ödənilməsi və ödədiyi 33 manat dövlət rüsumunu onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını və Cavabdeh əməllərində cinayət tərkibi olduğundan iş üzrə xüsusi qərardad çıxarıb araşdırılması üçün prokurora göndərilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o- İddiaçı Cavabdeh ilə 2024-cü ilin fevral ayının əvvəllərində sosial şəbəkələrin birində tanış olmuşdur. O, ona subay olduğunu bildirərək, həyat yoldaşının bir neçə il bundan əvvəl rəhmətə getdiyini, halhazırda öhdəsində bir azyaşlı övladının olduğunu və anası ilə birgə yaşadığını bildirmişdir. Cavabdeh onunla ailə qurmaq istədiyini və onu xoşbəxt edəcəyini bildirdi. O, da ona inanaraq onunla münasibət qurdu. Söhbətlər zamanı o, ona bildirdi ki, bəzi işlər qurur və buna görə ona pul lazımdır. O, da ona inanaraq uşağının aliment pulundan yığdığı puldan 800 manat pulu 23 fevral 2024-cü il tarixdə saat 17.38-də onun istifadəsində olan kartına göndərdi. Cavabdeh bu pulun az olduğunu və birazda ona pul lazım olduğunu bildirdi. O, 25 fevral 2024-cü il tarixdə saat 20.10-da 100 manat pulu da onun kartına göndərdi. Bundan sonra cavabdeh ona birazda pul lazım olduğunu bildirdikdə o, 28 fevral 2024-cü il tarixdə saat 12.19-da onun kartına 400 manat pulu da göndərdi. O, bundan sonra hər dəfə müxtəlif bəhanələrlə aldığı pulu qısa müddətdə ona qaytaracağına söz və vədlər verirdi. Həmdə tezliklə onunla ailə quracağını bildirdi. Şəkillərini və anasının şəkillərini ona göndərirdi. O, isə pulun nə vaxt qaytaracağı ilə bağlı ona sual verdikdə onun ondan yavaş yavaş uzaqlaşdığını görürdü. Onun ailə qurmaq deyil pullarını alması niyyətini başa düşdü. Hər gün ondan pulunu istədikdə o, on a tələsmə pullarını verəcəyək deyirdi. O, ona cəmi 50 manat pul qaytardı və qalan pulu qısa müddətə qaytaracağını deyirdi. 2024-cü ilin mart ayının 10-dan sonra artıq o onun zənglərinə belə cavab vermədi. Çünki, sonuncu yazışmalarında o, onu aldatmasını başa düşdüyünü və onun barəsində 102 xidmətinə məlumat verəcəyini demişdi. O, da ona yaxşılıq edib ona pul verdiyini və bir az da səbr etməni bildldirmişdir. Lakin sonradan onun onun telefon zənglərinə cavab vermədiyini görüb əlimdə olan sübutları toplayıb məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. İddiaçı sonuncu məhkəmə iclasına teleqram göndərərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz göndərərək, bildirmişdir ki, onun iddiaçı ilə münasibəti olan vaxtı bir birilərinə pul xərcləmişdilər və o iddiaçıdan borc kimi aldığı 500-600 manat olubdur təxminən, onu da şəxsən əlbəl qaytarmışdır.İddiaçının həmin pulu təkrar istəməsinin səbəbi ondan ayrılmağı olub.Ona görə də məhkəmədən xahiş edir ki, iddia tələbinin təmin olunmaması ilə bağlı qətnamə qəbul edilsin. Məhkəmə iclasları da onun iştirakı olmadan keçirməyini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankın məhkəməyə ünvanlandığı arayışından və çıxarışdan görünür ki, İddiaçı məxsus 5522********6008 nömrəli kartdan xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə isə 100 manat pul Cavabdeh məxsus 4127********2244 nömrəli karta köçürülmüşdür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə təyinatı Qaradağ rayon məhkəməsi olmaqla 33 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş vatsap yazışmalarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh məxsus 4127********2244 nömrəli karta xx.xx.2024-cü il tarixdə 400 manat məbləğində pul köçürülmüşdür. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh müəyyən vaxtlarda pul köçürmüş, Cavabdeh isə iddiaya etiraz göndərərək borc kimi aldığı 500-600 manat olduğunu bildirmiş, onu da şəxsən əlbəl qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, işdə olan ABB-dən sübutların götürülməsi barədə qərardada əsasən iddiaçı cavabdehinə məxsus kart hesabına 800 manat və 100 manat müxtəlif vaxtlarda pul köçürmə etməsi müəyyən edilmişdir. Həmçinin işdə olan vatsap yazışmalarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh məxsus karta xx.xx.2024-cü il tarixdə 400 manat məbləğində köçürmə etmişdir.İddiaçı cavabdeh tərəfindən ona 50 manat geri qaytardığını bildirmişdir. Belə olan halda 1250 manat hissədə iddia tələbinin əsaslı olduğunu məhkəmə qeyd edir. Həmçinin məhkəmə əlavə edir ki, iddia tələbinin 50 manat məbləğində yol pulu hissəsi ilə əlaqədar olaraq iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Bundan başqa məhkəmə iddia tələbinin ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərinin ödənilməsi hissəsinə dair qeyd edir ki, hazırkı iddia tələbinin əsasında fiziki şəxslər arasında olan borc münasibətləri təşkil edir. Belə ki, hazırda tərəflər fiziki şəxslərdir, sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir, yəni onlar arasında müvafiq borc üzrə müəyyən məbləğdə faizlərin ödənilməsinə dair razılıq əldə edilməmişdir. Bundan başqa da tələb olunan məbləğdə dəqiq məbləğ göstərilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, qanun ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər gecikdirilmiş gün üçün faizlərinin ödənilməsini sahibkarlıq fəaliyyəti ilə məşğul olan kreditor tərəfin daha çox zərər görməsinin qarşısını almaq üçün nəzərdə tutmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakıları ehtiva edir:onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə 33 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğin cavabdehdən tutlmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi qismən təmin edildiyindən (1250 manat məbləğində) və iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq dövlət rüsumunun məbləği 32,5 manat olduğundan hesab edir ki, Cavabdeh 32,50 manat məbləğdə dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borca görə 1250 manat və 32,50 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borca görə 1250(bir min iki yüz əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32,50(otuz iki manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2260/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2260/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver