Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2269/2021 22.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Təhməz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Təhməz oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Təhməz oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin sentyabr ayında borc verilmiş 26.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Təhməz oğlundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Təhməz oğlu arasında olan şifahi razılaşmaya əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binalarındakı mənzillərə su sayğaclarının qurulması məqsədi ilə 2018-ci ilin sentyabr ayında Cavabdeh Təhməz oğluna 26.000 manat məbləğində borc pul verilmişdir. Cavabdeh Təhməz oğlu aldığı pulu geri qaytarmaq öhdəliyini icra etməmiş, borc aldığı 26.000 manat pulu geri qaytarmamışdır. Ondan dəfələrlə borc pulun geri qaytarılmasının tələb edilməsinə baxmayaraq pulu qaytarmaqdan yayınmışdır. Nəticədə, Cavabdeh Təhməz oğlunun iddiaçıya xeyli miqdarda borcu yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Təhməz oğlu məhkəmə iclasında iddianı qəbul edərək, onun təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh Təhməz oğlunun izahatından görünür ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır. Hal-hazırda ünvan 2aşayır. Bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binalarına (24 binaya 2279 şəxsi mənzilə) su sayğaclarının qurulması məqsədi ilə 2018-ci ilin sentyabr ayında Bakı şəhər sakini, çoxdan tanıdığı İddiaçı 26.000 manat məbləğində nağd pul alıb yuxarıda göstərilən təyinata xərcləmişdir. Bildirir ki, hal-hazırki tarixədək şirkətdə gördüyü işə görə pulunu ala bilmədiyinə görə İddiaçı pulunu qaytarmamışdır. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş digər sənədlərin – bir neçə səhifədən ibarət olan izahatın, sadə cədvəl və riyazi hesablamalar olan vərəqlərin, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar və s. sadalanmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh Təhməz oğlu 2018-ci ilin sentyabr ayında yuxarıda qeyd olunan şifahi razılaşma (şifahi müqavilə) üzrə İddiaçı su sayğaclarının quraşdırılması məqsədi ilə 26.000 manat borc pul almış, borcu vaxtında qaytaracağına dair iddiaçı qarşısında öhdəlik götürmüş, götürdüyü borcu təyinatı üzrə sərf etmiş, lakin iddiaçıya olan borcunu vaxtında və tam şəkildə ödəməyərək, öhdəliyini icra etməmişdir. İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26.000 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Təhməz oğlundan tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26.000 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Təhməz oğlundan tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2269/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2269/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver