Məhkəmə qərarları › İş №2(002)-2292/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2292/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2292/2024 17.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx.xx.2023-cü il tarixdə yazılı bağlanılmış və notarial təsdiq edilmiş borc müqaviləsinə əsasən, “Borc verən” notariusun bankda açılan depozit hesabı vasitəsilə “Borc alana” 4170 manat pul borc verir. “Borc alan” borcu xx.xx.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqaviləsinə əsasən, İddiaçı və Cavabdeh həmin müqaviləni aşağıdakı şərtlərlə bağlamışdır: “Borc alan” borcu xx.xx.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İddia tələbi

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc aldığı 4170 manat pulun və ödənilmiş 62 manat dövlət rüsumunun, cəmi 4232 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o Cavabdeh ilə 14 saylı notarius ofisində 20 noyabr 2023-cü il tarixdə kredit müqaviləsi bağlayaraq ona borc olaraq 4170 manat pulu borc olaraq verdi. Borc alan Cavabdeh ondan borc aldığı 4170 manat pulu xx.xx.2024-cü il tarixə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Müəyyən səbəblərə görə cavabdeh borcu qaytara bilmədiyindən borcun qaytarılma müddətinin artırılması üçün 22 yanvar 2024-cü il tarixdə müqaviləyə düzəlişə dair yeni müqavilə bağladılar. Həmin müqaviləyə görə 20 noyabr 2023-cü il tarixli müqavilənin 2-ci bəndində göstərilən şərtlərə əsasən borc verdiyi 4170 manat pulun xx.xx.2024-cü il tarixədək geri almaq barədə razılığa gəldilər. Cavabdehin qəbul etdiyi müddət bitsə də ona olan borcunu qaytarmaq istəmir və hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Hazırki vaxta kimi onun pulunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət edir.

5. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbini müdafiə edərək, cavabdehin ödəniş etmədiyini, işədüzəltmə adı ilə ondan pul aldığını lakin pulu qaytarmadığını, digər şəxsin tutulduğunu, cavabdehin dələduzluq ilə məşğul olduğunu bildirmişdir.

7. Cavabdeh məhkəmə iclasında iştirak edərək ərizəsində bildirmişdir ki, iddia tələbini qəbul etdiyini, iddiaçıya olan 4170 manat borcdan heç bir ödəniş etmədiyini, tutulan şəxsin oğurluqla tutulduğunu və o məsələnin ona aidiyyatının olmadığını bildirmiş, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

8. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

9. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

10. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

11. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

12. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

15. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

16. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

20. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

21. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

24. İddia əsaslıdır.

25. İddiaçı cavabdehə 4170 manat məbləğin borc verildiyini qeyd edərək həmin məbləğin geri qaytarılmasını tələb edir. Tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır.

26. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir.

27. İddiaçı tələbin əsaslılığını sübut etmək üçün tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli borc müqaviləsini və xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilələri məhkəməyə təqdim etmişdir.

28. Bundan başqa, məhkəmə iclasında cavabdeh iddia tələbində göstərilən bütün borc məbləğini etiraf edərək, 4170 manat pulun ona verildiyini qəbul etmiş, ödənişi tam icra edəcəyini bildirmişdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

30. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş vermədiyindən tərəflər arasında şifahi borc müqaviləsinin olması halı sübut edilmişdir.

31. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarının tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu qiymətləndirərək hesab edir ki, tərəflər arasında bağlanmış yazılı borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 4170 manat pul vəsaiti vermiş, cavabdeh isə həmin pul vəsaitini qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur.

32. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirərək borc məbləğini iddiaçıya qaytarmalı, yəni iddia təmin edilməlidir. Məhkəmə xərcləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbə uyğun hissəsi (62 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə

36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 4170 manat pul vəsaiti və tələbin təmin edilmiş hissəsinə uyğun 62 məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

37. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 4170 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 62 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar