Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-23/2024 16.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «səhhətinə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «səhhətinə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 16.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 iyun 2019-cu il tarixdə Cavabdeh1 «C» kateqoriyalı sürücülük vəsiqəsi ilə tanışı X17 məxsus olan «İsuzu yük» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri istiqamətində idarə etmiş, avtomobili texniki cəhətdən saz olmuş, avtomobildə sərnişin olmamış, yük yerində təxminən 3 ton yük olmuşdur. İdarə etdiyi avtomobili yolun sağ, yəni sağdan birinci hərəkət zolağı ilə 80 km/saat sürətlə idarə edərək xeyli məsafə getmiş , saat 09 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsinin ərazisinə çatmışdır. Avtomobili qəsəbə daxilində təxminən 60 km/saat sürətlə idarə edərkən bir anlıq özündən asılı olmadan yuxulamış və diqqəti yoldan yayınmışdır. O, yuxulayan zaman birdən idarə etdiyi «İsuzu yük» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərbə ilə nəyəsə çırpıldığını hiss edib oyanmışdır. Oyanan zaman görmüşdür ki, idarə etdiyi avtomobil qarşıda Cavabdeh2 idarə etdiyi «Ford Transit mikroavtobus» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa hissəsinə çırpılıb. Avtomobillər xeyli hərəkət etdikdən sonra dayanmışdır. Digər Cavabdeh2 «B CE D» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında tanışı Şaiq Məmmədova məxsus olan «Ford Transit mikroavtobus» markalı 10- MK-391 dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə edərək, o, 17 iyun 2019-cu il tarixdə səhər saatlarında həmin avtomobillə Ələt qəsəbəsindən çıxıb Bakı şəhərinə yola düşmüşdür. Bakı-Qazax- Gürcüstan avtomobil yoluna çıxıb Bakı şəhəri istiqamətində gələrkən avtomobili özü idarə etmiş, avtomobili texniki cəhətdən saz, avtomobildə 14 nəfər sərnişin, yük yeri boş olmuşdur. Avtomobili yolun sağ, yəni sağdan birinci hərəkət zolağı ilə 60 km/saat sürətlə idarə edərək xeyli yol gedərkən Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisinə çatmışdır və sərnişinlərdən biri düşmək istədiyini bildirmiş, buna görə də mikroavtobusu yolun sağ kənarına hərəkət hissəsində çəkib saxlamış, sərnişin avtomobildən düşmüşdür. Sərnişin düşdükdən təxminən 1 dəqiqə sonra mikroavtobusu hərəkət etdirmək istəyən zaman birdən idarə etdiyi mikroavtobusa arxa hissəsindən başqa avtomobilin zərbə ilə dəydiyini hiss etmişdir. Toqquşmadan sonra zərbənin təsirindən hər iki avtomobil xeyli hərəkət edib dayanmışdır. Hadisə zamanı o, xəsarət almasa da, mikroavtobusda olan sərnişinlər xəsarət almışlar. Yolun sağ hərəkət cərgəsində dayanmış Cavabdeh2 idarə etdiyi «Ford Transit» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Ford Transit» markalı mikroavtobusun sərnişinləri X3 «İİİ dərəcəli travmatik şokla müşayiət olunan sağ baldır sümüklərinin açıq, çoxqəlpəli, yerdəyişən sınığı yumşaq toxuma defekti ilə, sol bud sümüyünün travmatik çıxığı, 37-38 həftəlik hamiləliyin ciftin posttravmatik qopması ilə əlaqədar pozulması» kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır, İddiaçı sol baldır sümüklərinin orta 1/3-nin açıq, qəlpəli sınıqları, sağ topuqların qapalı sınıqları, sağ ayaq pəncəsinin yarımçıxığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır, X1 başın sağ təpə nahiyəsinin əzilmiş yaraları, sol baldırın əzilmiş yaraları, sol diz oynağının bağlarının zədələnməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, X2 baldırının sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan, X11 döş qəfəsinin, sağ baldırın və sağ pəncənin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan, X6 qarının kül travması, sağ topuq nahiyəsinin sıyrıntıları kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan, habelə «Ford Transit» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun əzilərək sahibi X18 9572 manat, «İsuzu yük» markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi X17 2415 manat məbləğində maddi zərər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 1(002)-306/2019 saylı hökmünə əsasən X13 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi üzrə zərərçəkən mülki iddiaçılar X19 və İddiaçı Ramiz qızı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası 1(103)-108/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 1(002)-306/2019 saylı hökmü dəyişdirilmiş, zərərçəkmiş şəxs mülki İddiaçı Ramiz qızının mülki iddiası qismən təmin edilmiş, vurulmuş maddi zərərə görə mülki cavabdeh X7 hər ay 150 manat olmaqla, ümumilikdə 4000 manatın alınaraq zərərçəkmiş şəxs mülki İddiaçı Ramiz qızına verilməsi, zərərçəkmiş şəxs - mülki iddiaçı X11 mülki iddiasının təmin edilməməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 17 iyun 2019-cu il tarixdə Cavabdeh2 Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yolun qadağan olunmuş hissəsində idarə etdiyi «Ford Transit» markalı, **-MK- *** dövlət qeydiyyat nişanlı mikroavtobusu saxlayaraq dayanma və ya durma qaydalarını pozması ilə əlaqədar hadisə baş vermişdir və nəticədə iddiaçı ağır xəsərat almışdır. Cavabdeh2 tərəfindən bu günə kimi iddiaçıya heç bir dəymiş zərərlə bağlı maddi köməklik etməmişdir. Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi YPX-nin inspektoru polis serjantı X12 xx.xx.2019-cu il tarixli, ******* nömrəli protokolu ilə Cavabdeh2 İXM-nin 346.1ci maddəsi ilə təqsirli bilinərək, 20 manat məbləğində cərimə edilmişdir. İşin hallarından görünür ki, 17 iyun 2019-cu il tarixdə baş vermiş yol qəza hadisəsi ilə bağlı hər iki cavabdeh şəxs təqsirli bilinmişdir və hadisə nəticəsində İddiaçı sol baldır sümüklərinin orta 1/3-nin açıq, qəlpəli sınıqları, sağ topuqların qapalı sınıqları, sağ ayaq pəncəsinin yarımçıxığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmuşdur. İddiaçı sağlamlığını hazırki günə kimi tam bərpa edə bilməyib və hazırda aldığı xəsarətlə bağlı müalicələri davam edir. Hadisə baş verdiyi gündən bu günə kimi 20.000 manat məbləğində iddiaçıya maddi ziyan dəymişdir. Lakin cavabdeh X13 Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarına əsasən müəyyən edilmiş 4000 manat maddi ziyandan cəmi 470 manat ödəniş etmişdir. Həmin məhkəmə tərəfindən müəyyən edilmiş maddi ziyan 4000 manat nəzərə alınaraq (20.000-4000=16000 manat) 16.000 manat maddi ziyan hesablanmışdır. Hal-hazırda hər iki cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyanla bağlı heç ödəniş olunmur, bütün xərclər iddiaçı tərəfindən qarşılanır. Dəymiş ziyanla bağlı bildirilmişdir ki, iddiaçı uzun müddətdir xəsarətlərlə bağlı müxtəlif vaxtlarda əməliyyat olunub, lakin xəsarət ağır olduğu üçün sümüklərdə bitişmə olmayıb, məcburiyyət qarşısında qalaraq yenidən həmin əməliyyat aparılıb. Bu müddət ərzində nəqliyyat xərcləri, dərmanların alınması, əməliyyata 20.000 manat vəsait xərclənmişdir. Həmin xərclərə dair sənədlər iddia ərizəsinə əlavə edilir. Belə ki, «X9-Bakı» MMC-nin xx.xx.2020-ci il tarixli arayışından müəyyən edilir ki, X8 diaqnozu; sağ ayaq baldırın qamış sümüyünün bitişməyən sınığı və osteomieliti (cərrah. əməliyyatından sonrakı vəziyyət). Şikayətlər: Ayaqda ağrı, hərəkət məhdudiyyəti, yara. Anamnesis morbi: Bir neçə müddət pəncə travma alıb, əməliyyat olunub, lakin şikayətlər davam etmə səbəbindan klinikaya müraciət edilib. Müalicə cərrahi: xx.xx.2020-ci il tarixdə ümumi anesteziya ilə xəstəyə «Yara debridmani» əməliyyat icra olunub. Nəticə: xx.xx.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Bundan başqa, həmin tibb müəssisənin 822/21 saylı, xx.xx.2021-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçı «X9-Bakı» MMCnin tabeçiliyində olan «X26» klinikasında həkim müayinəsində olmuşdur. Sol baldır sümüyünün açıq sınığı səbəbi ilə infeksiya əmələ gəlib əməliyyat olunmuşdur, ikinci dəfə Revizyon əməliyyatı nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı davamlı olaraq müalicə olunur, lakin xəsarət dərəcəsinin ağır olması səbəbindən yanının sağalmasına həm zaman, həm də mütəmadi tibbi müalicələrin olunması tələb olunur. Bu baxımdan, iddiaçının ailə üzvləri tərəfindən həm xəstənin müalicəsi üçün tələb olunan dərmanların alınması, nəqliyyat xərcləri, xüsusilə də həkimlərə və klinikada xəstənin saxlanmasına vəsait xərclənmişdir. Hazırda da müalicə davam etdiyi üçün əlavə vəsaitlər tələb olunur. Belə olan halda hesab edirlər ki, iddiaçının sağlamlığını bərpa etmək üçün hər iki cavabdehdən müştərək qaydada 16.000 manat məbləğində maddi ziyan tutulmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyib, iddianın təmin edilmənəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı X14, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə iddiaçı və cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə X8 iddiası əsassız olduğundan təmin edilə bilməz. Azərbnaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa İnsan hüquqları Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(103)-108/2020 saylı qərarından görünür ki, zərər çəkmiş şəxslər – mülki iddiaçılar X19 və İddiaçı Ramiz qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 1(002)-306/2019 saylı hökmü dəyişdirilmiş, zərər çəkmiş şəxs – mülki İddiaçı Ramiz qızının mülki iddiası qismən təmin edilmiş, vurulmuş maddi zərərə görə mülki cavabdeh X7 hər ay 150 manat olmaqla, ümumilikdə 4.000 manat pulun alınaraq zərər çəkmiş şəxs – mülki İddiaçı Ramiz qızına verilməsi, zərər çəkmiş şəxs – mülki iddiaçı X11 mülki iddiasının təmin edilməməsi, hökmün qalan hissəsində dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. 10 dekabr 2021-ci il tarixli, 822/21 saylı arayışdan (X26) görünür ki, İddiaçı «X10 - Baku» MMC-nin tabeçiliyində olan «X26» klinikasında həkim müayinəsində olmuşdur. Sol baldır sümüyünün açıq sınığı səbəbi ilə infeksiya əmələ gəlib, əməliyyat olunmuşdur. İkinci dəfə Revizyon əməliyyatı nəzərdə tutulmuşdur. - qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən cinayət işi üzrə zərər çəkmiş şəxs - mülki İddiaçı Ramiz qızının mülki iddiası qismən təmin edilmiş, vurulmuş maddi zərərə görə mülki cavabdeh X7 hər ay 150 manat olmaqla, ümumilikdə 4.000 manatın alınaraq zərər çəkmiş şəxs - mülki İddiaçı Ramiz qızına verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, fiziki şəxsin səhhətinə dəymiş zərərin ödənilməsinin mühüm şərtlərindən biri də zərərin real olmasıdır. Belə ki, iddiaçı ona vurulmuş real zərəri zəruri sübutlarla əsaslandırmaqla tələb edə bilər. Əlavə 16.000 manat məbləğində pul tələb edən iddiaçi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçının əlavə cərrahiyyə əməliyyatına ehtiyacı olubolmamasının, ehtiyac varsa bununla bağlı iddiaçıya əlavə maddi ziyan vurulubvurulmamasının, vurulmuşdursa hansı həcmdə (pul ekvivalentində) ziyan vurulduğunu müəyyən etmək üçün müvafiq ekspertizalar təyin etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» PHŞ-nin 26 dekabr 2022-ci il tarixli, 5202 saylı məktubla məhkəməyə göndərilmiş 16 noyabr 2022-ci il tarixli, 627/KEŞ saylı rəyindən görünür ki, müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir; məhkəmə-tibbi müayinə zamanı şikayətləri aşağı ətraflarda olan ağrılardan, şişkinliklərdən, qaralmadan, arada çirkin xaric olmasından, barmaqlarda olan hissiyatsızlıqdan və hərəkət zamanı ağrılardandır. İddiaçı Bakı Sağlamlıq Mərkəzinin travmatoloq-ortoped həkimi Sənan Aşirovun xx.xx.2022-ci il tarixinə müayinəsində olmuşdur. Müayinə zamanı xəstədə sağ aşıq-baldır oynağında deformasiya izlənilir. Sol qamış sümüyündə tam bitişməyən sümükləşmə qeyd olunur. Bununla əlaqədar travmanın ağırlığı səbəbindən hazırda xəstənin cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə olunmuş, ekspert Firəngiz Hüseynova-Kamalzadənin 23 aprel 2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün İddiaçı planlı cərrahiyyə əməliyyatına çəkiləcək ümumi dəyəri barədə həmin sahə üzrə ixtisaslaşmış cərrah tərəfindən tərtib edilmiş məlumatın təqdim olunması barədə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmiş, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Mərkəzə əlavə məktublar daxil olmuş, lakin həmin vəsatət təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müayinə olunması üçün aidiyyəti üzrə müraciət etməmiş, planlı cərrahiyyə əməliyyatına çəkiləcək ümumi xərc barədə ixtisaslaşmış cərrah tərəfindən məlumat tərtib edilməsi və təqdim olunması mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, onun iddiası təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «səhhətinə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «səhhətinə vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-23/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-23/2024
16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver