Məhkəmə qərarları › İş №2(002)-231/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-231/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-231/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 2074,49 manat əsas, 1200,82 mant faiz borcu olmaqla, cəmi 3275,31 manat borcun və 52,76 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3492/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 483nkADJ/18 saylı kreditli müqaviləsinə əsasən borcluya 96 ay müddətində illik 15% dərəcəsi ödəmək şərti ilə 4933 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizdə kredit borcalanın mülkiyyətinə kredit verir və borcalan isə həmin kreditdən məqsədli təyinatina uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.“X1 ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və kreditin təsdiq olunmuş hissə-hissə qrafikini pozmuşdur.Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" Kommersiya Bankı ASC-yə 2074,49 manat əsas, 1200,82 mant faiz borcu olmaqla, cəmi 3275,31 manat borcun yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında ısas borca dair iddia tələbini qəbul etdiyini lakin faizə dair iddia tələbi ilə razılaşmadığını bildirirək, iddianın qismən edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən-təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 483nkADJ/18 saylı kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı Cavabdeh 96 ay müddətinə, illik 15% olmaqla 4933 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının sürətindən görünür ki, Cavabdeh müqavilə üzrə "xxxx" Kommersiya Bankı ASC-yə 2074,49 manat əsas, 1200,82 mant faiz borcu olmaqla, cəmi 3275,31 manat borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 4933 manat krediti 96 ay müddətinə 15 faiz dərəcəsi ilə hər ayda 89 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür . İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıq məktubundan görünür ki, "xxxx" Kommersiya Bankı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-231/2023 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4632 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış mılumatları və xx.xx.2018-ci il tarixli 483nkADJ/18 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borcu üzrə- 2067,88 manat, faiz borcu üzrə- 1190,49 manat olmaqla, cəmi 3258,37 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azemis Elekton Məhkəmə Sistemində edilmiş sorğulardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9 –cu maddəsindən görünür ki , məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli 483nkADJ/18 saylı kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən 96 ay müddətinə, illik 15% olmaqla 4933 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfində müəyyən məbləğdə ödənişlər edilərək, müqavilə üzrə borcunu azaltmışdır, beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 9/4632 saylı ekspert rəyinə müvafiq olaraq iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2018-ci il tarixli 483nkADJ/18 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu üzrə- 2067,88 manat, faiz borcu üzrə- 1190,49 manat olmaqla, cəmi 3258,37 manat məbləğində borc pul tutulmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 52,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. X3 Məhkəmə Sistemində edilmiş sorğulardan göründüyü kimi Cavabdeh müharibə ilə əlaqədar 2-ci qrup əlilliyi müəyyən edildiyindən dövlət rüsumundan azaddır və bu səbəbdən cavabdehdən iddia tələbinin 52,76 manat məbləğində dövlət rüsumunun tutulması hissəsində təmin edilə bilməz, bu səbəbdən iddia tələbi qismən təmin edilməlidir. Həmçinin aparılmış ekspertiza təqdiqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 483nkADJ/18 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 9/4632 saylı ekspert rəyinə müvafiq olaraq əsas borcu üzrə- 2067,88 manat, faiz borcu üzrə- 1190,49 manat olmaqla, cəmi 3258,37 manat məbləğində borc pul tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 483nkADJ/18 saylı kredit müqaviləsi üzrə əsas borcu üzrə- əsas borcu üzrə- 2067(iki min altmış yeddi) manat, 88(səksən səkkiz) qəpik, faiz borcu üzrə- 1190(bir min bir yüz doxsan) manat, 49(qırx doqquz) qəpik olmaqla, cəmi 3258(üç min iki yüz əlli səkkiz) manat, 37(otuz yeddi) qəpik məbləğində borc pul tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC -nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat tekspertiza xərci tərəflərə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar