Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-232/2022 21.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «avtomobil üçün banka ödənilməli pulun cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «avtomobil üçün banka ödənilməli pulun cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyi üçün bankın ondan tələb etdiyi 20.347 manat məbləğində pulun və ödədiyi 152 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 04.02.2011-ci il tarixli AB seriyalı 398509 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Subaru Legacy» minik markalı **-KJ-*** dövlət qeydiyyat nömrəli avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili tanışı X3 xahişi ilə «Beynəlxalq Bank»dan 14.800 manat kredit götürərək, razılaşdıqları kimi ayda 543 manat olmaqla ödəməli idi. X1 banka olan kredit borcunu 5 ay ödədikdən sonra işdən çıxması səbəbi ilə ödəyə bilmədiyindən avtomobili Fəqan Səfərov adlı şəxsə 3.500 manata sataraq, aylıq ödəniş olan 543 manatı aybaay ödəməsi barədə razılaşmışdır. Lakin, Fəqan Səfərov banka olan aylıq 543 manat ödənişi bir müddət etməsinə baxmayaraq, sonra ödəniş edilməmiş və bank tərəfindən ona zəng olunaraq ödənişlərin olunmaması bildirilmişdir. Bu barədə Fəqan Səfərova bildirdikdə avtomobilin kredit borcunu ödəyə bilmədiyindən satmaq qərarına gəldiyi üçün tanışı Ramin Məmmədovun vasitəsi ilə avtomobili Elnur adlı şəxsə 200 manat müqabilində sataraq aylıq ödənişlərin onun tərəfindən ödənilməsi barədə razılığa gəlmişdir. Bundan başqa avtomobil qəzalı vəziyyətdə olduğundan ucuz satmasını və Cavabdeh tərəfindən avtomobil təmir etdirilərək aylıq ödəniş olan 543 manat banka ödənilməli idi. Banka ödənilməli olan aylıq ödənişlər ödənilmədiyi üçün o, Orxanla birlikdə Elnuru tapıb görüşmüşdür. Elnur ona söz vermişdir ki, avtomobilin bütün kredit borcunu bağlayacaqdır. Lakin sonradan krediti bağlmayıb və üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbədən hüquq mühafizə orqanına şikayəti əsasında Elnur adlı şəxs 2015-ci il tarixdə «Subaru Legacy» minik markalı avtomobili aldığını, amma sonra ödəniş edə bilmədiyindən avtomobili banka təhvil verdiyini bildirmişdir. Lakin bankın arayışına əsasən qeyd edilən avtomobil banka təhvil verilməmişdir. "xxxx" ASC ona qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmış və Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə 20.347 manat məbləğində borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Hazırda isə cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində faizə götürdüyü pulun faizləri artmış, o isə avtomobilsiz qalmışdır. Bununla bağlı ərazi üzrə Binəqədi rayon Polis İdarəsinə şikayət etsə də, şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh banka olan borcu bütövlükdə ödəməsi barədə öhdəlik götürməsinə baxmayaraq, həmin öhdəliyi icra etməməklə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmənin əvvəlki iclasında dindirilmiş X6 ifadəsində göstərmişdir ki, “Subaru Leqacy” markalı, **-KJ-*** dövlət nömrə nişanlı avtomaşını alsa da kredit borcunu ödəyə bilmədiyindən, avtomaşını dostu Elnura satmış və İddiaçı xahiş etmişdir ki, onun adına etibarnamə verilsin, həmçinin hər üçü bir yerdə oturub bu barədə söhbət etmişlər, yəni avtomaşını Elnur adlı şəxsə satarkən İddiaçı məlumatı olmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, onun vəkilinin çıxışını dinləyib, şahid ifadəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(103)-916/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun xeyrinə maddi ziyana görə 20.347 manat, nümayəndəsinə verdiyi etibarnaməyə görə ödədiyi dövlət rüsumuna görə 11 manat 50 qəpik, dövlət rüsumuna görə 30 manat, mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 30.388 manat 50 qəpiyin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X2 maddi ziyana görə 20.347 manat, məhkəmə xərclərinə görə 41 manat 50 qəpik olmaqla, cəmi 20.388 manat 50 qəpik pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(001)-3676/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 19 aprel 2013-cü il tarixli, 2(001)-1132/2013 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin İddiaçı qarşı «ipotekaya qoyulmuş avtomobilin hərracda satılması və kredit borcunun tutulması» tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamədən göründüyü kimi, İddiaçı məhkəmə iclasında iştirak etmiş, izahatında iddianı qismən qəbul etdiyini, bank tərəfindən cərimə məbləğinin həddən artıq çox hesablandığını nəzərə alaraq cərimənin azaldılmasını xahiş etmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «avtomobil üçün banka ödənilməli pulun cavabdehdən tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «avtomobil üçün banka ödənilməli pulun cavabdehdən tutulması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-232/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-232/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver