Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2322/2021 07.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 1996 ABŞ dolları əsas borcun, 13089,13 ABŞ dolları faiz borcunun, 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cəmi 8079 (səkkiz min yetmiş doqquz) ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, 13 iyun 2008-ci il tarixli K- 376/İF/MF saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq "xxxx" ASC (indiki ləğv prosesində olan "xxxx" ASC) tərəfindən Cavabdeh1 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" ASC (indiki ləğv prosesində olan "xxxx" ASC) ilə Cavabdeh2 arasında 13 iyun 2008-ci il tarixli Z-376/İF/MF saylı zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Cavabdeh2 kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddia ərizəsi veriləndən sonra halhazıradək cavabdehlər tərəfindən müəyyən ödənişlər olunmuş, ona görə də iddia tələbinin həcmi azaldılmışdır. Belə ki, 24.08.2021-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan göründüyü kimi 13 iyun 2008-ci il tarixli K-376/İF/MF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 hazırda əsas borcu, gecikməyə görə cərimə borcu, müqavilə müddəti başa çatdıqdan sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcu yoxdur, yalnız müqavilə müddəti üçün hesablanmış 8079 ABŞ dolları məbləğində faiz borcu vardır. Ona görə də hazırda həmin məbləğin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, həqiqətən onunla iddiaçı təşkilat arasında13 iyun 2008-ci il tarixli K-376/İF/MF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 8000 ABŞ dolları məbləğində borc pul götürmüşdür. Lakin mütəmadi olaraq ödənişlər aparmış, əsas borcundan əlavə olaraq xeyli məbləğdə ödənişlər etmişdir. 18 aylıq müqavilə müddəti üçün əsas borcdan da artıq məbləğdə faiz borcunun tələb edilməsi qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 iyun 2008-ci il tarixli K-376/İF/MF saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik faiz dərəcəsi 36% olmaqla 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə müddəti ərzində 2473 ABŞ dolları faiz borcunun ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 iyun 2008-ci il tarixli K-376/İF/MF saylı zaminlik müqaviləsindən görünür ki Cavabdeh2 Cavabdeh1 13 iyun 2008-ci il tarixli K-376/İF/MF saylı kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə zamin olmuşdur. İş materiallarında olan 24.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 iyun 2008-ci il tarixli K-376/İF/MF saylı kredit müqaviləsi üzrə hazırda əsas borcu, gecikməyə görə cərimə borcu, müqavilə müddəti başa çatdıqdan sonrakı dövr üçün illik 5% ilə hesablanmış faiz borcu yoxdur, yalnız müqavilə müddəti üçün hesablanmış 8079 ABŞ dolları məbləğində faiz borcu vardır. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsilu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə müqavilə ilə razılaşdırılmış faiz borcunu iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin cavabdeh borclu müqavilə öhdəliyini qismən yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə müddəti üçün ödənilməsi nəzərdə tutulan faiz borcu 2473 ABŞ dolları məbləğində razılaşdırıldığı halda, iddiaçı tərəfindən hazırda həmin müddət üçün 8079 ABŞ dolları tələb edilməkdə, eyni zamanda əsas borcun, gecikməyə görə cərimənin, müqavilə müddətindən sonrakı dövr üçün faiz borcunun olmadığı bildirilməkdədir. Belə olan halda, məhkəmə müəyyən edir ki, müqavilə müddəti üçün faiz borcu barədə iddia tələbi yalnız 2473 ABŞ dolları hissəsində əsaslı, qalan hissədə əsassız hesab olunmalıdır. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2473 (iki min dörd yüz yetmiş üç) ABŞ dolları məbləğində faiz borcu (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 6 (altı) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2322/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2322/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver