Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-239/2025 17.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşya və pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Elməddindən 7663.02 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 26 yastıq maisondor eko, Alez pima cotton villur 180x200, yastıq korolina 50x50, Pastel gilan pambıq tək 160x200, dəsmal purry 50x90, desmal purry 70x140, qətvə zəhra 100x150, qətvə zəhra 70x130, qətvə zəhra 50x80, pastel qutu moon star taxt, yay yorğanı 6 viktoriya taxt, yorğan vilur laperla taxt, 55 yastıq moon star 50x70, Alkhane ədyal, Soft cotton 2-li, çay dəsmalı 5-li, çay dəsmalı 6-lı, çay dəsmalı sarı, Maison dor lepkalı, durul, şikel, ipek, gardines taxt, maison dor xalat, süfrə, süfrə 10:52 sarı paket, spiderman, lol bebe, blumarin ədyal, pastel miray paket, divan üstü 3123, divan üstü, divan üstü, divan üstü tək əşyalardan, onlar olmadıqda onların dəyəri olmadıqda 2183.20 AZN mebel və avadanlıqları üçün 1000 AZN, qüsurlu mallara görə ziyan olaraq 4153.30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 10 aprel 2024-cü ildə Cavabdeh ilə aralarında olan şifahi və yazılı danışığa əsasən qaimə dəyəri 10.236,50 (Bir on min iki yüz otuz altı manat - 50 qəpik) tekstil malını təhvil verib qarşılığını 4 ay (may, iyun, iyul və avqust) hissəli pul şəklində ödənilməsi razılığına gəlmişdilər. Əldə olunmuş razılığa əsasən xx.xx.2024-cü il tarixindən qaimə dəyəri 10.236,50 (Bir on min iki yüz otuz altı manat 50 qəpik) tekstil malı sayılaraq təhvil verilib.Təhvil verilmiş malının qarşılığı pul şəklində 4 ay (may, iyun, iyul və avqust) hissəli şəkildə ödənildiyi təqdirdə tekstil malları üçün olan mebel və digər avadanlıqları (3500.00 (üç min beş yüz) manat dəyərində) alacağını qəbul etmişdir. Malları təhvil aldığı zaman ayın sonuna kimi 3500.00 azn ödəməyi öhdəsinə götürmüşdür. Lakin mebel və digər avadanlıqların dəyərinin bir hissəsini may ayının sonuna kimi (2500,00-iki min beş yüz manat 00 qəpik) ödəmişdir. 1000,00 (bir min manat- 00 qəpik) borc qalmışdır. 4 ay bitdikdən sonra sahil qəsəbəsində görüşüb, ödənişi nə üçün vermədiyini müzakirə etdilər. Razılaşdırılmış müddət keçməyinə baxmayaraq verəcəyi barədə dəqiq tarix bildirmədi. Buda qarşılıqlı razılaşmanı bir daha pozduğunu göstərir. Sentyabr ayının əvvəllərində ortaq tanış vasitəsilə bir araya gəldilər .Bu zamanda borcunun olmadığını və heç bir malı geri verməyəcəyini bildirdi. Yekun olaraq götürdüyü malı təsdiq etsədə malları əsgik qaytardı. Yəni 8053.30 azn-lik (səkkiz min əlli üç-manat - 30 qəpik) malı qüsurlu formada ortaq tanışının obyektinə təhvil verdi. Bundan sonra qalan malı satdığı üçün ödənişi nə zaman vercəyini soruşsanda verməyəcəyini bildirdi. Burdan belə qənaətə gəlmək olar ki, Cavabdeh 10.236.50 (bir on min iki yüz otuz altı-manat 50 qəpik) malı qaiməyə əsasən təhvil alsada 2183.20 (iki min yüz səksən üç manat - 20 qəpik) dələduzluq edib mənimsəmişdir. Bundan əlavə təhvil verdiyi malları qüsurlu formada (satışa yararsız) təhvil vermişdir. Təhvil verdiyi malları alıcılar hal-hazırda 4000.00 (dörd min manat-00 qəpik) dəyərində qiymətləndirir. Malı özündə saxlayıb ödəniş etmədiyi üçün pulun zaman dəyəri olaraq 426.52 (Dörd yüz iyirmi altı manat - 52 qəpik) əlavə ziyan dəymişdir.
4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddələrinə istinad etmişdir.
5. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə 4 ay geri ödənilməsi şərtilə 10236.50 manatlıq mal vermişdi. Təhvil verilmiş malın satılaraq, qarşılığı pul şəklində 4 ay (may, iyun, iyul və avqust) hissəli şəkildə ödənilməli idi. Bundan başqa, mağazada olan 3500 manat dəyərində mebel və digər avadanlıqları cavabdehə nisyə satmışdır. Malları təhvil aldığı zaman ayın sonuna kimi 3500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin məbləğdən sadəcə 2400 manat ödəmişdir, 1100 manat borcu qalmışdır. O, 10236.50 manat maldan 8053.30 manat malı qüsurlu formada 5 ay sonra geri qaytarmışdır, orada isə onun o 2183.20 manat borcu qalmışdır. Qaytardığı mallar qüsurlu olduğuna görə o əşyaları 8053.30 manata yox, onun yarısı qiymətinə sata bilir, çünki digər topdansatıcılar malı ondan yarıbayarı qiymətə alabiləcəklərini dedilər. Burada da o 4000 manat ziyana düşür. O həmin malı satmaq üçün mağaza açmalı, işçi götürməli, neçə aya satacağını da bilmir. Cavabdehlə bağlı şifahi qaydada Polis İdarəsinə müraciət etsə də, oradan iş mülki xarakterli məsələ olduğuna görə ona məhkəməyə müraciət olduğunu bildirdilər. Cavabdehlə “Whatsapp” yazışmaları var, bundan da əlavə olaraq malı cavabdeh təhvil alarkən işçi də şahid olub. Cavabdehin qaimələrdə imzası var. Cavabdehin bir neçə dəfə evinə getsə də o, pulu ödəməyəcəyini bildirmişdir. İddia ərizəsində qeyd etdiyi 426.52 manat məbləğ bununla bağlıdır ki, cavabdeh malı 5 ay sonra qüsurlu qaytardığına, həm də Azərbaycan Respublikası Mərkəzi Bankın 2023-cü il üzrə inflyasiya dərəcəsinin 10 faiz olduğunu qeyd etdiyinə və pul dəyərdən düşdüyünə görə yuxarıda qeyd etdiyi məbləği hesablamışdır. Sonu 3009 nömrəsi ilə bitən kart onun kartıdır. Mebellərə görə cavabdehin ona 3500 manat borcu vardı. O, ona həmin məbləğə görə 100 manat beh atmışdı. O, mebellerə görə ona 2500 manat ödəyib, qalan 1000 manatı isə ödəməyib. Digər malın qiyməti 10000 manat idi, cavabdehlə razılığa əsasən o, malı 4 aya sata biləcəyi təqdirdə ona 1200 manat endirim edəcəkdi. Lakin o, malı sata bilmədi. Onun VÖEN-i yoxdur, VÖEN almağa da ehtiyac olmayıb. Cavabdeh 8053 manatlıq malı təhvil verməsi barədə təhvil-təslim aktını məhkəməyə təqdim etsin, lakin təqdim ed bilmir. Deməli həmin mallar qayıtmayıb. Qaimə də “Whatsapp” vasitəsi ilə cavabdehə göndərilmişdi.
7. Cavabdeh məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçılə danışıqlarının mahiyyəti belə olmuşdur ki, Orxan ona Sədərək ticarət mərkəzində mağaza icarəyə vermişdir. Mağazanın içərisindəki mebel və avadanlığın nisyə alqısatqısına dair, eyni zamanda, Orxana məxsus məişət avadanlıqları, cehizlik malların və s həmin mağazada qalması və onların 1 neçə ay ərzində satılaraq pulunun İddiaçı ödənilməsi barədə razılığa gəlmişlər. Orxan ona satış üçün 10236.50 manat deyil, 8800 manat dəyərində tekstil malını təhvil vermişdi. İddia ərizəsinə əlavə olunmuş təhvil-təslim aktını (qaimələr) o imzalamamışdır. 8800 manatlıq tekstik mallarının hamısını o, xx.xx.2024-cü il tarixdə qaytarmışdır. Həmin sənəd mötəbər sübut deyil. “Bu günə qədər satılanlar” adlı iddiaçı tərəfindən təqdim olunmuş siyahıda göstərilən 35 ədəd malın hər biri ona elan edildi, həmin malların hamısı qeyd etdiyi tarixdə iddiaçıya qaytarılmışdır. Çünki Orxanın malları sintetik və keyfiyyətsiz idi, satılmırdı, qalın yorğanlar vardı və o da yay aylarında qalın yorğan sata bilməzdi, müştərilər yay aylarında qalın yorğan almaz. İddiaçı ondan pul istəyərək onu bezdirirdi. O malının satıla bilmədiyini iddiaçıya dedi və onunla görüşmək istədiyini bildirdi. Onunla Sahil qəsəbəsində görüşdü və artıq onun malını satmayacağını və malını çölə tökəcəyini bildirdi. Lakin o, onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edəcəyi hədələdi. Bir neçə gün sonra ona “Sədərək” Ticarət Mərkəzində işləyən iş yoldaşı ona dedi ki, “səninlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən maraqlanıblar”. O isə onunla maraqlanan həmin idarənin əməkdaşı ilə telefonla danışdı. O, onu idarəyə dəvət etdi, idarəyə getdi. Otaqda o, onunla telefonla danışan şəxs, iddiaçı və daha bir neçə şəxs vardı. Həmin şəxsə iddiaçının malını satmaq istəmədiyini bildirdi. O isə həmin malın artıq özünə aid olduğunu və malın onun mağazasından götürüləcəyini bildirdi. O da bununla razılaşdı. Daha sonra bir neçə şəxs mağazasına gəlib iddiaçının malının keyfiyyətsiz olduğunu gördülər. Həmin şəxslər ona dedilər ki, “sən bir gün gözlə, onlar malın vəziyyəti ilə bağlı iddiaçıya bildirək, bəlkə razılığa gəldiniz”. O onlara dedi ki, əgər iddiaçı malın qiymətində 50 faiz endirim edirsə o onun malını mağazasında satmağa razı olacaq. Bu da təxminən 4000 manatdan bir qədər artıq məbləğ edir. İddiaçının tələb etdiyi 4000 manat məsələsi oradan yaranıb. O bir gün gözlədi, lakin razılıq olmadı. Bir neçə şəxs iddiaçının malını onun mağazasından götürüb, başqa mağazaya apardılar. O zaman təhvil-təslim aktı olmayıb. İddiaçını mağazaya çağırsa da o, mağazaya gəlmədi. Malın onun mağazasından çıxarılmasını görən şahidlər var, həmin malı daşıyan fəhlələr şahiddir. Mal aparılan zaman onu videoya çəkmişdir. Həm də malın aparılması barədə iddiaçıya məlumat vermişdir, bununla bağlı “Whatsapp” yazışmaları var. İddiaçı ona dedi ki, “ondan əl çəkməyəcək”. O mebelə görə iddiaçı qarşısında öhdəlik götürmüşdü, həmin öhdəliyini də yerinə yetirib. Malları qaytaranda imzalı təhvil-təslim aktı tərtib etməmişdir. Çünki İddiaçı özünü çağırsa da, o gəlməmiş, Sədərək ticarət mərkəzində fəhlələr vasitəsilə arabalara yığıb malları göndərmişdir. Mebel və digər avadanlıqların alqı-satqısı üçün 3500 manat razılaşdıqlarını qəbul edir, lakin həmin puldan 2400 manatını iddiaçının kartına göndərmişdir. Sonu 1005 nömrəsi ilə bitən kart onun kartıdır, sonu 57 nömrəsi ilə bitən kart iddiaçının kartıdır. Mebellərin qalan pulunu isə Sədərək ticarət mərkəzinin məsul şəxslərinə verərək əvəzləşdirmişdir, bu barədə İddiaçılə danışıqları olmuşdur. Yəni mebelin pulunun hamsını da iddiaçıya ödəmişdir. İddia tələbini zərər və ya digər hissələrdə də qəbul etmir. Belə ki, malların yarı qiymətə satılması sözünü iddiaçı ilk dəfə onun özündən eşitmişdir. İddiaçının onun icarəyə götürdüyü mağazaya tökdüyü mallar keyfiyyətsiz olduğundan satılmırdı. Buna görə, o, Orxana bildirdi ki, həminmalları yarı qiymətə satışına razı olsun bəlkə satılar. İddaçı bununla bağlı zərəri əsaslandırmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd olunmasını xahiş edir.
Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
567. alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. Peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. Vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 786.4. Tapşırıq müqaviləsinə xitam verilməsi vəkalət alana məlum olanadək onun həyata keçirdiyi əqdlərdən vəkalət verən və ya onun vərəsəsi üçün tapşırıq müqaviləsinə xitam verilmədiyi halda əmələ gələ bilən öhdəliklər əmələ gəlir. 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
10. İşin məhkəmə aidiyyəti ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, b məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
12. Məhkəmənin sorğusuna əsasən əld edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3-21-2-1/2-2944/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində X1 (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması və fəaliyyət növünün “Döşəkağı, süfrə və məhraba kimi məişət toxuculuq məmulatlarının pərakəndə satışı” olması barədə məlumat mövcuddur. Vergi ödəyicilərinin dövlət reyestrində X2 təsərrüfat subyektinin (obyektinin) uçotda olması barədə məlumat mövcud deyildir. Vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınması barədə məlumat mövcud deyildir.
13. Belə olan halda, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılması məhkəmə tərəfindən mümkün hesab edilmişdir.
b) Əsaslandırma
14. İddia qismən əsaslıdır.
15. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, iddia tələbinə iki hissədə yanaşmaq lazımdır.
16. Belə ki, hər iki tərəfin izahatlarından aydın olur ki, tərəflər arasında şifahi şəkildə, mebel və avadanlıqların nisyə alqı-satqısı müqaviləsi (3500 manat) və tekstil mallarının satışı barədə tapşırıq müqaviləsi bağlanmışdır. İddiaçı maliyyə arayışı təqdim edərək tələb etdiyi məbləği belə əsaslandırmışdır: əskik mal üzrə - 2183,20 manat, mebel və avadanlıqlar üçün ödənilməyən məbləğ – 1000 manat; , qüsurlu mallar üçün ziyan – 4- 53,30 manat və Mərkəzi Bankın illik inflyasiya faizi 10% (5ay) üzrə - 426,52 manat, cəmi 7663,02 manat.
17. İlk müqavilə ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində mebel və avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin əşyaların 3500 manat dəyərini nisyə ödəməyi öz öhdəsinə götürmüşdür.
18. İş materiallarına əlavə edilmiş sübutlardan aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini nisyə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, mebelin dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.
19. İş materiallarında olan bank kartları vasitəsilə köçürmə əməliyyatlarının qəbzindən aydın olur ki, cavabdeh tərəfindən iddiaçının kart hesabına xx.xx.2024-cü il tarixdə 1400 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat köçürülmüşdür. Hər iki tərəf göndərilən bank kartının iddiaçıya, göndərən bank kartının cavabdehə məxsus olmasını etiraf etmiş və cavabdeh köçürülən 2400 manatın məhz mebel avadanlığa görə ödənildiyini. Bildirmişdir.
20. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin mebel alqı-satqısı üzrə 1100 manat məbləğində qalıq borcunun yaranması, iddia tələbinin həmin hissədə 1000 0manat təşkil etməsi (iddiaçı 100 manatı güzəşt etdiyini bildirmişdir) nəzərə alınaraq və cavabdeh mebel alqı-satqısı üzrə bütün borcunu bağladığını bildirsə də, etirazının əsaslarına dair sübut təqdim edə bilmədiyindən, iddia tələbi 1000 manat hissədə təmin edilməlidir.
21. İddia tələbinin tekstil mallarının qaytarılması və ya onların dəyərini təşkil edən 2183,20 manat məbləğin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin izahatlarının məzmunundan aydın olur ki, iddiaçı öz tekstil mallarını cavabdehə icarəyə verdiyi mağazada saxlayaraq onların satılması və dəyərinin 4 ay ərzində ödənilməsi barədə cavabdehlə şifahi tapşırıq müqaviləsi bağlamışdır.
22. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 786.1-ci maddəsinə əsasən, həmin müqaviləyə malların iddiaçıya qaytarılması barədə vəkalət alanın iradə ifadəsini bildirdiyi andan xitam verilmişdir. Bu barədə tərəflər arasında mübahisə yoxdur.
23. Tərəflər arasında mübahisə iddiaçı tərəfindən cavabdehə təhvil verilən tekstil mallarının dəyəri və həmin malların bir hissəsinin qaytarılıb-qaytarılmaması ilə bağlıdır.
24. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
25. Həmçinin, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
26. İddiaçının cavabdehə satılması üçün təhvil verdiyi mallara dair təqdim etdiyi sübut - xx.xx.2024-cü il tarixli 0046153, 0046155, 0046159, 0046160, ******* nömrəli qaimələrdən (təhvil təslim aktları) ibarətdir.
27. Cavabdeh həmin qaimələrdəki imzaların ona məxsus olmadığını bildirdiyi üçün iş üzrə məhkəmə xətşünaslıq-ekspertizası təyin edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/694 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2024-cü il tarixli 0046153, 0046155, 0046159, 0046160, ******* nömrəli təhvil təslim aktlarında “təhvil aldı” qrafalarında öndə (kserosurətləri mülki işin 7-9cu vərəqlərindədir) əks olunmuş imzalar- Cavabdeh tərəfindən icra olunmuşdur.
29. Göründüyü kimi, qeyd edilən qaimələrdə əks etdirilən qiymətə, əks etdirilən növdə və sayda malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi barədə işin halı sübut edilmişdir.
30. Belə olan halda, malların qaytarılmasını sübut etmə yükü cavabdehin üzərində düşür. Cavabdeh təhvil aldığı malların hamısını fəhlələr vasitəsilə iddiaçıya qaytardığını, lakin bu barədə rəsmi təhvil-təslim aktı imzalanmadığını bildirmişdir.
31. İddiaçı tərəfindən təqdim edilmiş “B günə qədər satılanlar” adlı siyahıda 26 yastıq maisonder eko-15 manat, Alez pima cotton vilur 180x200-38 manat, yastıq korolina 50x50-2.20 manat, pastel gilan pambıq tək 160x200-20 manat, Desmal purry 50x90-30 manat, desmal purry 70x140-50 manat, Qətvə zəhra 100x150-210 manat, Qətvə zəhra 70x130-61.60 manat, Qətvə zəhra 50x80-23.40 manat, pastel qutu moon star taxt-69 manat, yay yorğanı 6 viktoriya taxt-36 manat, yorğan vilur laperla tək-28 manat, 55 yastıq moon star 50x70-25 manat, alkhane ədyal-575 manat, soft cotton 2-li-60 manat, çay dəsmalı 5-li-35 manat, çay dəsmalı 6-lı-21 manat, çay dəsmalı 3-lü-18 manat, çay dəsmalı sarı-45 manat, maison dor tüllü-24 manat, maison dor lepkalı-15 manat, durul-16 manat, şikel-16 manat, ipək-9 manat, gardines taxt-315 manat, maison dor xalat-90 manat, süfrə- 35 manat, süfrə 10:52 sarı paket-50 manat, spiderman-24 manat, lol bebe-12 manat, blumarin ədyal-38 manat, pastel miray paket-38 manat, divan üstü 3123-65 manat, divan üstü-50 manat, divan üstü-4 manat, divan üstü tək-20 manat olmaqla, cəmi 2183.20 manat mallar qeyd edilmişdir.
32. Məhkəmə iddiaçının təqdim etdiyi “bu günə qədər satılanlar” adlı siyahıda əks edilmiş, qaytarılmaması iddia olunan əşyaları, cavabdehin təhvil aldığı 0046153, 0046155, 0046159, 0046160, ******* nömrəli qaimələrdəki əşyalarla eyniləşdirərək qeyd edir ki, həmin əşyalardan yalnız 34-cü əşyanın (1 ədəd divan üstü 4,00 manat) qiyməti qaimələrdə əks etdirilən adekvat əşyanın qiymətinə uyğun deyil. Qalan bütün əşyalar qaimələrdəki əşyanın adı, növü və dəyəri ilə uyğun olduğu və cavabdeh əşyaları məhz həmin qiymətə satmaq üçün qəbul etdiyi üçün məhkəmə qaytarılmayan əşyaların qiymətinin müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına ehtiyac görməmişdir.
33. Odur ki, bu günə qədər satılanlar” adlı siyahıda əks edilmiş 34-cü əşya (1 ədəd divan üstü 4,00 manat) istisna olmaqla qalan əşyaların (2179,20 manat dəyərində) cavabdeh tərəfindən qaytarılmaması barədə iddiaçının dəlillərini məhkəmə sübut edilmiş hesab edir.
34. Həmin əşyaların və ya onların dəyərinin qaytarılması barədə tələbin qanuni əsası olaraq məhkəmə qeyd edir ki, cavabdeh əşyaların sintetik və keyfiyyətsiz olması səbəbindən satışının icra edilməsinin mümkün olmamasını və malları gəlib götürməsi barədə iddiaçıya özünün məlumat verdiyini bildirmişdir məhkəmə iclaslarında dəfələrlə qeyd etmiş, iddiaçı malların götürülməsi barədə cavabdehin ona məlumat verməsini inkar etməmişdir.
35. Belə olan halda, vəkalət alanın (Elməddin Çıraqalıyev) malların satışı barədə tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində zərərin dəyməsi məhkəmə araşdırması zamanı sübut edilmədiyindən (MMnin 779.1-ci maddəsinin tələbi), onun tərəfindən vəkalət verənə (İddiaçı) dəymiş zərər üçün məsuliyyət daşıması barədə öhdəlik qoyula bilməz.
36. Lakin məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, cavabdeh tərəfindən malların bir hissəsinin iddiaçıya qaytarılmamasının sübut edildiyindən, iddiaçının həmin hissədə vindikasiya iddiası (MM 157.1) əsasında tələb hüququ yaranır.
37. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır.
38. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
39. Sadalanan hüquq normasına görə, əmlakını digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir.
40. Məhkəmə müəyyən edir ki, iddiaçının təqdim etditi, “bu günə qədər satılanlar” adlı siyahıda göstərilən əşyaların (1 ədəd divan üstü 4,00 manat istisna olmaqla) mövcud olması, iddiaçının mülkiyyəti olması, eləcə də onların faktiki olaraq cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması ilə bağlı MM-nin 157.2-ci maddəsinin dispozisiya şərti hazırkı işin halları ilə təsdiq edilmişdir.
41. Beləliklə, iddia tələbi, bu günə qədər satılanlar” adlı siyahıda əks edilmiş “bu günə qədər satılanlar” adlı siyahıda göstərilən əşyaların (1 ədəd divan üstü 4,00 manat istisna olmaqla) əşyaların, həmin əşyalar olmadıqda isə, MPM-in 222-ci maddəsinə əsasən, əşyaların dəyəri olan 2179,20 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
42. Tələbin qüsurlu mallar üçün ziyan qismində 4053,20 manat ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçı tapşırıq müqaviləsi əsasında cavabdehə verdiyi mallardan qaytarılanların qüsurlu olmasına dair hər hansı sübut təqdim etmədiyindən, həmin hissədə tələb təmin edilə bilməz.
43. İddia tələbinin mərkəzi bankın illik inflyasiya faizi 10% ödənilməklə, cavabdehdən 426,52 manat məbləğində pulun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. https://e-qanun.az/framework/46944Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
44. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan və ya qaytarmamaqdan irəli gəlmədiyi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi ilə bağlı olduğundan həmin hissədə də iddia təmin edilə bilməz.
Məhkəmə xərcləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş tələblərə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 51.80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli və ekspertiza xərci olan 120 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə
47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3179.20 manat məbləğində pul vəsaiti və 51.80 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 6 ədəd, 26 yastıq maisonder eko; 1 ədəd Alez pima cotton vilur 180x200; 1 ədə yastıq korolina 50x50; 1 ədəd pastel gilan pambıq tək 160x200; 6 ədəd Desmal purry 50x90; 5 ədəd desmal purry 70x140; 21 ədəd Qətvə zəhra 100x150; 11 ədəd Qətvə zəhra 70x130; 9 ədəd Qətvə zəhra 50x80; 3 ədəd pastel qutu moon star taxt; 4 ədəd yay yorğanı 6 viktoriya taxt; 1 ədəd yorğan vilur laperla tək; 5 ədəd, 55 yastıq moon star 50x70; 25 ədəd alkhane ədyal; 6 ədəd soft cotton 2-li; 5 ədəd çay dəsmalı 5-li; 3 ədəd çay dəsmalı 6-lı; 3 ədəd çay dəsmalı 3-lü; 5 ədəd çay dəsmalı sarı; 3 ədəd maison dor tüllü; 1 ədəd maison dor lepkalı; 2 ədəd durul; 2 ədəd şikel; 1 ədəd ipək; 3 ədəd gardines taxt; 2 ədə maison dor xalat; 1 ədəd süfrə; 2 əddə süfrə 10:52 sarı paket; 2 ədəd spiderman; 1 ədəd lol bebe; 1 ədəd blumarin ədyal; 1 ədəd pastel miray paket; 1 ədəd divan üstü 3123; 1 ədəd divan üstü; 2 ədəd divan üstü tək” dan ibarət əşyalar, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyərini təşkil edən, 2179,20 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Mebel alqı-satqısı üzrə 1000 manat ödənilməmiş pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 51.80 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli, 4/694 nömrəli ekspertiza tədqiqatının ümumi dəyəri olan 120 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına (VÖEN: **********, Hesab № AZN: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC Mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialının kodu: **********; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova