Məhkəmə qərarları › İş №2(002)-2409/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2409/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2409/2024 04.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 "xxxx" ASC arasında 36 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4582 manat kreditin verilməsi barədə 01 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmin etmək üçün Cavabdeh1 bank ilə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2015-ci il tarixli tələb hüququnun güzəşt edilməsi müqaviləsinə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Hazırda AZEMİS Elektron Məhkəmə Sistemindən görünür ki, əsas borclu Cavabdeh2 xx.xx.2023-cü il il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh2 barəsində vərəsəlik işi açılmamışdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Zaminlik müqaviləsi kreditorla zamin lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras emlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun,eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar.Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, əsas borclu Cavabdeh2 iddia qaldırılmamışdan əvvəl vəfat etdiyindən, iddiaçı ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək, öhdəliyin icrasını onlardan tələb etməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminlərə qarşı tələb irəli sürməlidir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh2 barəsində vərəsəlik işi açılmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, portalda əsas borclu Cavabdeh2 ölümünə görə elektron portalda vərəsəlik işinin açılmaması onun vərəsələrinin olmamasına dəlalət etmir. Bank bu yolla yalnız formal üsulla qəbul etmiş vərəsələrin dairəsini müəyyən edə bilər, vərəsəliyin isə qəbul edilməsinin yeganə üsulu formal üsul deyildir, vərəsələr həm də qeyri-formal üsulla -faktiki yolla qəbul edə bilərlər. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur miras emlaka faktiki sahiblik etmək və miras Əmlakı faktiki idarə etmək. İddiaçı Bank isə əsas borclu Cavabdeh2 vərəsələrinin dairəsini müəyyən etmək üçün mövcud olan bütün vasitələrdən istifadə etməmiş, mirasın qeyri-formal üsulla qəbul edəcək vərəsələrinin olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusi Məhəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Plenum həmçinin qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtesdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras Əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilməmişdir.Bu səbəbdən iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 51, 15 manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 51,15 manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar